Fransanın baş ravvini: Azərbaycanda güclü dini etiqad azadlığı mövcuddur
MÜSAHİBƏLƏR

Fransanın baş ravvini: Azərbaycanda güclü dini etiqad azadlığı mövcuddur

Fransa ravvinləri hər il toplaşaraq, dini fəaliyyətlərində əsas istiqamətləri müəyyənləşdirir, ortaya çıxan mühüm məsələləri müzakirə edir, yəhudilərin rituallarına dair fikir mübadiləsi aparırlar.

Bugünkü geosiyasətin ölkələrə təsirləri daha dərindən düşünməyə və digər ölkələrdəki yəhudi icmalarının nümayəndələri ilə görüşməyə sövq edib. Konqresə Azərbaycandakı yəhudi icmalarının nümayəndələrini də dəvət etmişik. Çünki Azərbaycan yəhudilərinin qədim tarixi var. Azərbaycanda yəhudi icmaları arasında dağ yəhudiləri əksəriyyət təşkil edir ki, onların da ravvini buradadır.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Fransa baş ravvini Haim Korsia Azərbaycanın həmin ölkədəki səfirliyinin Mədəniyyət Mərkəzində keçirilən Fransa Ravvinlərinin Konqresində deyib.

Bildirilib ki, Fransa ravvinləri konqresi məhz Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzində keçirməyi qərara alıblar. Çünki bu məkan çox gözəldir. Azərbaycan yəhudi icmalarının nümayəndələri Konqresə qatıldıqları üçün bu yer rəmzi məkan kimi seçilib.

"Azərbaycan dünyada yeganə ölkədir ki, yəhudi icmaları sakit və firavan yaşayırlar. Azərbaycan dövlətinin qayğısı sayəsində yəhudi icmaları öz adət-ənənələrini, tarixlərini, xüsusi dillərini nəsildən-nəslə ötürürlər.

Bu gün burada müzakirə edəcəyimiz mühüm məsələlərlə bağlı Azərbaycan yəhudilərinin heç bir problemi yoxdur. Çünki Azərbaycanda güclü dini etiqad azadlığı mövcuddur. Ancaq istərdim ki, Azərbaycan yəhudi icmalarının ravvinləri də Fransadakı həmkarları ilə görüşüb təcrübələrini bölüşsünlər", - deyə baş ravvin H.Korsia bildirib.

AZƏRTAC