Fövqəladə Hallar Nazirliyində kollegiya iclası keçirilib
Digər xəbərlər

Fövqəladə Hallar Nazirliyində kollegiya iclası keçirilib

Martın 5-də Fövqəladə Hallar Nazirliyində (FHN) nazir general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə geniş kollegiya iclası keçirilib.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kollegiya iclasında nazir müavinləri, nazirliyin Aparatının struktur bölmələri və qurumlarının rəhbərləri iştirak ediblər.

İclasda çıxış edən nazir Kəmaləddin Heydərov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin nazirliyin qarşısında qoyduğu mühüm tapşırıqların icra vəziyyəti barədə ətraflı danışıb. Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkəmizdə COVID-19 pandemiyasına qarşı sistemli və effektli mübarizənin aparıldığını qeyd edən nazir ötən dövrdə FHN tərəfindən bu istiqamətdə görülmüş işlərə toxunub, infeksiyanın ölkəmizdə geniş yayılmasının qarşısının alınması məqsədilə dövlətimizin başçısının tapşırıqları əsasında aidiyyəti üzrə həyata keçirilmiş preventiv tədbirlərdən bəhs edib. K.Heydərov Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bilavasitə diqqət və qayğısı sayəsində nazirliyin Tibb Mərkəzinin koronavirus xəstələrinin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının qısa müddətdə ərsəyə gəlməsini xəstəliklə mübarizədə atılan mühüm addımlardan olduğunu diqqətə çatdırıb. Bildirib ki, hazırda hospital koronavirus xəstələrinin müalicəsi üzrə uğurlu fəaliyyətini davam etdirir.

Nazir, həmçinin 44 gün davam etmiş Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi altında şanlı Ordumuzun qazandığı tarixi Zəfərdən danışıb, Ermənistanın 30 ilə yaxın müddətdə işğal altında saxladığı əzəli torpaqlarımızın bu Qələbə sayəsində azad olunduğunu, ərazi bütövlüyümüzün bərpa edildiyini xüsusi vurğulayıb, Vətən müharibəsində nazirliyin həyata keçirdiyi tədbirlərə toxunub. Müharibədən dərhal sonra Prezidentin tapşırıqlarına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə başlanıldığını qeyd edən K.Heydərov FHN-in hazırda minatəmizləmə işlərini sürətlə davam etdirdiyini bildirib.

Otuz ilə yaxın müddətdə işğal altında saxlanılmış və tamamilə viran qoyulmuş torpaqlarda bu gün misli görünməmiş abadlıq-quruculuq və yenidənqurma işlərinin görüldüyünü xatırladan nazir Qarabağ və Şərqi Zəngəzur ərazisinin hazırda böyük bir tikinti meydanına çevrildiyini, nəhəng infrastruktur layihələrinin icra olunduğunu, yaşayış məntəqələrinin tamamilə yenidən qurulduğunu, sənaye, kənd təsərrüfatı və xidmət sektoruna aid müəssisələrin inşa olunduğunu qeyd edib. Böyük sürətlə icra olunan bu işlərdə aidiyyəti üzrə təhlükəsizliyin, o cümlədən yanğın təhlükəsizliyi, tikintidə, sənaye və dağ-mədən işlərində təhlükəsizliyin, radioloji təhlükəsizliyin təmin olunması istiqamətində nazirliyin qurumları tərəfindən intensiv iş aparıldığı bildirilib.

Sonra nazir Fövqəladə Hallar Nazirliyinin əhali və ərazilərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində cari fəaliyyəti barədə danışıb.

Daha sonra gündəlikdə duran məsələlər ətrafında geniş müzakirə aparılıb, işin keyfiyyətinin daha da artırılması üçün müvafiq tapşırıqlar verilib.

AZƏRTAC