Fransa hökumətinin laqeydliyi Korsika ölkənin ən kasıb regionudur
MÜSAHİBƏLƏR

Fransa hökumətinin laqeydliyi Korsika ölkənin ən kasıb regionudur

Müstəqilliklə bağlı milli hərəkatda səmimi əqidəli insanlar var. Ancaq təəssüf ki, onlar və Fransa hökuməti arasında hələ dialoq yoxdur.

İndiki siyasət göstərir ki, dövlət danışıqlara getməyə hazır deyil. İndiki vəziyyətdə Korsikaya müstəqillik verilməsinə, vəziyyətin nizama düşməsinə də inanmıram. Muxtariyyət istəyinə gəldikdə, gərək aydın olsun ki, muxtariyyət deyəndə nə istəyirlər. Korsikada yerli kollektivlər var. Ancaq inanmıram ki, bundan artıq muxtariyyət verilsin. Çünki Parislə Korsika arasında dialoq yoxdur. Bu vəziyyət artıq 50 ildən çoxdur davam edir. Bu gün Korsikada hakimiyyətə gəlmiş insanlar əvvəllər müstəqillik və muxtariyyət istəyən gizlin qruplarda olublar. Ancaq hazırda hər hansı bir zorakı hərəkət olmasa da, onların istəkləri demokratik olsa da, bu istiqamətdə irəliləyiş yoxdur, dialoq görünmür. 2015-ci ildən millətçilərin seçkilərdə qələbəsindən sonra dialoq yoxdur, gənc nəsil isə onu gözləyir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində korsikalı fəlsəfə müəllimi Joris Ciovanetti deyib. O bildirib ki, gənclər Korsikanı mənzərəsinə, təbiətinə, dağlarına və dənizinə görə çox sevirlər. Ancaq iqtisadi baxımdan ada çox kasıbdır. İqtisadiyyat yalnız turizmə əsaslanır. Gənclər karyeralarında uğur əldə etmək üçün çox vaxt buranı tərk edirlər. Hətta doktorluq dərəcəsi olan gənclər var, amma burada iş tapa bilmirlər. Bəzən bir neçə gənc təhsildən sonra adaya qayıtsa da, iş tapa bilmir və adanı tərk edirlər. Təhsil alan gənclərin əksəriyyəti buraya qayıtmır. Elə gənclər var ki, adanı daha cəlbedici etmək üçün kifayət qədər bilik və bacarıqları var. Ancaq təəssüf ki, hələlik çətinliklər çoxdur. Korsika Fransanın ən kasıb regionudur, sosial səfalət yüksək həddədir. Ancaq insanlarda bir qürur var, onlar kasıb olduqlarını göstərmək istəmirlər.

Joris Ciovanetti qeyd edib ki, adada mənzil problemi mövcuddur, qiymətlər çox bahadır. Ona görə hətta gənc nəsil əziyyət çəkirlər. Çox vaxt varlı təqaüdçülər adaya yaşamağa gəlirlər, ona görə də adanın sakinləri əsasən yaşlılardan ibarətdir.