Füzuli-Hadrut  avtomobil yolunun inşası davam edir
Digər xəbərlər

Füzuli-Hadrut  avtomobil yolunun inşası davam edir

Azərbaycanın işğaldan azad edilən ərazilərində həyata keçirilən infrastruktur layihələri arasında yolların yenidən qurulması xüsusi əhəmiyyət kəsb edir. Belə layihələrdən biri də Füzuli-Hadrut avtomobil yolunun inşasıdır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın cari il martın 16-da işğaldan azad edilmiş Füzuli və Xocavənd rayonlarına səfəri zamanı təməli qoyulan avtomobil yolunun uzunluğu 13 kilometrdir. Bu yol başlanğıcını Zəfər yolundan götürür və yeni inşa ediləcək Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yoluna birləşəcək. Dörd hərəkət zolaqlı olacaq yol boyunca avtomobil körpüləri inşa ediləcək.

Hazırda yolboyu torpaq işləri görülür. Xüsusi texnikalardan istifadə olunmaqla qazma və dolğu işləri həyata keçirilir, yolun genişləndirilərək profilə salınması, həmçinin yeni yol yatağının və yol əsasının inşası aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.

AZƏRTAC