Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsi Azərbaycan Ombudsmanının fəaliyyəti barədə məlumatlandırılıb
Digər xəbərlər

Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsi Azərbaycan Ombudsmanının fəaliyyəti barədə məlumatlandırılıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Fransa Respublikasının Xarici İşlər Nazirliyinin Şərq Tərəfdaşlığı üzrə səfiri Bris Rokföy və Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zakari Qross ilə görüşüb.

Ombudsman Aparatından AZƏRTAC-a bildiriblər ki, S.Əliyeva qonaqlara Azərbaycan Ombudsman təsisatının mandatı, insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi çoxşaxəli fəaliyyət barədə məlumat verib.

Müharibə və postmüharibə dövründə Azərbaycan Ombudsmanı tərəfindən həyata keçirilən fəaliyyət, faktaraşdırıcı missiyalar, İkinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən insan hüquqları və beynəlxalq humanitar hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması halları barədə danışılıb.

Görüşdə azərbaycanlı məcburi köçkünlərin Ermənistanın işğalından azad edilmiş doğma yurdlarına qayıdışı üçün dövlət tərəfindən kompleks tədbirlərin həyata keçirildiyi, bununla yanaşı, azad edilmiş ərazilərimizdə mövcud olan mina təhlükəsinin, habelə, yaşayış evlərinin tamamilə dağıdılmış vəziyyətdə olmasının bir milyona yaxın məcburi köçkün əhalinin öz yurdlarına qayıtmasına əngəl yaratdığı vurğulanıb.

Birinci Qarabağ müharibəsi dövründə əsir və itkin düşmüş, girov götürülmüş dörd minə yaxın soydaşımızın taleyi barədə narahatlıq qonaqların diqqətinə çatdırılıb.

Görüşdə, həmçinin regionda sülhün təmin olunmasında milli insan hüquqları institutlarının rolu, mövcud vəziyyətin normallaşdırılması istiqamətində birgə əməkdaşlığın əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.

AZƏRTAC