Füzuli: aqrar sahənin gələcək üfüqləri
İQTİSADİYYAT

Füzuli: aqrar sahənin gələcək üfüqləri

Ruha dinclik gətirən təbiəti, tarixi abidələri, münbit torpaqları, fədakar və zəhmətkeş insanları ilə tanınan Füzuli rayonu ölkəmizin mədəni, iqtisadi, sosial həyatında mühüm yer tutur. Arazqırağı obalarda insanlar payız qayğıları ilə yaşayır, pambıq tarlalarında, taxıl əkilən sahələrdə axşam düşənə kimi iş gedir. Barlı-bərəkətli torpaqlarda alın təri ilə bol məhsul yetişdirilib və yığılan məhsul tədarük məntəqələrinə təhvil verilir. Hazırda Füzuli rayonu ölkəmizdə ən iri taxıl istehsalçısıdır, belə ki, cari mövsümdə rayonda 118 min tondan çox taxıl istehsal edilib. Xatırladaq ki, rayonun böyük hissəsi otuz ilə yaxın erməni işğalı altında qalıb, min hektarlarla münbit torpaq əkin dövriyyəsindən çıxarılıb. Dəymiş ziyan göz qabağındadır. İşğal füzulililərin inamını sarsıda bilməyib, onlar rayonun əlimizdə qalan hissəsində kənd təsərrüfatı işləri ilə məşğul olaraq ölkəmizə öz töhfələrini veriblər.

Qeyd edək ki, 2016-cı ilin aprel ayında Azərbaycan ordusunun uğurlu əks-hücum əməliyyatı zamanı Füzuli istiqamətində min hektarlarla torpaq işğalçılardan azad edilmiş, çox böyük strateji əhəmiyyət daşıyan Lələtəpə yüksəkliyinə üçrəngli bayrağımız sancılmışdı. Bununla da xalqımız uzun illərdən sonra qələbə sevincini yaşadı, hər birimizdə torpaqlarımızın işğalçılardan tam azad edilməsinə inam yarandı. 2020-ci il oktyabrın 17-də Füzuli şəhərinin və ətraf kəndlərin işğaldan azad edilməsi silahlı qüvvələrimizin düşmən üzərində ən şanlı qələbələrindən biri oldu. Füzulililərin sevincinin həddi-hüdudu yoxdur. Son iki il onların həyatında qələbə və zəfər ili kimi yadda qalıb. Tarixi qələbədən dərhal sonra işğaldan azad edilən torpaqlarda düşmənin 28 il ərzində basdırdığı saysız-hesabsız minaların təmizlənilməsinə başlanılıb və gizli düşmənə qarşı bu çətin, eyni zamanda təhlükəli axtarış xilasetmə işləri uğurla davam etdirilir. Ardınca isə əkin-səpin işləri aparılır.

Mütəxəssislərin qənaətinə görə, işğaldan azad olunmuş torpaqlarda kənd təsərrüfatının bərpası hesabına xüsusilə taxıl, pambıq, yem bitkiləri və heyvandarlıq məhsulları istehsalında artım təmin ediləcək. Belə ki, bu ərazilər hesabına ümumi taxıl məhsulları istehsalının təqribən 400 min ton, ət istehsalının 45 min ton və süd istehsalının 240 min ton artırılması imkanları mövcuddur. Təbii-iqlim və relyef xüsusiyyətlərinə əsasən işğaldan azad olunmuş ərazilərdə ənənəvi hesab edilən heyvandarlıq və taxılçılıqla yanaşı, bölgədə meyvəçilik və tərəvəzçiliyin inkişaf imkanları da var. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların idarə edilməsi ilə bağlı bəzi məsələlər haqqında" Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2021-ci il 27 aprel tarixli Fərmanının icrası çərçivəsində ərazilərin minalardan təmizlənməsi prosesinə paralel olaraq kənd təsərrüfatı əkinlərinin həyata keçirilməsi işləri aparılır. Artıq cari mövsümdə 50 min hektardan artıq torpaq sahəsi əkinə cəlb edilib. Əlbəttə, görülən işlər həmin torpaqlara Böyük Qayıdışın bir hissəsidir.

Vətən müharibəsində qazanılan tarixi qələbədən sonra işğaldan azad edilən torpaqlarda aqrar sahənin inkişaf etdirilməsi üçün çox geniş imkanlar yaranıb. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan bölgələr əlverişli hava şəraitinə, suvarma suyunun bol olmasına, münbit torpaqlarına görə kənd təsərrüfatı bitkilərinin, o cümlədən taxılçılığın inkişaf etdirilməsi üçün böyük potensiala malikdir. Məlum olduğu kimi, işğaldan azad edilən ərazilərdə minalardan təmizlənən torpaq sahələrində əkinçilik işlərinə başlanılıb, həm də bu ərazilərdə ilk növbədə taxıl, xüsusilə buğda səpini aparılıb. Yuxarıda qeyd etdiyimiz kimi, işğaldan azad edilən Füzuli rayonunda taxıl istehsalı potensialına dair aqrar sahə üzrə ekspertlərin qənaəti diqqət çəkir.

İşğaldan əvvəlki dövr ərzində (1980-1988) rayonda taxıl istehsalında 2.2 dəfə artım müşahidə olunub. Bu da son illər Füzulinin işğala məruz qalmayan ərazilərində taxıl əkinlərinə tətbiq edilən intensiv və innovativ tədbirlər nəticəsində mümkün olub. Yada salaq ki, 1980-1988-ci illər ərzində Füzuli rayonunda taxıl istehsalı ölkə üzrə istehsalın 2.3 faizini təşkil edib. Təkcə 2019-cu ildə rayonun işğala məruz qalmayan ərazilərində müvafiq istehsalın xüsusi çəkisi 3.3 faiz olub, yəni 118.1 min ton taxıl istehsal edilib. 2019-cu il ərzində rayon üzrə məhsuldarlığın ölkə səviyyəsində olması, taxıl istehsalında rayonun potensial imkanlara malik olduğunu bir daha göstərir. Yerli taxılçılar deyirlər ki, Füzuli rayonunun işğaldan azad edilmiş ərazilərində yeni aqrar islahatların aparılması və innovativ texnologiyaların tətbiqi ilə taxılçılıqda ümidverici nəticələr əldə etmək mümkün olacaq. Tədqiqatlar nəticəsində verilən proqnoza görə inkişaf dövrü hesab edilən 2025-ci ilə qədər Füzuli rayonunda taxıl istehsalı 130.4 min tona çatdırılacaq.

Vaxtilə rayonda əkilən "ağ qızıl" bu yerlərə ağ günlər, yaxşı güzəran, ad-san, şöhrət gətirib. Pambıq istehsalına görə respublikamızda birincilər sırasında dayanan Füzulidə pambıq ustaları, əmək qəhrəmanları yetişib, yaxşı ənənələr yaranıb. Ötən əsrin sonlarında yaranan çətinliklərə baxmayaraq, füzulili pambıqçılar bu ənənəni yaşadıb, pambığın hər şeydən əvvəl gəlirli sahə olduğunu yaxşı biliblər. Rəsmi statistik məlumatlara əsasən deyə bilərik ki, pambıqçılıq rayon əhalisi tərəfindən tarixən də taxıldan sonra ən çox istehsalına üstünlük verilən kənd təsərrüfatı sahəsi olub. Ötən əsrin 80-ci illərində rayonda pambıqçılığın inkişafı davamlı olub və aparılmış təhlillərdən göründüyü kimi, pambıqçılıqda ölkə üzrə maksimum məhsuldarlıq 35.4 sent/ha olduğu halda Füzuli rayonunda bu bitkinin məhsuldarlığı 40.6 sent/ha çatdırılıb. Aparılan araşdırmalar nəticəsində 2025-ci ilə qədər Füzuli rayonunda pambığın intensiv üsullarla əkilib-becərilməsi hesabına hər hektarın məhsuldarlığı 41.0 sentnerə çatdırılacaq. Ölkəmizdə pambıq istehsalının təxminən 1.4 faizinin məhz Füzuli rayonunda istehsal edilməsi nəzərdə tutulub.

Qarabağ iqtisadi rayonuna daxil olan Füzuli rayonunun əkinçilik tarixində üzümçülük mühüm yer tutub. Rayonun təsərrüfatlarında yetişdirilən müxtəlif sort üzüm keçmiş sovet respublikalarına ixrac edilib. Üzüm istehsalının artırılması rayonda şərab emalı zavodlarının yaranmasına, yeni iş yerlərinin açılmasına səbəb olub. Üzüm digər Qarabağ rayonlarında olduğu kimi, Füzuli rayonunda da təsərrüfatçılıq ənənəsinin mövcud olduğu bitkiçilik sahəsindən biri hesab edilib. Xalqımızın ümummilli lideri Heydər Əliyevin diqqət və qayğısı sayəsində ötən əsrin 70-ci illərində Füzulidə 100 min tondan çox üzüm istehsal edilib. 90-cı illərdə üzümçülüyə biganə münasibət nəticəsində sahənin tənəzzül dövrü başlayıb. Rəsmi məlumatlara əsasən deyə bilərik ki, 1980-1988-ci illər ərzində Füzuli rayonunda üzüm istehsalı ölkə üzrə istehsalın təqribən 7.0 faizini təşkil etmişdir. Həmin illərdə məhsuldarlığın ölkə səviyyəsinin 91.9 faizini təşkil etməsi üzüm istehsalında Füzuli rayonunun güclü potensiala malik olduğunu göstərir. Yenə də mütəxəssislərin qənaətinə istinad edərək bildirək ki, yeni texnika və texnologiyaların tətbiqi, həmçinin işğaldan azad edilmiş torpaqlar üçün qəbul edilmiş gələcək tədbirlər planı çərçivəsində digər bitki növləri ilə yanaşı, üzümlük sahələrinin artımı və daha yüksək məhsuldarlığın səviyyəsi hesabına ölkənin üzümə olan tələbatının tam təmin edilməsi gözlənilir. Üzümçülük sahəsinin, o cümlədən texniki üzüm sortlarının yetişdirilməsi rayonda şərabçılığın canlanmasına səbəb olacaq və eyni zamanda yüzlərlə yeni iş yeri yaradılacaq.

İşğaldan azad edilmiş rayonlarda, o cümlədən Füzuli rayonunda kənd təsərrüfatına yararlı torpaqların idarə edilməsi haqqında Fərmana əsasən mövcud potensial nəzərə alınaraq bu zonada nar və xurma bağlarının pilot layihə olaraq salınması həyata keçiriləcək. Qeyd etdiyimiz kimi, Füzuli rayonunda torpaq, iqlim, su resursları, eləcə də tarixən mövcud olan bitkiçilik ənənəsinin mövcudluğu bu regionda meyvə və tərəvəz istehsalının artırılmasını vəd edir. Son illər Füzulidə sənaye əhəmiyyətli məhsul olan şəkər çuğundurunun da əkini aparılır və məhsuldarlıq ürəkaçandır. Ümumilikdə, ötən illərin təcrübəsi, ölkəmizdə aqrar innovativ inkişaf trendləri və statistik göstəricilərin təhlilindən əldə edilən nəticələr göstərir ki, 2025-ci ilə qədər Füzuli rayonunda 47.4 min hektar əkin və bağ sahələrindən 208.2 min ton bitkiçilik məhsulu istehsalı imkanları var və bu istiqamətdə çox gərəkli işlər həyata keçirilir.

Rəqəmlərə nəzər salandan sonra gəldiyimiz qənaət odur ki, Füzuli rayonunda aqrar sahənin inkişaf üfüqləri heç də uzaqda deyil, insan əllərinin qüdrəti ilə bu yerlər yaxın vaxtlarda əsl laləzara çevriləcək.

Salman ALIOĞLU,

"Respublika".