GƏNCƏ: UŞAQLARIN MƏKTƏBƏ HAZIRLIĞINA DƏSTƏK
Region

GƏNCƏ: UŞAQLARIN MƏKTƏBƏ HAZIRLIĞINA DƏSTƏK

Gəncə Şəhər İcra Hakimiyyətinin, şəhər Təhsil İdarəsinin, Yeni Azərbaycan Partiyasının dəstəyi, Azərbaycan Rus İcmasının, Rusiya  Səfirliyinin, Mədəniyyət və İnformasiya Mərkəzinin, “Rossotrudniçestvo”nun Azərbaycandakı Nümayəndəliyinin, habelə “VTB” Bankın təşkilatçılığı ilə Gəncə şəhərində “Uşaqların məktəbə hazırlığına dəstək ol!” aksiyası çərçivəsində tədbir keçirilib.

Möhtəşəm Heydər Əliyev adına Park-Kompleksində gerçəkləşən tədbirdə  Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Azərbaycanın Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin , “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəsinin rəhbəri İrek Zinnurov, Azərbaycandakı “Rus Dili Müəllimləri” Assosiasiyasının sədri Lyubov Yakunina, millət vəkili Naqif Həmzəyev,  struktur rəhbərləri, şagird və müəllimlər iştirak ediblər.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov qeyd edib ki, Azərbaycanla Rusiya  arasında münasibətlər, ikitərəfli əlaqələr uğurla davam edir. Keçirilən aksiya iki ölkə arasında olan səmimi münasibətin bariz nümunəsidir. Şəhər rəhbəri  ilk dəfə məktəbə qədəm qoyan şagirdləri də təbrik edib, yeni tədris ilində hər birinə müvəffəqiyyətlər arzulayıb. Milli Məclisin deputatı  Mixail  Zabelin onların Vətənə və cəmiyyətə layiqli övlad kimi böyüyəcəyinə əmin olduğunu bildirərək Gəncəyə səfərindən çox məmnun olduğunu qeyd edib. Çıxışlardan sonra, Gəncə  Uşaq-Gənclər və İnkişaf Mərkəzinin üzvləri, habelə təhsil müəssisələrinin istedadlı şagirdlərinin təqdimatında  şeirlər səsləndirilib,  rəqslər nümayiş etdirilib.

Sonda, birinci sinif şagirdlərinə təşkilatçılar tərəfindən məktəb ləvazimatları hədiyyə olunub.

            Zabit  XƏLİLOV,

            “Respublika”.