Fransanın müstəmləkəçilik siyasətinin pərdəarxası məqamları
Siyasət

Fransanın müstəmləkəçilik siyasətinin pərdəarxası məqamları

Tarixə nəzər yetirsək, Fransanın adının soyqırımı hadisələrində tez-tez hallandığının şahidi olarıq. Bu imperiya İngiltərə və Portuqaliya kimi Afrikanı da qarət etmiş, milyonlarla insanı öz torpaqlarından didərgin salmışdır. Fransanın ən böyük qul bazarının da Afrikada yerləşməsi ölkənin vandallığının göstəricisidir. Bəs, burada zorla saxlanılan qulların vəziyyəti necə idi? Onların həyat şəraiti o qədər ağır idi ki, qullar 10 ildən artıq yaşaya bilmirdi. Fransa üçün qara qullar "əşya" kateqoriyasında idi. Bu, onların qanla yazılmış qanunlarında da öz əksini tapmışdır.

XIV Lüdoviqin dövründə "Qara qanun" adı altında qüvvəyə minmiş qanunvericiliyin 44-cü maddəsinə görə, qaradərililər hərracda satıla bilərdi; 28-ci maddəyə görə, qul heç nəyə sahib ola bilməz; 30 və 31-ci maddələrə görə, hadisənin qurbanı olsa belə, ədalət mexanizmindən yararlana bilməzdilər. Ən dəhşətli məqamlar isə qaçmağa cəhd edənlərin qulaqlarınin kəsilməsi, sahibinə qarşı çıxanların ölümə məhkum olunması idi. Fransa guya, 1848-ci ildə köləliyi ləğv etdi. Əslində, bu köləliyin ləğvi deyil, onun başqa formaya keçidi idi. Fransızlar bu prosesi Afrikadakı "ibtidai insanlara" sivilizasiya gətirmək adı ilə pərdələdilər. 1889-cu ildə Parisdə Fransız İnqilabının yüzilliyi "Bərabərlik, ədalət, həmrəylik" şüarları ilə qeyd edilərkən onun koloniyalarını genişləndirmək siyasəti isə çox gülünc məqamlardandır. Bir tərəfdən bərabərlik tələb edən ölkənin, digər tərəfdən zülmkarlığa davam etməsi onun ikiüzlülüyünü ifşa edir. Belə ki, bu dövrdə müxtəlif ölkələrdən gətirilən insanlar "insan zooparkları" adlanan qəfəslərdə saxlanılırdı. Hələ qəfəslərin üzərindəki yazı… "Xahiş edirik yemək verməyin!". Təsəvvür edə bilirsiz? Bəs, İkinci Dünya müharibəsinin sonunda minlərlə əlcəzairli insanın fransız əsgərləri tərəfindən öldürülməsi? "Setif və Quelma" qırğını kimi tarixə düşən hadisələri demirik heç… Təsadüfi deyil ki, bəşər tarixinin ən böyük soyqırımlarından biri sayılan və 800 min insanın həyatını itirdiyi Ruanda soyqırımında da Fransanın əli var. Bu cür fəaliyyətlərə imza atmış ölkədə hansı sivilizasiyadan söz gedə bilər ki?

İşğalçı ölkənin özü kimi digər işğalçı ölkənin yanında olması da təəccüb doğurmur. Fransanın İkinci Qarabağ müharibəsində Ermənistana göstərdiyi dəstək onun qərəzli siyasətinin nümunəsidir. Daim sülh tərəfdarı olan ölkəmiz də Fransanın bu siyasətinə qarşı çıxmışdır. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun martın 2-də Bakıda keçirilən Zirvə görüşündəki çıxışında Fransanın müstəmləkəçilik siyasətini sərt tənqid etməsi bunun təzahürüdür. Ölkə başçımızın sözlərinə görə, Fransa törətdiyi soyqırımlara görə üzr istəməlidir: "Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Biz, həmçinin, Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq".

Fransanın qanlı keçmişi bu gün də onun üz qarası kimi qalmaqdadır. Əslində, ölkə siyasət barədə Azərbaycandan örnək götürsə, bəlkə düzələ bilər. Ancaq xisləti dəyişməz fransızlar bunu etməkdənsə fitnəkar Ermənistana uymağa davam edir. Fransanın anti-Azərbaycan siyasətinin bir səbəbi də Qoşulmama hərəkatına ölkəmizin rəhbərlik etməsidir. Axı hərəkata rəhbərlik edən Azərbaycan daim dünyada artan neokolonizm meyillərinə qarşı çıxışlar edir. Bu da heç cür Fransanın siyasəti ilə üst-üstə düşmür. Əksinə, Fransa neokolonist siyasətini hələ də davam etdirir. Korsikanın Fransaya qarşı azadlıq mübarizəsi də bunun təzahürüdür. Həmçinin, fransızların Yeni Kaledoniya xalqının hüquqlarını kobud şəkildə pozması da gündəmdədir. Göründüyü kimi, nə qarşıdurmalar, nə də narazılıqlar Fransanı xain planlarından uzaqlaşdıra bilmir.  Lakin ölkə bu siyasətindən tezliklə əl çəkməlidir.

Nəzrin ELDARQIZI,

"Respublika".