GƏDƏBƏY:  DÖVLƏT QAYĞISINDAN RAZIDIRLAR
Region

GƏDƏBƏY:  DÖVLƏT QAYĞISINDAN RAZIDIRLAR

Ölkəmizdə əsrlər boyu azsaylı xalqların nümayəndələri, ayrı-ayrı millətlər azərbaycanlılarla birlikdə mehriban, sülh şəraitində yaşamışlar. Respublikamızda milliyyətindən, dinindən asılı olmayaraq hər kəsə dövlət səviyyəsində diqqət, qayğı və hörmətlə yanaşılır. Onların adət-ənənəsinin, mədəniyyətinin və tarixinin qorunub saxlanılması üçün tam münbit şərait yaradılmışdır.

Dövlətimizin başçısı cənab İlham Əliyev, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın azsaylı xalqlarla görüşləri, onlarla hər zaman təmasda olmaları, onların bütün arzu və istəklərinin həyata keçirilməsi bir daha Azərbaycanı digər dövlətlərdən bu baxımdan fərqləndirir. Buna misal olaraq Azərbaycanımızın tacı Şuşa şəhərində keçirilən «Xarıbülbül» festivalında azsaylı xalqların iştirak etməsi, onların bir neçə rəngarəng nömrələrlə çıxışı Azərbaycanda millətlər arasında fərq qoyulmadığını bir daha sübut etdi.

Respublikada fəaliyyət göstərən kilsələr, sinaqoqlar və insanların digər inanc yerləri daim diqqətdə saxlanılır, mütəmadi olaraq həmin yerlərdə təmir-bərpa işləri aparılır. Əminliklə qeyd etmək olar ki, Azərbaycan bütün dünyaya multikultural cəmiyyətin inkişaf etdiyi bir ölkə kimi nümunə göstərilir.

Bu günlərdə Gədəbəy rayonunda yaşayan malakanların nümayəndələri ilə görüşmək üçün rayona yollandıq. Gədəbəy-rus icmasının sədri Bıçkov Nikolay Nikolayeviçlə səmimi söhbət etdik. Bıçkov Nikolay bildirdi ki, onun ulu babaları 1811-ci ildə Rusiyanın Saratov vilayətindən çar Aleksandr tərəfindən sürgün olunmuşlar. Bu millətin sürgün olunmasının səbəbi isə çox maraqlıdır. Nikolayın dediyinə görə, malakanlar o dövrdə bəzi şeylərdən imtina etmişlər. Birincisi həmin dövrdə malakanlar türklərlə müharibə etməkdən, donuz əti yeməkdən, spirtli içki içməkdən və başqa xoşagəlməz adətlərdən imtina etdiklərinə görə Aleksandrın qəzəbinə tuş gəlmişlər.

Malakanlar demək olar ki, əllərində heç bir əşya götürməmiş, yalnız əyin paltarları ilə sürgün olunmuş, çox çətinliklə üzləşmişlər. Beləliklə onlar Azərbaycana pənah gətirərək bir neçə bölgədə məskunlaşmışlar. Nikolayın ulu babaları isə Gədəbəy rayonunun Novosaratovka kəndində məskunlaşmışlar və onun valideynləri həmişə gədəbəylilərin onlara hədsiz qayğıkeşliyini, hər cür köməkliklərini ölənəcən danışmışlar. Elə həmin dövrlərdə malakanlarla azərbaycanlılar arasında çox isti qonşuluq münasibətləri yaranmış və heç bir fərq qoyulmamışdır.

Nikolay, o cümlədən digər malakanlar hazırda Azərbaycan xalqı və dövlətinin onlara yüksək hörmət və qayğı ilə yanaşdıqlarından ağızdolusu danışırlar.

O, bir məqamı ölənəcən unutmayacağını bildirdi. Belə ki, 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Gədəbəyə səfəri zamanı Slavyanka kəndində malakanlarla çay süfrəsi arxasında söhbət etmişlər. O deyir ki, həmin an dövlət başçısı İlham Əliyev və Mehriban xanım malakanların milli mətbəxindən olan təamları dadmış, səmimi söhbət edərək onların məişəti və digər problemləri haqqında maraqlanmışlar. O zaman biz elə hiss etdik ki, ən yaxın adamımız bizimlə söhbət edir.

Bu bir daha onu göstərdi ki, Azərbaycanda bütün azsaylı xalqlar daim dövlətin dəstəyini, qayğısını öz üzərlərində hiss edirlər. Gədəbəydə malakanların «Sudaruşka» adlanan 8-10 nəfərdən ibarət ansamblı fəaliyyət göstərir. Onlar rayonda bütün mədəni-kütləvi tədbirlərə dəvət alır və yüksək səviyyədə iştirak edirlər. Gədəbəy rayon rəhbərliyi və digər təşkilatlar tərəfindən həmişə mükafatlandırılırlar. Pandemiyaya görə ansambl fəaliyyətini hələlik dayandırmışdır.

Nikolay Bıçkov qeyd edir ki, 1988-ci ildən mənfur ermənilər ölkəmizə qarşı müxtəlif təxribatlar törətməyə başladılar. Elə həmin vaxtlardan biz də gədəbəylilərlə birlikdə Vətənin müdafiəsinə qalxdıq. O, 1996-cı ilədək cəbhə bölgəsində qulluq etmişdir. Bununla yanaşı Nikolay ikinci Qarabağ müharibəsində də arxa cəbhədə göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən 28.12.2020-ci il tarixli «Təşəkkürnamə» ilə təltif olunmuşdur.

Qeyd etmək lazımdır ki, o, hazırda «N» saylı hərbi hissədə çalışır. Vətən müharibəsi dövründə Nikolay əsgərlərimizə hər zaman maddi və mənəvi köməkliklər etmişdir. O, çalışdığı hərbi hissədə hər kəsin hörmət və rəğbətini qazanmışdır. Bununla yanaşı o, təsərrüfat işləri ilə də məşğul olur.

Nikolayın atası, anası, babası və başqa qohumları Novosaratovka qəbiristanlığında dəfn olunmuşlar. Onun evində olarkən bir mənzərə diqqətimizi cəlb etdi. Evində ulu öndər Heydər Əliyevin xatirəsinə guşə təşkil etmişdir. Burada Heydər Əliyevin büstü, portreti və xalça üzərində toxunmuş şəkli və haqqında fotoalbom mövcuddur. Evin digər tərəfində isə malakanların mədəniyyətinə aid olan muzey yaratmışdır. Burada qədim xalçalar, müxtəlif əl işləri tikmələr, qədim saatlar və başqa əşyalar gələnlərin marağına səbəb olur.

Novosaratovkada yaşayan, malakan millətindən olan digər sakini Bıçkov Vasili Vasilyeviçlə əlaqə yaratdıq. Vasili Novosaratovka kənd tam orta məktəbində laborant vəzifəsində çalışır. O, azərbaycanlılarla bir ailə kimi yaşadığını dedi. Bildirdi ki, istər malakanlar, istərsə də azərbaycanlıların bütün milli bayramlarını birgə qeyd edirik. Xeyir işlərdə və digər tədbirlərdə heç bir fərq qoyulmadan hamı bir nəfər kimi iştirak edir. Bir sözlə, Gədəbəy malakanları Azərbaycanda yaşadıqlarından məmnun olduqlarını bildirdilər.

Vəli VƏLİYEV,

“Respublika”.