Fransa portalında Azərbaycanda Alban dini abidələrinə dair məqalə dərc olunub
Digər xəbərlər

Fransa portalında Azərbaycanda Alban dini abidələrinə dair məqalə dərc olunub

Azərbaycan qədim zamanlardan Şimal və Cənubdan gələn çoxsaylı mədəniyyət, din və dil təsirləri ilə zənginləşib və bu təsirlər onun çoxminillik tarixini, milli kimliyini formalaşdırıb. Qədim İpək Yolu üzərində yerləşən köhnə sikkə yataqları Qafqazın antik dövrdən mühüm ticarət mərkəzi olduğunu təsdiqləyir. Etnik qruplara məxsus dağlarda mövcud olan 60 dil füsunkar dil muzeyi haqqında təsəvvür yaratmağa imkan verir.

Lakin bu gün Azərbaycanın müxtəlif mədəniyyətlərə və inanclara malik icmaların yaşadığı etiraf edilsə də, onun Qafqaz Alban Kilsəsinin tarixi beşiyi olmasından az danışılır. Müəllif bildirir ki, Qafqaz Albaniyası kimi tanınan, indi mövcud olmayan böyük bir krallığın mərkəzində pravoslav, apostol və avtokefal kilsələr fəaliyyət göstərib. Yazılı mənbələr və maddi mədəniyyət nümunələri I əsrdən etibarən 26 tayfadan ibarət albanların bu ərazilərdə dominant olduqlarını təsdiqləyir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin (CNRS) islamşünas alimi, Paris Tədqiqatlar Ali Məktəbinin doktoru, bir çox beynəlxalq tədqiqat qruplarının üzvü Karim İfrakın "Musulmansenfrance" portalında dərc edilmiş "Azərbaycanda mövcud olmuş Qafqaz Alban kilsəsinin izi ilə" sərlövhəli məqaləsində yer alıb.

Məqalədə Alban avtokefal kilsəsinə məxsus əlyazmalardan da bəhs olunub. Bu məbədin XIX əsrdə çar Rusiyasının ruslaşdırma siyasətinin qurbanı olduğu qeyd edilib. Bildirilib ki, erməni Qriqoryan kilsəsi Qafqaz Alban kilsəsinin arxivlərini məhv edib. Çar Rusiyası tərəfindən osmanlı və fars imperiyalarından qovulan ermənilərin Naxçıvan və Qarabağ xanlıqları ərazilərində məskunlaşdırılması ilə Alban kilsəsinin izlərinin silinməsi daha da sürətlənib.

Yazıda, eyni zamanda, vurğulanıb ki, bir erməni arxeoloq Qarabağda yerləşən kilsə və monastırlarda tapılmış əlyazmalarla bağlı apardığı tədqiqatlar nəticəsində orada aşkarlanan irsin Alban kilsəsinə məxsus olması qənaətinə gəlib.

Qeyd edilib ki, Qafqaz Albaniyasının ilk kilsələrinin eramızdan əvvəl I əsrə aid olduğu göstərilib. Həmçinin Qafqaz Albaniyasının ilk paytaxtı olan Qəbələdən söz açılıb. Eyni zamanda, Qafqaz Alban kilsəsinin dünya irsinin, xüsusilə də xristianlığın ayrılmaz tərkib hissəsi olduğu vurğulanıb.

AZƏRTAC