Füzuli: nəzarət daha da gücləndirilib
Region

Füzuli: nəzarət daha da gücləndirilib

Dünyanın başı üzərində kabus kimi dolaşan və milyonlarla insanın həyatına son qoyan yeni koronavirus pandemiyasına qarşı ölkəmizdə ciddi mübarizə aparılır. Dövlət tərəfindən həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində koronavirusun kütləvi yayılmasının qarşısı alınıb. Ölkəyə gətirilən koronavirus əleyhinə vaksinlər əhali arasında peyvəndləmə işlərinin keyfiyyətlə aparılmasına şərait yaradıb.

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət, habelə fərdi izahetmə-xəbərdarlıq işinin aparılması üçün Füzuli Rayon İcra Hakimiyyəti başçısı aparatı, inzibati ərazi nümayəndəlikləri, bələdiyyələr və könüllü fəallardan ibarət mobil qruplar əhali arasında fəal iş aparırlar. Lakin bəzən qadağalara əməl edilməməsi virusa yoluxanların sayını artırıb.

Məhz buna görə də rayonda koronavirusun yayılmasının qarşısının alınması məqsədilə dezinfeksiya işləri gücləndirilib.  Horadiz şəhəri və ətraf kəndlərdə küçə və prospektlər xüsusi məhlulla yuyulur, dərmanlama işləri aparılır. Həmçinin, rayon ərazisindəki ictimai binalarda, eyni zamanda, sakinlərin sıx toplaşdığı ərazilərdə, yaşayış binalarında dezinfeksiya işləri aparılır. Yuxarıda qeyd etdiyimiz kimi, son günlər Azərbaycanda da koronavirusa yoluxma və bununla bağlı ölüm hallarında artım qeydə alınır.  Əgər bir neçə həftə bundan əvvəl respublikamızda  gündəlik yoluxma 100-ün altına düşmüşdüsə, indi gündəlik yoluxma 2 min nəfərə çatıb.

Bu da onu göstərir ki,vətəndaşlarda arxayınlıq yaranır, gigiyena və təhlükəsizlik qaydalarına əməl edilmir, gündəlik həyatda bu qaydaların pozulması hallarının artması epidemioloji vəziyyətə ciddi təsir göstərir. Mövcud vəziyyətlə əlaqədar  rayonda vətəndaşların vaksinasiya prosesinə daha fəal qoşulması üçün tədbirlər davam etdirilir.  Qapalı məkanlarda maskadan istifadə olunmasına, ara məsafəsi saxlanılmasına, gigiyenik qaydalara riayət edilməsinə ciddi nəzarət olunur. Unutmayaq ki, koronavirusla mübarizə hər birimizin məsuliyyətindən, qaydalara düzgün əməl etməyimizdən çox asılıdır.

Salman ALIOĞLU,

“Respublika”.