Gəncədə iki peşə məktəbinin və liseyin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb
Digər xəbərlər

Gəncədə iki peşə məktəbinin və liseyin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb

Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən aparılan yoxlama nəticəsində həmin Agentliyin tabeçiliyində olan 1 və 2 nömrəli Gəncə Peşə məktəblərində və 3 nömrəli Gəncə Peşə Liseyində bir sıra qanun pozuntularının müəyyən olunması barədə Baş Prokurorluğa ünvanladığı müraciət aidiyyəti üzrə araşdırılması üçün Gəncə Şəhər Prokurorluğuna göndərilib.

Gəncə Şəhər Prokurorluğundan AZƏRTAC-a bildirilib ki, aparılmış araşdırmalarla təhsil müəssisələrinin vəzifəli şəxsləri tərəfindən qulluq mövqelərindən istifadə edilməklə 1 nömrəli Gəncə Peşə Məktəbində 34 min, 2 nömrəli Gəncə Peşə Məktəbində 25 min, 3 nömrəli Gəncə Peşə Liseyində isə 32 min manat məbləğində ziyan vurulmaqla həmin vəsait talandığı müəyyənləşdirilib.

Fakta görə Cinayət Məcəlləsinin 179.2.2-ci, 179.2.3-cü, 179.2.4-cü (mənimsəmə və ya israf etmə təkrar, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

AZƏRTAC