Füzuli hava limanına beynəlxalq status və IATA kodu verilib
Digər xəbərlər

Füzuli hava limanına beynəlxalq status və IATA kodu verilib

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov tərəfindən imzalanan qərara əsasən Füzuli hava limanına beynəlxalq status verilib. Beynəlxalq statusun verilməsi haqqında qərar Füzulidə yerləşən hava limanında bütün tikinti-quraşdırma işləri başa çatdıqdan sonra qəbul edilib. Bundan əlavə, hava limanına Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) tərəfindən latın əlifbasının üç hərfindən ibarət FZL kodu verilib. Bu fərdi kod hava limanının yerləşdiyi şəhərin adı - Füzuli ilə bağlıdır.

Hava limanlarının IATA kodları sərnişin daşımaları üçün böyük əhəmiyyət kəsb edir, bu kodlar aviaşirkətlər, aviabilet satışı üzrə agentliklər, biletləri beynəlxalq təxsisetmə sistemləri və s. tərəfindən istifadə olunur.

Daha əvvəl Füzuli hava limanına Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) tərəfindən UBBF kodunun verilməsi təsdiq edilib.

Füzuli hava limanı ən yüksək beynəlxalq standart və normalara uyğun tikilib, istənilən növ təyyarəni qəbul etmək imkanına malikdir. Füzuliyə ilk sınaq uçuşu sentyabrın 5-də həyata keçirilib və AZAL-ın ən böyük sərnişin təyyarəsi - Airbus A340-500 burada eniş icra edib.

Hava limanında ICAO-nun bütün tələblərinə əsasən uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün cihazlar üzrə enmə və naviqasiya sistemləri, işıq-texniki, əsas və ikinci dərəcəli radiolokasiya sistemi ilə tam təchiz edilmiş 3000 metr uzunluğunda və 60 metr enində uçuş-enmə zolağı istifadəyə verilib. 8 hava gəmisinin dayanacağı üçün nəzərdə tutulan perronun sahəsi 60 min kvadratmetrdir.

Avtomatlaşdırılmış sistemlərlə təchiz edilmiş hava hərəkətini idarəetmə qülləsinin inşası başa çatıb. Bu, Füzuli hava limanına ICAO və IATA standartlarına uyğun uçuşların başlanmasına imkan yaradacaq. Beynəlxalq uçuşlar həyata keçirəcək Füzuli hava limanı, eyni zamanda Qarabağın turizm potensialının inkişafına da öz töhfəsini verəcək.

Dövlət başçısının tapşırığı ilə Laçın və Zəngilan rayonlarında beynəlxalq hava limanlarının tikintisi davam etdirilir.

Füzuli hava limanından əlavə, hazırda Azərbaycanda altı - Bakıda (GYD), Gəncədə (GNJ), Naxçıvanda (NAJ), Qəbələdə (GBB), Lənkəranda (LLK) və Zaqatalada (ZTU) beynəlxalq hava limanı fəaliyyət göstərir. Bu hava limanlarından başqa, Azərbaycanda Yevlax hava limanı və Abşeronun Zabrat qəsəbəsində yerləşən "ASG Helicopter Services" (ZXT) helikopter aviaşirkətinin bazası aviasiya xidmətləri göstərir.

"Azərbaycan Hava Yolları"

QSC-nin mətbuat xidməti.