Gədəbəydə şəhid ailələri ziyarət olunub
Region

Gədəbəydə şəhid ailələri ziyarət olunub

Gədəbəy rayonunun Novosaratovka kəndində Vətən müharibəsi şəhidləri Seymur Ələsgərovun, Amin Rzayevin, Röyal Həsənovun, Orxan Teymurlunun, Rafiz Hüseynovun, Hüseyn Rzayevin, Şamxal Əlizadənin, Azər Hüseynovun və Əli Rzayevin ailə üzvləri ilə görüş keçirilib. Görüşdə rayon icra hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev, RİH-in məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak edib.

Vətənimizin bütövlüyü və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Natiq Nağıyev Vətən müharibəsində şəhid olanlara Allahdan rəhmət, qazilərimizə şəfa diləyib, belə qəhrəman övladlar yetişdirdikləri üçün ailələrinə minnətdarlığını bildirib, hər zaman onların yanlarında olduqlarını vurğulayıb.

Natiq Nağıyev Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə, Vətən müharibəsi iştirakçılarına göstərilən diqqət və qayğının ən yüksək səviyyədə olduğunu, onların iqtisadi, sosial məsələlərinə daim həssaslıqla yanaşıldığını bildirmiş, bu qayğının hər zaman davam edəcəyini şəhid ailələrinə çatdırmışdır.

Daha sonra şəhid ailələrinin problemləri və onları narahat edən məsələlər dinlənilib. Səslənən müraciətlər arasında şəhid adlarının əbədiləşdirilməsi, xatirə lövhələrinin düzəldilməsi və bir sıra digər məsələlər yer alıb. Əksər müraciətlər yerindəcə öz həllini tapıb.

Görüşün sonunda şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Vəli VƏLİYEV,

"Respublika".