GƏNCƏ: STASİONAR MÜALİCƏ ALAN VƏTƏN MÜHARİBƏSİ İŞTİRAKÇILARI ZİYARƏT OLUNUB
Region

GƏNCƏ: STASİONAR MÜALİCƏ ALAN VƏTƏN MÜHARİBƏSİ İŞTİRAKÇILARI ZİYARƏT OLUNUB

Müzəffər Ali Baş Komandan İlham Əliyevin  rəhbərliyi altında 44 günlük müharibədə qazandığımız Zəfər, xalqımızın minlərlə qəhrəman övladının canı-qanı bahasına, əsgər və zabitlərimizin, cəbhəyə könüllü yollanmış vətənpərvər gənclərimizin igidliyi və rəşadəti sayəsində tariximizə yazılmış şanlı salnamədir. Ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şücaət göstərən qazilərə, bu yolda canını fəda edən qəhrəmanlarımızın ailələrinə və Vətən müharibəsi iştirakçılarına diqqət və qayğı ilə yanaşmaq cəmiyyətimizin borcudur.

Bu gün Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin sosial qayğılarının həll edilməsi üçün zəruri tədbirlər görülür. Dövlət hər an onların yanındadır. Gəncə şəhərində də bu məsələ prioritet məsələlərdəndir. Vətən müharibəsi iştirakçılarının sağlamlığı üçün səhiyyə işçiləri var-qüvvələri ilə çalışırlar. Ənənəvi olaraq, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncə Şəhər Psixiatriya Xəstəxanasında müalicə alan Vətən müharibəsi iştirakçısı Əliyev Etibar Eyyub oğluna baş çəkib. Etibar Əliyevin müayinə və müalicəsi ilə maraqlanan şəhər rəhbəri, müalicənin gedişi ilə maraqlanıb. Şəhər rəhbəri Vətən müharibəsi iştirakçısını narahat edən məsələlərin aradan qaldırılması və müvafiq köməklik göstərilməsi ilə bağlı aidiyyəti üzrə tapşırıqlar verib.

Xatırladaq ki, Əliyev Etibar Eyyub oğlu bir neçə gün əvvəl Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun qəbulunda olmuş, onunla geniş söhbət aparılmış, müayinə və müalicəsinin davam etdirilməsi üçün o, Gəncə Şəhər Psixiatriya Xəstəxanasına yerləşdirilmişdir. Şəhər rəhbəri  daha sonra Gəncə Şəhər Kardioloji Xəstəxanada müalicə alan Vətən müharibəsi iştirakçısı Əliyev Kamal Telman oğlunu ziyarət edib. Şəhər rəhbərinə məlumat verilib ki, Gəncə Şəhər Psixiatriya Xəstəxanasında müalicə alan Kamal Əliyev Gəncə Şəhər Kardioloji Xəstəxanasına yerləşdirilib, hazırda vəziyyəti normaldır. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov xəstənin yaxınları ilə də görüşüb, onların qayğıları ilə maraqlanıb. Kamal Əliyev ona göstərilən diqqətə və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

Zabit XƏLİLOV,

“Respublika”.