Gələcəyə aparan yol
Elm və təhsil

Gələcəyə aparan yol

Xll əsrdə dahi şairimiz Nizami Gəncəvi deyirdi:

Qüvvət elmdədir, başqa cür heç kəs,

Heç kəsə üstünlük eyləyə bilməz.  

Təhsil, bilik insanı güclü, qüvvətli edir. Hətta elmli, savadlı insanla yol yoldaşı, həmsöhbət olmaq da insana xüsusi zövq, rahatlıq verir. Sözsüz ki, elmin, biliyin bünövrəsi, təməli ailədə qoyulur. Sonrakı mərhələlər isə onu inkişaf etdirib formalaşdırır, püxtələşdirir. Əlbəttə, bu prosesdə ən böyük rol oynayan müqəddəs məkan bildiyimiz məktəblərdir...

Hər il olduğu kimi, bu il də yeni dərs ilində valideynlər, uşaqlar sevinc, həyəcan içindədir. Axı körpə fidanların ilk dərs ili, ilk dərs günü başlayacaq. Valideynlər şirin, şəkər balalarının əlindən tutub, məktəbə yollanacaqlar. Həmin gün onların üzünə bütün məktəblərin qapıları açılacaq.       

2004-cü ilə qədər ölkəmizdə yeni dərs ili sentyabr ayının 1-də başlayırdı. Azərbaycan Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı ilə bütün təhsil müəssisələrində dərslər 15 sentyabrdan başlamış və həmin gün "Bilik Günü" elan edilmişdir.

 Artıq yeni dərs ilinin başlamasına bir neçə gün qalıb. Respublikamızın hər yerində bu əlamətdar günə hazırlıq işləri aparılır. Qeyd edək ki, təkcə paytaxtımızda 320 orta məktəb var. Bu təhsil ocaqlarının hər birində də şagirdlərin keyfiyyətli təhsil almaları üçün bütün lazımi şərait yaradılıb. Bu işdə Heydər Əliyev Fondu əvəzsiz rol oynayır. Belə ki, Fondun təhsil sahəsində gördüyü işlər sırasında reallaşdırılan "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı mühüm əhəmiyyət kəsb edir. Proqram çərçivəsində Fondun xətti ilə təmirə ehtiyacı olan bütün məktəblər mərhələli şəkildə yenidən təmir olunur, eyni zamanda müasir  texniki avadanlıqlarla, dərs vəsaitləri ilə təmin edilir. Fond tərəfindən həm də şagird sayı sıx olan ərazilərdə yeni məktəb binaları da tikilir. Bu işlər təkcə paytaxt Bakıda deyil, eyni zamanda şəhərətrafı qəsəbələrdə və regionlarda da həyata keçirilir. Bu ilin avqust ayının 26-da Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva paytaxtın Xəzər rayonunun Binə qəsəbəsində 334 saylı orta məktəbin yeni inşa olunmuş binasının açılışında iştirak etmişdir.   Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fond tərəfindən tikilən 800 şagird yerlik məktəb binası yeni dərs ili ərəfəsində müəllim və şagirdlərin istifadəsinə verilib. Üçmərtəbəli məktəb binasında laboratoriya, əmək təlimi otaqları, yeni texnologiyalar üzrə kabinet, informatika sinfi, kitabxana, idman zalı, arxiv otaqları və digər sinif otaqları istifadəyə verilmişdir.

Heydər Əliyev Fondu təhsil sahəsini hər zaman diqqətdə saxlayır. Azərbaycanın elə bir regionu yoxdur ki, Fond tərəfindən orada yeni məktəb binası tikilməsin, yaxud da təmirə ehtiyacı olan məktəb binaları əsaslı təmir edilməsin. Artıq neçə illərdir ki, ölkəmizdə modul tipli məktəblərin də tikintisinə başlanılıb. Belə məktəblər adətən regionlarda, şagird sayı az olan ucqar kəndlərdə nəzərdə tutulur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Şuşa şəhərində yeni ümumtəhsil məktəbinin tikintisi ilə bağlı tədbirlər haqqında" Sərəncamına əsasən, Şuşa şəhərində 1 nömrəli, 960 şagird yerlik tam orta məktəb tikiləcək. Bundan başqa, Ağdam şəhəri 1 nömrəli məktəbin yeni binasının da təməli qoyulub. Onu da qeyd edək ki, bu məktəb Qarabağ bölgəsinin ən qədim məktəbi hesab olunur. Həmçinin Prezident İlham Əliyev Cəbrayıl şəhərinə səfəri zamanı akademik Mehdi Mehdizadə adına tam orta məktəbin təməlqoyma mərasimində də iştirak etmişdir. Zamanla bu ərazilərimizdə də həyat öz axarına düşəcək. Bütün məktəblərimiz doğma şagirdlərini öz ünvanında qarşılayacaq. Vaxt gələcək bütün bunlar tarixin şanlı səhifələri kimi gələcək nəsillərə tədris olunacaq. Ölkəmizdə hər zaman elmə, təhsilin inkişafına, savada xüsusi diqqət yetirilmişdir. Hələ 1929-1930-cu illərdə savadsızlığın ləğvi sahəsində mühüm işlər görülmüş, Bakıda təqribən 20 min nəfər savadsızlığı ləğvetmə kurslarına cəlb edilmişdir. 1830-cu ildə isə Şuşada ilk Qəza məktəbi açılmışdır. Bu məktəbin açılması ilə Azərbaycanda Avropa tipli dünyəvi təhsilin əsası qoyulmuşdur. 1901-ci ildə böyük xeyriyyəçi H.Z.Tağıyevin təşəbbüsü ilə Bakıda müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbi fəaliyyətə başlamışdır. Bu hadisə o dövrdə Şərq təhsil tarixində çevrilişə səbəb olmuş və məktəb "Tağıyevin məktəbi" kimi tanınmışdır. Təhsil ocağı cəmiyyətin savadlanmasında, maariflənməsində ilk qığılcıma çevrilmişdir.

 Bir millətin parlaq gələcəyi, onun elmi, təhsili ilə bağlıdır. Bəli, elmə, biliyə yiyələnmək ən şərəfli işdir.

Builki "Bilik günü" ötən illərdəkindən daha əlamətdar, yaddaqalan olacaq. Məlumdur ki, 30 il ərzində Qarabağımız, torpaqlarımızın 20 faizi erməni işğalında qalmışdır. Əlbəttə ki, bu ərazilərdə olan minlərlə məktəblərimiz də işğala məruz qalmış, erməni vandalizminin şahidi olmuşdur. Qüdrətli Azərbaycan dövləti 44 günlük haqq savaşında öz ərazi bütövlüyünü bərpa etdi. Tezliklə pərən-pərən olub bütün Azərbaycan boyunca səpələnən qaçqın, köçkün məktəblərimiz də öz ünvanlarına qayıdacaqlar. Mərhələli şəkildə həyata keçirilən bu işdə ilk addımı Zəngilan rayonunun Ağalı kənd orta məktəbi atacaq. Belə ki, bu il sentyabr ayının 15-i "Bilik Günü"ndə məktəb öz doğma məkanında şagirdlərini qarşılayacaq. Elə, müasir tariximizin ən əlamətdar Bilik bayramı da Ağalıda keçiriləcək.

Ramidə YAQUBQIZI,

"Respublika".