Gələcək nəsillərin qürur mənbəyi
Region

Gələcək nəsillərin qürur mənbəyi

Düşmən ölkənin 2020-ci il sentyabrın 27-də ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə Vətən müharibəsinə başladı. Cəmi 44 gün ərzində torpaqlarımız erməni əsarətindən azad edildi, igid oğullarımızın qəhrəmanlığı sayəsində şanlı Qələbə qazanıldı. Tariximizin ən şərəfli səhifəsi olan Vətən müharibəsində Müzəffər Ordumuzun əsgər və zabitləri şəhid olub, itkin düşüb, yaralanaraq sağlamlığını itirib. Otuz ilə yaxın həsrətində olduğumuz torpaqlarımız şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilib. Azərbaycan Ordusunun başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində Füzuli şəhəri və rayonun işğal altında olan kəndləri də azad edilib. Füzulililər torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini əziz tutur, ehtiramla anırlar. Həmin qəhrəman oğullardan biri də Qurbani Əlizadədir.

Qurbani Ziyafəddin oğlu Əlizadə 1992-ci il iyunun 11-də Füzuli rayonunun Yuxarı Kürdmahmudlu kəndində dünyaya göz açıb. Qurbani 2010-cu ilin iyul ayında həqiqi hərbi xidmətə çağrılıb. Vətənə layiqincə xidmət göstərən nümunəvi əsgər Qurbani həqiqi hərbi xidmətini uğurla başa vurub. Hələ kiçik yaşlarından qəlbində baş qaldıran arzusu Qurbanini yenidən ordu sıralarına qaytarıb. O, 2015-ci ildə könüllü olaraq “N” saylı hərbi hissədə müddətdən artıq  hərbi qulluqçu kimi xidmətini davam etdirib. Hərbi hissənin rəhbərliyi tərəfindən nümunəvi xidmətinə görə dəfələrlə Fəxri fərmanlarla təltif olunub. Qurbani 2016-cı il Aprel döyüşlərindəki əməliyyatlarda fəal iştirak edib və çavuş rütbəsinə layiq görülüb.

Vətən müharibəsi şəhidi Qurbani Əlizadənin doğum günündə xatirəsi anılıb, şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub. Anım mərasimində şəhidin ailəsi ilə bərabər, Füzuli Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin əməkdaşları, məktəblilər, döyüş yoldaşları, şəhid ailələri, veteran və qazilər iştirak ediblər. Qurbaninin Vətən sevgisi, döyüşlərdə göstərdiyi şücaət haqqında danışanlar bildiriblər ki, Vətən müharibəsi başlandığı ilk gündən  döyüşlərə qatılıb, Füzuli istiqamətində ön cəbhənin yarılmasında xüsusi şücaət göstərib. Füzulinin azad edilməsi uğrunda gedən ağır döyüşlər zamanı qəhrəmancasına həlak olub. Bildirilib ki, şəhidlərimizin əziz xatirəsi hər zaman Azərbaycan xalqının yaddaşında yaşayacaq. Sonra məktəblilərin ifasında şəhidlərə həsr edilən ədəbi-bədii kompozisiya nümayiş olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə  milli ordunun çavuşu Qurbani Əlizadə  ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Xocəvəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Ali məqama yüksələn Vətən oğullarının adı və əməlləri daim yaşayacaq, gələcək nəsillər üçün qürur mənbəyinə çevriləcək.

Salman ALIOĞLU,

“Respublika”.