Azərbaycan İkinci Qarabağ müharibəsində nələrə qadir olduğunu bütün dünyaya sübut edib. Bu dövrdə Ermənistanın Gəncədə, Bərdədə müharibə cinayətləri törətməsi onların çirkin niyyətlərini bir daha üzə çıxarıb. Kimin sülh tərəfdarı olduğu, kimin məsum insanları hədəf aldığı çox açıq görünüb. Lakin düşmən hələ də havadarları ilə birliktə ölkəmizə qarşı sanksiyalar və müxtəlif bəyanatlar qəbul etdirməyə çalışır. Fransa parlamenti və Makronun ölkəmizə bu qədər "töhfə" vermək istəməsi heç də təəccüblü deyil. Azərbaycan isə hər zaman ona böhtan atmaq istəyənlərə tutarlı cavab verib və verməyə də davam edəcək.
30 il boyunca vasitəçilik adı ilə özünü sülh mələyi kimi göstərən Fransa hökuməti hələ də ermənipərəst mövqeyini davam etdirir. ATƏT-in tərkibində yarıtmaz fəaliyyətindən sonra da, 44 günlük müharibə dövründə də erməni lobbisinin təsiri ilə anti-Azərbaycan siyasətini aparıb.
Ancaq sülh canfəşanlığı edən Fransa öz keçmişində Əlcəzairdə milyonlarla müsəlmanı qətlə yetirməsindən, özünün tarix boyu maraqları olduğu Nigerə müdaxilədən narahat görünmür. Əlcəzair və başqa dövlətlər bundan narahatlığını dilə gətirsə də, rəsmi Paris heç də təəssüflənmir. Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasına səfərində öz çıxışı ilə diqqət çəkmişdi. Çıxışı zamanı: "Fransanın Əlcəzair xalqına qarşı törətdiyi qətliam dünyanın heç vaxt unutmamalı olduğu bir hadisədir. Fransa Əlcəzair xalqına qarşı çox dəhşətli bir müharibə aparıb. Bu dəhşətli qətliam 1,5 milyon insanın ölümü ilə nəticələnib", - deyib. Həmçinin o, iyulun 5-də Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən iclasında da Fransanın müstəmləkəçilik siyasətinə diqqət çəkib: "Təəssüf ki, Fransa Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək, geosiyasi rəqabət, xarici hərbi mövcudluq və "Orientalizm" müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda da eyni mənfur təcrübəni tətbiq etməyə çalışır".
Makron hökuməti Afrika ölkələrinə nəzarət siyasətini davam etdirmək istəyir. Fransa bu ölkələri "təhlükədən" qorumaq məqsədilə burada qaldığını iddia etsə də, əslində belə deyil. Şübhəsiz ki, Fransa burada "zəli" siyasəti yürüdür.
Azərbaycan səfirliyinə olan erməni hücumlarında heç bir təhlükəsizlik tədbiri görməyən Fransa hökumətində polis özbaşınalığı artmağa davam edir. İyun ayının 28-də 17 yaşlı Əlcəzair əsilli fransız gənci polisin xidməti silahdan atəş açaraq öldürməsi ölkədə kütləvi etirazla qarşılanıb, polis 1000 nəfərə yaxın şəxsi həbs edib. Bu hadisələrdən sonra isə ölkə əhalisi Makron hakimiyyətindən məmnun görünmür. Gedərək böyüyən etiraz aksiyaları prezidentin idarəçiliyinin yetərli olmadığını ortaya çıxarır. Qiymət artımları da, həmçinin insanların səbrini sınamağa davam edir. Erməni lobbisinin təsiri altında addımlar atan Makron öz ölkəsinin nüfuzunu, siyasi və iqdisadi gücünü aşağı salmaqla məşğuldur. Fransada başlayan etirazlar Afrikadakı müstəmləkə dövlətlərə də öz təsirini göstərir. Artıq fransız jurnalistləri də rəsmi Parisin siyasətindən narazılıqlarını açıq şəkildə dilə gətirməyə başlayıb. Belə davam edəcəyi təqdirdə, Makron siyasətinin təsirlərinin Fransaya bundan sonra daha böyük çətinlik törədəcəyi bəlli məsələdir.
Nurcan SÜLEYMANOVA,
"Respublika".