Fransa Senatının Azərbaycanla bağlı qəbul etdiyi qərar dəyərsiz kağız parçasıdır
Digər xəbərlər

Fransa Senatının Azərbaycanla bağlı qəbul etdiyi qərar dəyərsiz kağız parçasıdır

Fransa parlamenti Azərbaycana qarşı üçüncü dəfə həqiqəti əks etdirməyən, iftira və təxribat xarakterli qətnamə qəbul edib. Qətnamə layihəsi bu ilin sentyabrında Azərbaycan-Ermənistan sərhədində baş vermiş irimiqyaslı toqquşmalardan dərhal sonra Fransa Senatının hakim fraksiyasına daxil olan senatorlar tərəfindən təklif edilib. Bütün dünya azərbaycanlıları bu tendensiyalı layihənin səsverməsinə etiraz olaraq petisiya yaradıblar. Qısa müddətdə 100 mindən çox imza toplanılıb, lakin Fransa parlamenti və Xarici İşlər Nazirliyi buna əhəmiyyət verməyib. Nə çoxsaylı müraciətlər, nə Parisdəki etirazlar, nə də aşkar, təkzibedilməz faktlar Senatın öz ölkəsinin siyasi tarixində növbəti biabırçı səhifə yazmaq "əzmi"nə təsir göstərməyib.

Fransa Senatı bu qətnaməni qəbul etməklə Azərbaycanla münasibətlərə sarsıdıcı zərbə vurub. Hazırkı qətnamə ölkələr arasında 1993-cü il dekabrın 20-də imzalanmış "Dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında müqavilə"yə birbaşa ziddir. Belə qərəzli ittihamlar əsasında qəbul edilən qətnamənin qəbulundan sonra Fransa ilə Azərbaycan arasında hansısa dostluq, əməkdaşlıq və qarşılıqlı anlaşma məsələsindən danışmaq mümkün deyil. Fransanın Azərbaycana qarşı düşmən münasibəti təkcə parlamentin mövqeyində ifadə olunmur. Məlum olduğu kimi, Fransadakı radikal erməni qruplaşmaları Azərbaycanın Parisdəki səfirliyinə dəfələrlə hücumlar təşkil etsə də, Fransa tərəfi heç vaxt bu hücumların qarşısını almaq üçün tədbir görməyib, bununla da Vyana Konvensiyasından irəli gələn öhdəlikləri pozub.

Paris Azərbaycana qarşı düşmənçilik mövqeyində o qədər irəli gedib ki, qətnamə layihəsində Azərbaycan qoşunlarının Laçın dəhlizi ərazisindən çıxarılması tələbi də yer alıb. Söhbət Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən gedir və bu tələb heç bir çərçivəyə sığmır. Hətta Ermənistan heç vaxt Azərbaycan qoşunlarının Laçın dəhlizindən çıxarılmasını xahiş də etməyib! Amma Fransa Senatının üzvləri "ermənilərin özündən də böyük erməni" olmağa çalışırlar".

Qətnamə reallıqdan uzaqdır, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinə xələl gətirməyə yönəlib. Bu sənəd, həmçinin Fransanın növbəti dəfə qərəzli və birtərəfli siyasi mövqeyini bariz şəkildə nümayiş etdirir. Qətnamədə yer alan fikirlər müəlliflərin tarix, hüquq dərslərinə böyük ehtiyacı olduğunu təsdiqləyir. Senatın adi kağız parçasından fərqli olmayan bu sənədinin Azərbaycan üçün önəmi olmasa da Fransa özünün çirkin niyyətlərini, Azərbaycana qarşı artıq tam şəkildə açıq müstəviyə keçirdiyi qərəzli mövqeyini, hazırkı mərhələdə bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması üçün sülh müqaviləsinin imzalanmasının bir tələb kimi gündəmdə olduğu bir vaxtda prosesə əngəl törətmək istəyini nümayiş etdirdi. Bu fikirləri "qətnamə"yə münasibət bildirən, Türkiyənin Azərbaycandakı sabiq səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə rəhbəri, Türk Ağsaqqalları Birliyinin Türkiyə və Türk dünyası üzrə həmsədri Hulusi Kılıç deyib. O, Azərbaycana qarşı qəbul olunmuş qətnamənin tamamilə qərəzli və qeyri-obyektiv olduğunu, eyni zamanda, Fransanın Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə açıq hörmətsizlik etdiyini deyib. Hulusi Kılıç qeyd edib ki, bu qətnamə Fransanın özünün zərərinə işləyir: "Bu qərar Fransa Senatının erməni lobbisi tərəfindən satın alındığını göstərir. 44 günlük Vətən müharibəsi sırasında da Senat buna bənzər bir qərar qəbul etmişdir. Biz Fransa kimi bir dövlətin nə qədər ucuz qərarlar ardınca qaçdığını görürük. Buna görə də Azərbaycan Milli Məclisinin aldığı qərarı alqışlayırıq. Keçmişdə Fransa tərəfindən sözdə ermənilərə qarşı soyqırımın törədildiyi ilə bağlı absurd qərarlar çıxarılıb. Bunun nə qədər yalan və iftira olduğunu hər kəs bilməlidir: "Bu gün Fransa dedikdə göz önünə hazırda Avropada və dünyada nüfuzunu itirmiş, dövlət maraqlarını hansısa lobbilərin marağına qurban vermiş, dünyada sülhə, inkişafa mane olan bir ölkə gəlir. Bu ölkə Qafqazda sülhün əldə edilməsi üçün hansısa şərt qoya bilməz. Özü də bu şərtin qeyri-qanuni, beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğunu da xüsusi olaraq vurğulamalıyıq. Yəni, bu qətnamə heç bir şey ifadə etmir. Sadəcə Fransanın tarixinə növbəti qara ləkə kimi düşəcək".

Müsahibimiz qeyd edib ki, əslində Fransa Senatının bu addımı bir məsələni də yenidən gündəmə gətirib: "Söhbət ATƏT-in Minsk Qrupunun savaşdan öncəki fəaliyyətindən gedir. Yəni, bu qətnamənin ruhunda məhz Minsk Qrupunun fəaliyyətsizlik mexanizmi dayanır desək, heç də yanılmarıq. Minsk Qrupu münaqişənin həllinə yanaşmada bu cür mövqe sərgilədiyi üçün uzun illər Azərbaycan torpaqları Ermənistanın işğalı altında qaldı".

H.Kılıç vurğulayıb ki, əgər biz sənəddə qeyd olunan iddiaları nəzərdən keçirsək, onda görərik ki, onun müəllifləri tarixi faktlardan və regiondakı mövcud vəziyyətdən ümumiyyətlə, xəbərsizdirlər, hətta belə nəticəyə gəlmək olar ki, onlar Qarabağın coğrafi olaraq harada yerləşməsini belə bilmirlər.

Yazıqlar olsun! Yazıqlar olsun ki, Qarabağdakı həqiqətləri bilmirsiniz. Bilmirsinizsə, gəlin-görün, həqiqətlə yerindəcə tanış olun. Yazıqlar olsun ki, 28 il həmsədr olaraq bu bölgəyə gəlib-getdiniz və problemin həll olmaması üçün əlinizdən gələni etdiniz. 44 günlük Vətən müharibəsində də Fransa nə qədər tərəfli və ədalətsiz olduğunu göstərdi. Fransa cinayət başında yaxalandı. Ermənistanı çox sevirsinizsə Marseli ermənilərə verin. Hər gün bir-birinizi görün. Kim kimin torpaqlarını işğal edib? Azərbaycan öz torpaqlarını azad edib. BMT Təhlükəsizlik Şurasının 1992-1993-cü ildə qəbul edilmiş 4 qətnaməni oxuyun. Bu qətnamələrdə Fransanın imzası var. Bu qədər cahil olmaq olar?

Bu qərarın heç bir kəsəri yoxdur. Bundan Fransa zərərli çıxacaq. Türkiyə hər zaman Azərbaycanın yanındadır və bundan sonra da daima  yanında olacaq".

 Fransa Senatının qəbul etdiyi qətnamə sülh prosesinə mane olmaqla yanaşı, terrora və işğalçıya dəstək verir. Azərbaycan xalqının iradəsinə, onun apardığı haqlı və ədalətli mübarizəsinə heç nə təsir edə bilməz. Digər tərəfdən Fransa bilsin ki, Azərbaycan öz sözünü Vətən müharibəsində söyləyib və möhürünü vurub. Bütün dünya görüb ki, Qarabağ Azərbaycan torpağıdır. Eyni zamanda, başqa ölkələrin Azərbaycanın ərazi bütövlüyünə qarşı hər hansı fikir və cəhdlərinə dəmir yumruqla nöqtə qoyulmuşdur, - deyib Hulusi Akar.

 Görünən odur ki, Fransa Ermənistana hər cür dəstək verməklə bölgədə yeni münaqişə ocağı yaratmağa çalışır. Görünür, Azərbaycanın 44 günlük Vətən müharibəsi zamanı döyüş meydanlarında bütün dünyaya nümayiş etdirdiyi şücaətlər, düşmənə vurulan öldürücü zərbələr Fransa, eləcə də Ermənistan üçün yetəri qədər dərs olmayıb.

Esmira YAZKAN ASLANOVA,

 ''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.