Fransada yaşayan soydaşlarımız Milli Assambleyaya etiraz məktubu ünvanlayıblar
Digər xəbərlər

Fransada yaşayan soydaşlarımız Milli Assambleyaya etiraz məktubu ünvanlayıblar

Fransada yaşayan Azərbaycan əsilli fransızlar bu ölkənin Milli Assambleyasına etiraz məktubu ünvanlayıblar.

AZƏRTAC xəbər verir ki, onlar Milli Assambleyanın noyabrın 28-də müzakirəyə çıxaracağı, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşma prosesinə xidmət etməyən və regionda sülhün bərqərar olmasına kölgə salan 388 saylı qətnamə layihəsini hüquqi və ədalət baxımından son dərəcə təhlükəli təşəbbüs hesab edərək, fransız deputatlara məktub vasitəsilə qəti etirazlarını bildiriblər. Onlar həmin qətnamə layihəsinin müəlliflərinin qərəzli yanaşmasını sərt şəkildə qınayıblar.

Bildiriliblər ki, fransız deputatların bu addımı bu ölkədə uzun illərdir yaşayan və fransız cəmiyyətinə inteqrasiya etmiş, həmçinin Fransanı özünə yaxın bilən hər bir Azərbaycan əsilli fransız üçün ağır mənəvi zərbədir. Bu layihə fransızların tarixən mövcud olmuş "azadlıq, bərabərlik, qardaşlıq" ideyasına və normal siyasi məntiqə tamamilə ziddir. Dünyaya insan azadlığı, demokratiya və hüquq bərabərliyi ilə bağlı nümunə olmağa çalışan bir ölkənin Milli Assambleyasının beynəlxalq hüququn ümumqəbul edilmiş norma və prinsiplərini və mənəvi qaydaları kobud şəkildə pozaraq belə bir sənədi müzakirəyə çıxarması siyasi cəhətdən yanlış addım olmaqla yanaşı, həm də böyük ədalətsizlik hesab edirlər.

"Azadlığı, suverenliyi, ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparan Azərbaycana qarşı bu haqsızlıq bütövlükdə demokratiyaya qarşı ədalətsizlik kimi qəbul edilməlidir. Bu, həm beynəlxalq hüquqa, həm də sadə məntiqə ziddir", - deyə məktubda bildirilib.

Qeyd olunub ki, Milli Assambleyaya təqdim olunmuş bu qətnamə layihəsi ilə multikulturalizm dəyərləri ilə yaşayan bir ölkədən - Azərbaycandan üz döndərərək, totalitar, monoetnik bir dövlətə - işğalçı Ermənistana dəstək göstərilmiş olurlar.

Fransadakı soydaşlarımızın Milli Assambleyaya ünvanladıqları məktubda 30 illik erməni işğalı dönəmində yüz minlərlə azərbaycanlının doğma yurdlarından didərgin salınmasına, təməl insani haqlarından məhrum edilməsinə, minlərlə həmvətənimizin ermənilər tərəfindən qətlə yetirilməsinə, amansız işgəncələrə məruz qalmasına göz yummasına təəssüflənərək, illərdir yaşayıb uğurla fəaliyyət göstərdikləri ölkə tərəfindən belə qərəzli yanaşmanın təkrarlanmasına təəssüfləndiklərini bildiriblər.

"Vətənimiz Azərbaycan təkcə erməni işğalçılarına qarşı 2020-ci ildə Vətən müharibəsi günlərində apardığı haqq savaşında deyil, eyni zamanda, Birinci Qarabağ müharibəsində (1991-1994-cü illər) də Fransa dövləti və hökumətinin qərəzli münasibəti və ədalətsizliyi ilə üzləşib. Həmçinin bir neçə gün əvvəl parlamentin yuxarı palatası olan Senat tərəfindən də müvafiq qətnamənin qəbul edilməsi Fransanın ədalət anlayışının nə qədər "ədalətli" olduğunu bir daha sübut edir.

Əvvəlcə Senat tərəfindən qəbul edilmiş, indi də parlamentin aşağı palatasının müzakirəyə çıxarmağa hazırlaşdığı belə bir layihədə heç bir hüquqa və ədalətə sığmayan şərtlər irəli sürülərək Azərbaycanın ittiham edilməsi, tarixi riyakarlıq və absurd kimi dəyərləndirilməlidir", - deyə fransız parlamentarilərinin qərəzli mövqeyinə etiraz bildirilib. Diqqətə çatdırılıb ki, təcavüzə məruz qalan Azərbaycanın deyil, terrorçu Ermənistanın yanında yer alan və onun Vətənimizə qarşı ərazi iddialarını dəstəkləyən Fransa bununla beynəlxalq hüququn prinsiplərini növbəti dəfə kobud şəkildə pozmaqda, erməni faşizmini açıq şəkildə müdafiə etməkdədir.

Cənubi Qafqazdakı hərbi-siyasi vəziyyəti gərginləşdirməyə, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasının qarşısını almağa hesablanan məlum qətnamə layihəsi 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata iki ildir əməl etməyən, davamlı olaraq ölkəmizə qarşı terrorçu və təxribatçı siyasəti aparan Ermənistanı mənfur əməllərini davam etdirməyə, Ermənistandakı revanşist qüvvələri qızışdırmağa sövq edəcək və qarşıdurma meyillərini gücləndirərək, bölgədə sülh, sabitlik və tərəqqiyə mane olacaq.

Vurğulanıb ki, Azərbaycan Avropa İttifaqının (Aİ) "Şərq tərəfdaşlığı" Proqramının üzvüdür. Milli Assambleyanın bu layihəsi Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə ciddi təhdid, yeni işğalçılıq fəaliyyəti və müharibə üçün rəy formalaşdırmaq üçün təxribat cəhdidir. Assambleya nəzərə almalıdır ki, Fransanın bu addımı regionda sülhün bərqərar olması, etimad mühitinin formalaşdırılması, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması məqsədilə Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilmiş üçtərəfli görüşlərin nəticəsinə etimadsızlıq yaradır və Aİ Şurasına fəaliyyətinə ziddir. Fransa bununla üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əməl etməkdən yayınaraq, belə məsələlərdə Avropa İttifaqının istənilən qurumunun vasitəçiliyinə kölgə salır ki, bu da onun gələcəkdə Aİ-nin perspektivinə problem yaratmağa, qurumu etibarsız təşkilata çevirməyə xidmət etməkdən başqa bir şey deyil.

Fransa azərbaycanlıları bir daha bəyan edirlər ki, Fransa Milli Assambleyası onun adına rüsvayçılıq olan bu qətnamə layihəsinin qəbul edilməsindən imtina edərək, tarixi səhvini düzəltməli, terrorçu Ermənistanın haqsız iddialarını müdafiə etməklə Cənubi Qafqazda yeni bir qarşıdurmanın baş verməsinə təkan verməməlidir. Hüququn, ədalətin də tələbi hər kəs üçün aydındır və hamı kimi, Fransa da bu tələbə hörmətlə yanaşmalıdır.

Fransada yaşayan soydaşlarımız məktubda Milli Assambleyanın üzvlərini Azərbaycanın erməni işğalından azad edilmiş ərazilərinə dəvət edərək, erməni vandalizminin şahidi olmağa və bundan sonra "ədalətli yanaşma" prinsipini bir daha nəzərdən keçirməyə çağırıblar.

AZƏRTAC