Fransa və İranın anti-Azərbaycan siyasəti
Digər xəbərlər

Fransa və İranın anti-Azərbaycan siyasəti

Fransanın və İranın anti-Azərbaycan siyasətində bir sıra oxşarlıqlar və üst-üstə düşən məqamlar müşahidə edilməkdədir. Şübhəsiz ki, iki dövləti bir-birinə yaxınlaşdıran əsas amillərdən biri Ermənistandır. Belə ki, rəsmi Paris bütünlüklə İrəvanın işğalçı siyasətini dəstəkləyir, Tehran isə üzdə özünü bitərəf göstərməyə çalışsa da, əslində ermənipərəst mövqedən bəyanatlar verərək Ermənistan hakimiyyətinin siyasi gedişinə dəstək verir.

İkinci Qarabağ müharibəsindən sonra əzəli düşmənlərin - Fransa və İranın ölkəmizə qarşı münasibətdə eyni mövqedə yer alması, regional lider olan Azərbaycanın mövqeyinə təsiretmə cəhdləri dövlətimiz tərəfindən daim diqqət mərkəzindədir. Proseslər onu deməyə əsas verir ki, Fransa Azərbaycan və Ermənistan arasında sülh sazişinin olmasını istəmir, İran isə bölgənin iqtisadi mənzərəsini dəyişəcək Zəngəzur dəhlizinin açılmasını əngəlləməyə çalışır.

Son zamanlar İranın Azərbaycana qarşı əks mövqeyi üst səviyyələrdədir. Tehranda səfirliyimizə planlı olaraq törədilən terror aktı da bundan xəbər verir. Ermənistan ilə isti qonşuluq əlaqələri olan İranın rus sülhməramlı kontingentinin müvəqqəti nəzarətində olan Laçın dəhlizindən gizlin yollarla silah, yanacaq və ərzaq yardımı anti-Azərbaycan siyasətinin göstəricisidir. Təkcə iqtisadi maraqlar çərçivəsində yox, eləcə də Mərkəzi Asiyadan başlayan türk dünyasının birləşməsinə mane olmağa çalışan molla rejimini regionda bu əlaqələrin birləşməsi ciddi narahat edir. 30 milyondan çox həmvətənlərimizin məskunlaşdığı İranda hökumət tərəfindən Zəngəzur dəhlizinin açılması təhdid olaraq görülür. İslam respublikası adlanan İranın Fransa ilə Azərbaycana qarşı birləşməsi onun xəbis niyyətinin göstəricisidir.

Beynəlxalq münasibətlərdən də bəlli olduğu kimi, bəhs olunan ölkələri ayıran cəhətlər onları birləşdirən amillərdən çoxdur. Əvvəla, İran ilə Fransanı bir-birindən uzaq məsafə ayırır. İki ölkənin dövlət idarəçiliyi fəlsəfəsi və qəbul etdikləri dəyərlər də tamamilə fərqlidir. Nə qədər qəribə görünsə də, Fransa və İran təcavüzkar dövlətin yanında yer alaraq Azərbaycanın mövqeyini və rolunu dəyərləndirmirlər. Ölkəmizin maraqlarına uyğun olmayan bəyanatlar ilə beynəlxalq arenadakı nüfuzumuza zərbə vurmağa çalışırlar. Bütün bunlar isə öz növbəsində Azərbaycanın regional lider olmasını təsdiqləyən amillərdir.

Fransanın Azərbaycana bir növ düşmənçilik adlandıra biləcəyimiz mövqeyi mahiyyətcə dünya miqyasında gücümüzə təsir etməyə yönəlmişdir. Ermənistana dostluq mesajları ünvanlayan Fransa və İranın Azərbaycanın milli maraqlarına zidd olan münasibətləri günü-gündən artmaqdadır. Fransanın ölkəmizə qarşı apardığı qara piar siyasətində isə bəzi Avropa ölkələrinin də ayrı-seçkiliyi aydın sezilir.

Ötən il ölkənin Senatında və Milli Assambleyasında ölkəmizə qarşı qərəzli qətnamələr qəbul olunmuşdu. Bundan əvvəlki mərhələdə - müharibə günlərində Fransa Azərbaycana sanksiyalar tətbiq edilməsi ilə bağlı müzakirələri BMT-nin gündəliyinə çıxarmağa böyük səy göstərmişdi. Lakin Avropadakı Azərbaycanın suverenliyini tanıyan ölkələrin operativ müdaxiləsi sayəsində Fransanın bu xəyanətkarlığının qarşısını almaq mümkün olmuşdu. Fransa Respublikası Senatının və Milli Assambleyasının, eləcə də bu ölkənin bir sıra siyasi dairələrinin uzun illər davam edən və son dövrdə daha da kəskinləşən açıq irqçi, azərbaycanofob, türkofob və islamofob fəaliyyətinə, ümumiyyətlə Fransanın beynəlxalq hüquq normalarına və prinsiplərinə açıq hörmətsizlik nümayiş etdirərək Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı qərəzli və ədalətsiz addımlarının intensivləşməsinə etiraz olaraq Azərbaycan Respublikasının Milli Məclisi də rəsmi bəyanat vermişdir. Ötən 30 il ərzində ATƏT-in keçmiş Minsk qrupunun həmsədr ölkələrindən biri kimi, Qarabağ münaqişəsinin həllinə hər hansı bir töhfə verməyən, əksinə, status-kvonun sonsuzadək saxlanılmasına böyük canfəşanlıq göstərən Fransa postmüharibə mərhələsində də ənənəvi siyasətindən geri dönmək istəmir. Ötən il Fransa prezidenti Emmanuel Makronun yerli mətbuata verdiyi müsahibəsində də səsləndirdiyi fikirlər bunu bir daha təsdiqləyir. Emmanuel Makron Azərbaycanla Ermənistan arasındakı şərti sərhədlər boyunca sentyabr ayında baş verən hərbi toqquşmalardan bəhs edərək əminliklə bildirib ki, Fransa Ermənistanı tək qoymayacaq: "Ermənistan bizim unikal əlaqəmiz olan ölkədir. Azərbaycan sərhəd boyu bir neçə yerdən Ermənistana qarşı hücuma keçib. Biz buna görə onları qınadıq. Biz erməniləri tək buraxmayacağıq". Makron müsahibəsində, həmçinin Azərbaycanı "dağıdıcı müharibə" aparmaqda ittiham etmişdi.

Ölkəmiz regional çərçivədə, Avropa İttifaqında və bütün türk dünyasında qarşılıqlı maraqlar əsasında əməkdaşlığın genişləndirilməsini davam etdirir. Əksər dünya ölkələrinin Azərbaycana münasibəti də adekvatdır. Ermənistan istisna olmaqla, bütün qonşu ölkələr, Avropa İttifaqı ölkələri, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının üzv dövlətləri respublikamızla əməkdaşlıq münasibətlərinin genişləndirilməsinə böyük önəm verirlər.

Nurlan ABDALOV,

"Respublika".