GƏNCƏ İDMAN SARAYININ TİKİNTİSİ SÜRƏTLƏNİR
Region

GƏNCƏ İDMAN SARAYININ TİKİNTİSİ SÜRƏTLƏNİR

Məlum olduğu kimi, Gəncə şəhərində yüksək standartlara cavab verən idman sarayı tikilir. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə idman sarayına baş çəkib, burada aparılan işlərlə yerində tanış olub. Şəhər rəhbərinə məlumat verilib ki, sarayın otel bölməsində yekun tərtibat işləri həyata keçirilir. Havalandırma, soyutma, yanğından mühafizə və zəif axın bölmələrinin kommunikasiyaları yekunlaşır, atıcılıq zalının tavanında metal-konstruksiya üzərində yeni dəmir-beton döşəmə tikilib. Bununla yanaşı, yeni SPA, fitnes, şahmat zalı, yoqa və aerobika zallarının inşası da davam etdirilir. Binada 11 lift layihələndirilib ki, bunlardan ikisi sağlamlıq imkanları məhdud şəxslər üçün nəzərdə tutulub. Yan fasadlarda vitraj işləri görülür. Hazırda xaricdən alınan havalandırma avadanlıqlarının qalan hissəsi nəql olunur.

Şəhər rəhbəri Niyazi Bayramov aparılan işlərlə yerində tanış olduqdan sonra aidiyyəti üzrə müvafiq tapşırıq və tövsiyələrini verib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  Gəncəyə növbəti səfəri çərçivəsində  Gəncə İdman Sarayının tikintisilə tanış olan zaman bu yeni möhtəşəm  sarayın onun təşəbbüsü ilə inşa olunmağa başladığını qeyd edib. Bildirib ki, bu, çox böyük layihədir və deyə bilərəm ki, Azərbaycanda bu boyda idman sarayı yoxdur, hətta Bakı şəhərində. Baxmayaraq ki, Bakı şəhərində bir çox idman sarayları var, - ancaq bütün əsas idman növlərinin bir yerdə cəmləşməsi Bakıda yoxdur. Burada isə həm döyüş idman növləri, güləş, boks, həm məktəblər - güləş məktəbi, boks məktəbi, həmçinin əl oyunları üçün xüsusi zal - basketbol, voleybol, həndbol, 50 metrlik üzgüçülük hovuzu, yardımçı otaqlar və zallar, otel. Yəni bir daha demək istəyirəm ki, bu, ölkəmizin ən böyük idman sarayıdır.

Dövlət başçısı deyib ki, bu sarayı Gəncədə inşa etmək gəncəlilərə edilən bir hədiyyədir. Onu da bildirməliyəm ki, hələ mən Prezident olmadığım dövrdə, Milli Olimpiya Komitəsinin prezidenti kimi Gəncədə Olimpiya Mərkəzinin yaradılması ilə bağlı təşəbbüslə çıxış etmişdim və o idman qurğusu o vaxt inşa olunub. Ancaq illər keçdikcə, əlbəttə ki, bu idman obyekti həm fiziki, həm mənəvi cəhətdən köhnəlib və orada normal məşq etmək üçün şərait o qədər də uyğun deyildi.

Qeyd edək ki, 16 hektardan çox ərazini əhatə edən Gəncə İdman Sarayında 2092 yerlik böyük idman zalı, 1410 yerlik tamaşaçı zalı, 100 nəfərlik restoran və müasir beynəlxalq standartlara uyğun otel olacaq. İki mərtəbəsi zirzəmi və əlavə iki mərtəbədən ibarət olan Gəncə İdman Sarayında beynəlxalq standartlara cavab verən böyük idman zalı, üzgüçülük hovuzu, beynəlxalq turnirlərin keçirilməsi üçün məkan, şahmat, güləş, boks və idmanın digər növləri üzrə məktəblər fəaliyyət göstərəcək.

Zabit XƏLİLOV,

“Respublika”.