Fransadakı səfirliyimizə hücum erməni vəhşiliyidir
Digər xəbərlər

Fransadakı səfirliyimizə hücum erməni vəhşiliyidir

1961-ci il Vyana Konvensiyasına görə, istənilən ölkədə yerləşən xarici diplomatik korpusun, səfirliklərin təhlükəsizliyini dislokasiya olunmuş ölkə mühafizə etməli, qorumalıdır. Erməni terrorçularının Azərbaycanın Fransadakı səfirliyinə hücumu əsl vəhşiliyin və erməni xislətinin göstəricisidir.

Bu, birinci hal deyil. İki gün bundan əvvəl Azərbaycanın Beyrutdakı səfirliyinə də belə hücum təşkil olunmuşdu. Fransadan fərqli olaraq, Livan polisi çox ciddi şəkildə erməni terrorçularının hücumlarının qarşısını aldı. Təəssüf ki, Livandan fərqli olaraq Parisdə - Avropanın, dünyanın mədəniyyət paytaxtında hüquq-mühafizə orqanlarının, polisin erməni vəhşiliklərinə hər hansı müdaxiləsinin şahidi olmadıq. Kadrlarda da görünür ki, erməni terrorçuları səfirliyin ətrafında təhlükəsizlik məqsədilə qoyulmuş dəmir hasarları dağıdır, qapını sındırmağa cəhd edirlər. Təbii ki, bundan sonra səfirlik işçilərinin həyatı üçün təhlükə yaradacaq çox böyük hadisələr baş verə bilərdi. Çox təhlükəli anlar idi. Fransa dövləti bu məsələdə bilavasitə məsuliyyət daşıyır.

Fransanın hadisələrin qarşısını almaması, dolayısı ilə terrorçuları dəstəklədiyinin bariz nümunəsidir. Azərbaycanın Xarici İşlər Nazirliyi, hüquq-mühafizə orqanları çox açıq və sərt şəkildə fransalı həmkarlarından tələb etməlidirlər ki, hadisə detallı araşdırılsın, bunu təşkil edən cinayətkarlar müəyyənləşdirilsin, onlar barəsində qanunamüvafiq cəza tədbirləri seçilsin. Əks halda, bu cür hadisələrin Fransa və ya digər ölkələrdə təkrarlanması gözləniləndir.

 Xatırlatmaq lazımdır ki, Azərbaycan Demokratik Cümhuriyyətinin rəhbərlərini, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli və digərlərini arxadan güllələyən, ötən əsrdə 64 türk diplomatını qətlə yetirən tayfa hər bir cinayətə, alçaqlığa qadirdir. Bu "millət" kiməsə arxalananda istənilən ağır cinayəti törədir.

Ermənilərin xarici ölkələrdə Azərbaycan səfirliklərinə qarşı törətdikləri hücumlara Azərbaycan tərəfinin də eyni tərzdə cavab verməsini təklif etmək doğru deyil. İndi XXI əsrdir. Belə məsələlərdə ermənilərdən nümunə götürmək olmaz. Biz daha çox hüquqi vasitələrlə onlara qarşı mübarizə aparmalıyıq. Haqq-ədalət bizim tərəfimizdədir. Amma hesab edirəm ki, bu məsələlər emosional şəkildə həll olunmamalıdır. Biz qalib xalq, qalib dövlətik. Dövlət, millət olaraq öz sözümüzü hərbi meydanda demişik. Diplomatik masada da bütün qalibiyyət, bütün müsbət elementlər, beynəlxalq hüquq bizim tərəfimizdədir. Təsadüfi deyil ki, üçtərəfli görüşlərin hamısında Azərbaycanın mövqeyi dəstəklənir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmasaq belə, KTMT-də son erməni təxribatlarından sonra Azərbaycanın haqlı mövqeyi müdafiə olundu. Ermənilər tələb etdikləri dəstəyi almadılar. Eyni zamanda BMT Təhlükəsizlik Şurasında Azərbaycanın əleyhinə bir dənə də qətnamə, hansısa sənəd qəbul olunmadı. Bütün bunlar deməyə əsas verir ki, Azərbaycanın mövqeyi haqqa, ədalətə, beynəlxalq qanunlara söykənir. Bunu inkar etmək mümkün deyil.

Nəsib MƏHƏMƏLİYEV,

Milli Məclisin deputatı.