Gəncə Hospitalında müalicə olunan hərbçilərlə görüş
Region

Gəncə Hospitalında müalicə olunan hərbçilərlə görüş

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov  Gəncə Hospitalında müalicə olunan mingəçevirli hərbçilərlə görüşüb.

Qeyd edək ki,  sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatlarına cavab verərkən hərbçilər yaralanmışlar. Hospitalın rəhbərliyi və həkimlərlə səmimi söhbətdən sonra şəhər rəhbəri İlham İsmayılov hərbçilərin müalicə olunduqları palatalara baş çəkib. İlk görüş baş leytenant Rüstəmov Əsgər Elman oğlu ilə olub. Şəhər rəhbəri yaralı ilə səmimi görüşüb,  vəziyyəti ilə maraqlanıb, xoş arzularını bildirib.

İkinci görüş əsgər Hacıyev Ruzi Dəyanət oğlu ilə olub. Mingəçevir şəhərindəki N.Nərimanov küçəsi 19/1 nömrəli binanın 5 nömrəli mənzilində yaşayan, hərbi xidmətə çağırılan əsgər komandirlərinin tapşırıqlarını layiqincə yerinə yetirdiyini deyib. İcra hakimiyyətinin başçısı Ruziyə tezliklə sağalmağı, hərbi xidmətini davam etdirməyi arzu edib.

Mingəçevir kənd yaşayış massivindəki Şəfəq küçəsi 39B nömrəli evin sakini, müddətli həqiqi hərbi xidmətdə olan Məmmədov Razil Raqil oğlu ilə görüşən şəhər İcra hakimiyyətinin başçısı İlham İsmayılov ona xoş arzularını ifadə etdikdən sonra ailə vəziyyəti ilə maraqlanıb. Yaralı  hərbçilər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Zabit XƏLİLOV,

“Respublika”.