Fransalı hüquq müdafiəçisindən Makrona şillə kimi cavab:
MÜSAHİBƏLƏR

Fransalı hüquq müdafiəçisindən Makrona şillə kimi cavab:

Bəyanatınız Fransanın son tarixində ən uğursuz diplomatik gediş idi

Fransada fəaliyyət göstərən Vicdan Azadlığı Uğrunda Koordinasiya Mərkəzinin rəhbəri Tyeri Vale bu ölkənin Prezidenti Emmanuel Makronu Azərbaycanla bağlı son bəyanatına görə sərt tənqid edib.

AZƏRTAC xəbər verir ki, Tyeri Valenin "Causeur" jurnalında "Həqiqət deyilmədən etibar yarana bilməz" sərlövhəsi ilə dərc edilən açıq müraciətində E.Makronun bu bəyanatla Cənubi Qafqazda həssas sülhü təhlükə altına atdığı qeyd edilib.

Müəllif bildirib ki, Fransa Prezidenti, həmçinin Avropa İttifaqının Ermənistan-Azərbaycan normallaşması prosesindəki roluna da şübhə salır.

Müraciətdə qeyd olunur ki, sonuncu Praqa görüşündə tərəflərin bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıması kimi vacib addımı fonunda E.Makronun "Qarabağı Ermənistanın ürəyi" adlandırması həm beynəlxalq normalara hörmətsizlikdir, həm də bu razılığa zərbə vurub.

Avropanın kövrək sülh prosesindəki rolunu zədələyən Fransa Prezidenti Cənubi Qafqazı "daha da Rusiyaya tərəf itələmiş oldu" yazan T.Vale məlum bəyanatı "postsovet dönəmində Fransanın ən uğursuz diplomatik gedişi" adlandırıb.

Hüquq müdafiəçisi bəyanatını mənəvi dəyərlərə sədaqətlə əsaslandırmağa çalışan E.Makronu həm də ikiüzlülükdə ittiham edərək deyib: "Düşünmürəm ki, Qarabağ münaqişəsinin ən qaranlıq səhifəsi olan Ermənistanın törətdiyi Xocalı faciəsini sizin dediyiniz kimi "Ermənistanın apardığı tolerantlıq uğrunda mübarizə" çərçivəsinə sığdırmaq olar. Bunu bilib deməmək isə Fransanın quruluş prinsiplərindən olan "Bərabərlik" şüarına hörmətsizlikdir".

Müraciətin sonunda T.Vale E.Makrona Fransanın həqiqi mənəvi dəyərlərinə sadiq olmağı, Ermənistandakı dostlarına bu ölkənin əvvəlki qatil rejimləri tərəfindən törədilmiş Xocalı cinayətini tanımağı məsləhət görür: "Bu, Fransanın Cənubi Qafqazda həqiqətən ehtiyac duyulan barışığa gerçək töhfəsi ola bilər".

"Xocalı: Barışıq üçün etiraf et" koalisiyasının üzvü, məşhur hüquq müdafiəçisi, "Srebrenisa anaları" birliyinin sədri Münirə Sübaşıçın iki həftə əvvəl Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasında keçirilmiş konfransda etdiyi çıxışdan sitat gətirən T.Vale müraciətini "Etibarsız barışıq, həqiqət deyilmədən etibar yarana bilməz" sözləri ilə bitirib.

AZƏRTAC