FRANSANIN “SÜLH QURUCULUĞU” OYUNU
Siyasət

FRANSANIN “SÜLH QURUCULUĞU” OYUNU

Fransa otuz ilə yaxın davam edən danışıqlar prosesi dövründə ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olaraq Azərbaycanın işğal altında olan torpaqlarının sülh yolu ilə azad edilməsinə və bütövlükdə regionda sülh və sabitliyin bərqərar olmasına kifayət qədər töhfə verə biləcək missiya daşısa da, buna nail olmaq üçün heç bir real addım atmayan dövlətdir və bu gün regionda “sülh quruculuğu” oyunu oynamağa çalışır. Oyun deyirik, çünki işğalı və işğalçını dəstəkləyən dövlətin istənilən sülh çağırışı ancaq oyun ola bilər.

Hələ 44 günlük Vətən müharibəsi dövründə qərəzli çıxışları və anti-Azərbaycan təbliğatı ilə dünya ictimaiyyətinin diqqətini işğal faktından və Ermənistanın törətdiyi müharibə cinayətlərindən uzaqlaşdırmağa çalışan Fransa heç vaxt Qarabağ məsələsində beynəlxalq hüquqa və ədalətə əsaslanan mövqe nümayiş etdirməyib. Bununla da kifayətlənməyən Fransa prezidenti Emmanuel Makron Qarabağda, bütün dünya dövlətləri tərəfindən Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tanınan torpaqlarda separatçı və terrorist erməni silahlı birləşmələrinə açıq dəstək verməkdən belə çəkinmir. Belə ki, Senatda və Milli Assambleyada Azərbaycan əleyhinə qətnamələr qəbul edilir, terrorist Araik Arutyunyanın Fransaya səfəri təşkil olunaraq dövlət dəstəkli yerli televiziya kanallarında onun çıxışları üçün platforma yaradılır, Fransa tərəfindən BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı bəyanatın qəbul edilməsi təşəbbüsü irəli sürülür. Bəs Fransanın hətta öz dövlət maraqlarını qurban verəcək həddə çatan tükənməz erməni “sevgisinin” əsas səbəbi nədir?!

Təbii ki, ilk növbədə Fransadakı erməni lobbisinin təsiri mütləq olaraq qeyd edilməlidir. Bütün maliyyə resurslarını nifrət zəminində qlobal anti-Azərbaycan və anti-türk ideologiyasının formalaşdırılması üçün səfərbər edən erməni lobbisinin ən güclü dayaq mərkəzlərindən biri heç şübhəsiz ki, Fransadır. Bunun üçün Fransada yetərli zəmin də var. Çünki hələ tarixi keçmişdən başlayan anti-türk ideoloji yanaşmaları Fransanın siyasi elitasında ümumilikdə türk dünyasına münasibətdə çəkingən və eyni zamanda nifrət zəminində çıxışların ardıcıl olaraq səsləndirilməsinə rəvac verir. Ona görə də Fransada belə bəyanatların tez-tez qəbul edilməsi təəccüb yaratmır. Digər tərəfdən, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsilə yalnız Ermənistan yox, onu dəstəkləyən bütün qüvvələr, eləcə də Fransa uzun illərdir qeyri-qanuni olaraq istismar etdikləri Azərbaycanın təbii sərvətlərindən məhrum oldular. Belə ki, artıq 36 gündür Xankəndi-Laçın yolunda azərbaycanlı ekofəalların ölkəmizin milli sərvətlərinin talanmasına qarşı həyata keçirdikləri dinc aksiyanı Xankəndidəki ermənilərin blokadaya alınması kimi dünya ictimaiyyətinə təqdim etməyə çalışan Fransanın əsas məqsədi xalqımıza məxsus milli sərvətlərin qeyri-qanuni yollarla daşınmasını davam etdirməkdir. Beləliklə də şəxsi maraqlarını beynəlxalq hüququn və dövlət maraqlarının üstündə tutan Makron administrasiyası Fransanı davamlı olaraq terroru, işğalı və soyqırımı dəstəkləyən dövlətə çevirmək yolunda sürətlə irəliləyir.

Heç bir tarixi-hüquqi əsası olmayan aqressiv anti-Azərbaycan ritorikasını davam etdirən Emmanuel Makron Azərbaycanın tarixi zəfərinin yaratdığı yeni geosiyasi reallıqları dəyişmək iqtidarında olmadığını da çox yaxşı başa düşür və son şans olaraq Azərbaycanı hədəfə çevirərək xəyali “işğalçı dövlət” yaratmaq taktikasından istifadə etməyə çalışır. Bəlkə tarixi işğallar, soyqırımları və müharibə cinayətləri ilə “zəngin” olan Fransa bu gün Ermənistanı dəstəkləməklə və Qarabağda törədilmiş insanlıq əleyhinə cinayətləri ört-basdır etməklə tarixi yaddaşlara həkk olunmuş əməllərinə bəraət qazandırmağa çalışır?! Axı çox yaxın keçmişdə Əlcəzairdə və Ruandada həyata keçirilmiş işğalçılıq ideologiyası ilə Xocalıda, Boğanıs Ayrımda və Başlıbeldəki soyqırımları törədən erməni vandallığı arasında heç bir fərq yoxdur. Belə olan halda təbii ki, Fransa hər addımında haqqa, ədalətə və humanizmə əsaslanan Azərbaycanı hədəfə çevirməklə öz “əqidə yoldaşı” olan Ermənistanı dəstəkləyəcək. Dəstəkləsin, amma qarşısındakı dövlətin şərəfli tarixə, zəngin diplomatik təcrübəyə və öz milli maraqlarını qorumaq iqtidarına sahib Azərbaycan Respublikası olduğunu da unutmasın. Çünki sonu mütləq məğlubiyyət olan ədalətsiz oyuna başlamaq Fransanın öz nüfuzuna kifayət qədər böyük zərbə ola bilər ki, bunun da geri dönüşü olmayacaq və gələcək nəsillərə utanc yaddaşı olaraq miras qalacaq.

Aytən QURBANOVA,

BDU-nun  Beynəlxalq Münasibətlər kafedrasının müəllimi,

politoloq.