Fransanın düşmənçilik siyasəti
Digər xəbərlər

Fransanın düşmənçilik siyasəti

Deyirlər, dost dar gündə tanınar. Məhz çətin günlərdə kimin dost, kimin düşmən olduğu bilinir. 44 günlük Vətən müharibəsi bir çox ölkələrin əsl iç üzünü ortaya çıxardı. Həmin dövlətlərdən biri də Fransa idi. Belə ki, ölkənin işğalçı və cinayətkar Ermənistanı müdafiə etməsi fonunda respublikamıza qarşı yürütdüyü qərəzli münasibət, Fransanın ölkəmizə düşmən mövqeyini təsdiqlədi. Belə ki, Fransa ölkəmizi haqlı bilə-bilə düşmənə tərəfdar çıxmışdır. Ən diqqətçəkən məqamlardan biri də Fransanın ATƏT-in keçmiş Minsk qrupunda təmsil olunmasına baxmayaraq, vaxtikən münaqişənin həllinə dəstək göstərməməsi idi. Əslində, Fransanın bu addımı onun heç də nankor Ermənistandan geri qalmadığını bir daha sübut edir. Görünür, erməni sevdalısı Azərbaycanın onun iqtisadiyyatına və mədəniyyətinə verdiyi töhfələri yaddan çıxarıb. Xatırladaq ki, Azərbayan Fransanın iqtisadiyyatına 3 milyard avroya yaxın sərmayə yatırmış, bir sıra fransız şirkətləri isə dövlətimizin təşəbbüskarı olduğu böyük layihələrdə yer almışdır. Bundan əlavə, Heydər Əliyev Fondu da Fransada bir sıra layihələr həyata keçirərək Orn departamentində X-XII əsrlərə aid 7 kilsənin bərpasında yaxından iştirak etmişdir. Ancaq nankor fransız siyasətçiləri bir müddət əvvəl utanmadan Qarabağdakı xristian abidələrinin guya azərbaycanlılar tərəfindən dağıdılacağı iddiası ilə gündəmə gəlmişdilər.

Fransanın mənfur əməlləri bununla da yekunlaşmır. Fransa və Ermənistanın dövlətimizə qarşı yürütdüyü düşmənçilik siyasətləri mahiyyətcə eyni olsa da, formaca bir-birinə bənzəmir. Belə ki, Paşinyana sevgi göstərən xain Fransa Azərbaycanın milli maraqlarına zidd olan fəaliyyətlərini özlərinə xas şəkildə davam etdirirlər. Bundan başqa, ölkənin Azərbaycana qarşı apardığı qara piar siyasətində Avropa praqmatizmi açıq-aydın hiss olunmaqdadır. Fransa Senatında və Milli Assambleyasında dövlətimizə qarşı qəbul olunan qərəzli qətnamələr Fransanın qərəzinin təzahürüdür. Xatırladaq ki, hələ İkinci Qarabağ müharibəsi dövründə Fransa Azərbaycana sanksiyalar tətbiq edilməsi ilə bağlı müzakirələri BMT-nin gündəliyinə çıxarmağa böyük səy göstərmişdi. Lakin Azərbaycanın dünyadakı nüfuzu, Avropa İttifaqı və Qoşulmama Hərəkatına üzv olan dost ölkələrin operativ müdaxiləsi Fransanın bu xəyanətkarlığının qarşısını almışdır. Üzdəniraq Fransanın belə xain əməllər törətməklə hansı məzhəbə qulluq etdiyi də məlum deyil. Axı nə Fransa Azərbaycandan, nə də ölkəmiz Fransadan asılıdır. Bunu Prezident İlham Əliyevin bu il yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsi zamanı söylədiyi fikirlər də təsdiqləmişdir: “Mən bu yaxınlarda qapalı bir görüşdə demişəm ki, Fransa bizsiz yaşaya bilər, biz də Fransasız yaşaya bilərik, heç onlar da hiss etməzlər, biz də hiss etmərik. Amma budur yol, bu, onların seçimidir və biz yenə də onlara qarşı heç nə etməmişik. Sadəcə olaraq, müharibə dövründə cavab vermişik. Mən indi müharibə dövründə olan yüksəksəviyyəli təmaslar haqqında bir şey demək istəmirəm, bu, qapalı söhbətlər əsnasında olmuşdur. Amma müharibə dövründə, necə deyərlər, çox gərgin münasibətlərimiz olmuşdur. Müharibə dövründə Fransa bizi açıq-aydın ittiham edirdi, bizə şər atırdı, böhtan atırdı”. 

Ölkə başçımız, həmçinin Fransanın Azərbaycandan üzrxahlıq tələb etməsinin vacibliyini də bildirmişdir. Məlumdur ki, Fransanın çirkin əməlləri kifayət deyilmiş kimi, hətta postmüharibə dövründə belə ölkə bizə şər, böhtan atırdı. Ümumiyyətlə, Fransanın timsalında bütün xainlər dərk etməlidirlər ki, ölkəmizə qarşı təhdidlərin nəticəsi məhz həmin dövlətlərin özü üçün ağır olacaq. Çünki heç bir çirkin əməl dövlətimizi öz haqq yolundan döndərə bilməz. Azərbaycanın gücü də, nüfuzu da bütün dünyaya bəllidir. 

Nəzrin ELDARQIZI,

“Respublika”.