Gəncədə ağacların qanunsuz çıxarılması ilə bağlı cinayət işi başlanıb
Digər xəbərlər

Gəncədə ağacların qanunsuz çıxarılması ilə bağlı cinayət işi başlanıb

Gəncə şəhəri Nizami rayonu ərazisində ağacların qanunsuz çıxarılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş material əsasında Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılıb.

Şəhər prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, aparılmış araşdırmalarla həmin ərazidə qeyri-yaşayış binasının tikintisini, özəlləşdirilməsini və digər işlərin görülməsini etibarnamə əsasında əldə etmiş Gəncə şəhər sakini Ədalət Heydərovun şəhər icra hakimiyyəti tərəfindən həmin tikinti obyekti ilə bağlı sənədləri hazır etdikdən sonra obyektin ərazisində yerləşən ağaclıq-kolluq sahəni çıxarıb digər bir yerə əkilməsi hüququnu əldə etdiyini düşünərək qeyd olunan ünvandakı obyektin qarşısındakı 27 kolu və 2 ağacı yerindən qanunsuz çıxardığı müəyyənləşdirilib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 259.1-ci (meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi xeyli miqdarda ziyan vurduqda) maddəsi ilə cinayət işi başlanıb. İstintaqın aparılması Gəncə Şəhər Baş Polis İdarəsinin istintaq və təhqiqat idarəsinə tapşırılıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

AZƏRTAC