Fransanı cənginə alan etirazlar davam edir
Digər xəbərlər

Fransanı cənginə alan etirazlar davam edir

Son illər Fransada gənclərin işsizlik problemi ölkədaxili etiraz aksiyalarına səbəb olub. Əmək Nazirliyi 320000-ə qədər gəncin işaxtarma mərkəzlərində növbələrə qoşulacağını gözləyir. Proqnozlara görə, gənclər arasında işsizlik 30 faizə çata bilər. Digər tərəfdən, Fransa hökumətinin enerji qiymətlərini bu ilin yanvar ayında 15 faizə qədər qaldırması gənclər üçün qəbuledilməzdir. Belə ki, minimum əməkhaqqı bu artımın yalnız 4 faizə qədərini qarşılaya bilir. Nəticədə, Fransada gənc işçilər və işaxtaranlar ikiqat zərbə alırlar. Fransalı politoloq Maksim Gauin bu problemin 2017-2022-ci illərdəki seçkilərdə məğlub olmuş müxalifətə təndiq üçün əsaslı şərait yaratdığını və tez bir zamanda islahatların keçirilməsinin önəmini vurğulayıb.

Gənclərin ardından yaşlılar üçün təqaüd yaşının 62-dən 64-ə yüksəldilməsi haqqındakı qanun təklifi də etirazların digər dalğasının başlanmasına gətirib çıxarmışdır. Qanuna görə, vətəndaşlar pensiya almaq üçün 2027-ci ildən etibarən 43 il işləməli olacaqlar. Etiraz aksiyaları dəmir yolu, hava yolu, məktəblər və xəstəxana xidmətlərinin müddətsiz dayandırılması kimi ciddi addımları əhatə edir. Bununla yanaşı, həkimlərə ayrılan aylıq əməkhaqqının az olmasından şikayətlənən etirazçılar şəhər meydanlarında toplanmağa davam edir. Etirazçıların böyük çoxluğu aclıq aksiyasına start verib.

Öz növbəsində Fransa Prezidenti Emmanuel Makron etirazları zorakılıqla susdurmağa əl atdı. Mühafizə orqanları etirazçılara qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə etdi. Nəticədə, etirazçıların qeyri-rəsmi liderlərindən biri Jerom Rodriges gözünü itirdi. Paris Administrasiyasının etirazlara sərt münasibətini Fransanın keçmiş daxili işlər naziri Kristof Kastaner açıq şəkildə ifadə edərək nümayişçiləri qeyri-etik dillə tənqid etmişdi. İnsan haqlarını, azadlıq, bərabərlik və qardaşlıq prinsipini "müdafiə"  edən ölkənin hüquqlarını tələb edən öz xalqına belə yanaşması dünya mediasında özünə yer tapdı.

Ölkəni bürüyən etiraz dalğası azmış kimi, Makron hökuməti siyasi gərginliyə səbəb olan PKK terror təşkilatı etirazçılarını susdurmaqda da acizlik göstərir. Belə ki, ötən ilin sonlarında Tremple Bulvarında hücumçuların əllərində terror təşkilatı - PKK-ya dəstək şüarları səsləndirməsi, əllərində terror təşkilatının lideri Abdullah Öcalanın fotoşəkli və PKK terror təşkilatını simvolizə edən parçaların olması da mövcud vəziyyətin göstəricisidir. Hücum edənlər əllərindəki çubuqlarla şüşə və güzgüləri sındıraraq nəqliyyat vasitələrini yararsız hala salmışlar. Polisin isə hücum edənləri gözyaşardıcı qazla zərərsizləşdirməsi diqqət çəkmişdi. Bundan əlavə, Fransa mətbuatında yer alan xəbərlərə görə, PKK tərəfdarları Parisdə 3 nəfərin ölümü ilə nəticələnən silahlı hücuma etiraz əlaməti olaraq Marseldə də yürüş keçirmişlər. Rəsmi Paris bu hadisələrdə 31 Fransa polisinin yaralandığını mətbuata açıqlamışdı. Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çəlik və digər türk siyasətçiləri məsələyə birmənalı olaraq Fransa tərəfinin terror aktlarında bu qədər yumşaq rəftarını qınamışdı. Hadisələrlə bağlı izlədiyi bir görüntüyə toxunaraq, hər kəsin bu haqda düşünməsi lazım olduğunu bildirən Ö.Çelik aktivistlərdən birinin Fransa ilə PKK arasındakı əlaqə barədə ifadəsini qeyd edib: "Biz İŞİD ilə savaşırıq ki, Parisdə rahat yatasınız. Biz buna qarşı mübarizə aparırıq, ancaq bizə qarşı hücumların qarşısını almırsınız". Bu cümlənin əslində əlaqənin çox aydın və qısa xülasəsi olduğunu qeyd edən Ö.Çelik Fransada baş verən hadisəni pisləmişdi. Göründüyü kimi, daxili problemlərinin həllində uğursuz olan Fransa hökuməti terror qruplaşmalarına da ölkə daxilində ixtilaflar yaratmağa imkan verir.

Öz vətəndaşlarının təhlükəsizliyini və normal yaşayış standartlarını təmin edə bilməyən Makron rejimi terrorçu qüvvələrin böyük dəstəkçisi olmaqda davam edir. Etiraz aksiyalarından da göründüyü kimi, öz haqlarını tələb edən Fransa vətəndaşlarına dövlətin münasibəti ziddiyətlidir. Belə ki, terrorçu qüvvəni təmsil edən iştirakçılara qarşı sadəcə gözyaşardıcı qazdan istifadə edən mühafizə orqanları yerli vətəndaşlara plastik mərmilərlə atəş açaraq cavab verir. Bu da öz növbəsində Fransanın humanitar və insan azadlığı prinsiplərini necə pozduğunu sübut edir.

Nurlan ABDALOV,

"Respublika".