Firavan yaşayışı hədəfləyən möhtəşəm quruculuq
Siyasət

Firavan yaşayışı hədəfləyən möhtəşəm quruculuq

Şərqi Zəngəzur dünyaya örnək olacaq

azırda işğaldan azad edilən torpaqlarımız, qürur və iftixarımıza çevrilən Şərqi Zəngəzur yenidən qurulur. Dünyanın da diqqət mərkəzində olan genişmiqyaslı bərpa-quruculuq prosesləri Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müharibədən sonra qalib ölkəmizin sürətli inkişafının, yüksəlişinin məntiqi nəticəsi kimi səciyyələndirilir. Ölkə başçısı çıxışında qeyd etmişdir ki, Şərqi Zəngəzur nümunəvi bölgə kimi inkişaf edəcək, Azərbaycan vətəndaşları orada rahat, firavan yaşayacaqlar, bu dirçəliş dünya üçün örnək olacaq.

Şərqi Zəngəzurda dövlət tərəfindən həyata keçirilən möhtəşəm işlər və reallaşdırılması nəzərdə tutulan layihələr, demək olar ki, sıfırdan qurulan infrastruktur doğma yurd-yuvalarına qayıdacaq insanların rahatlığını, təhlükəsizliyini təmin etməyi hədəfləyir. İşğaldan azad olunmuş ərazilərin ölkəmizin iqtisadiyyatına reinteqrasiyası, idarəetmədə çevikliyin təmin olunması məqsədilə Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında Azərbaycan Prezidentinin Fərmanı ilə yaradılan Şərqi Zəngəzur iqtisadi rayonu işğaldan azad olunmuş Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarını əhatə edir.

Qeyd edək ki, ölkə Prezidentinin 7 iyul 2021-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü təsdiq olunmuş, Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonları vahid iqtisadi rayonda birləşdirilmişdir. Şərqi Zəngəzurun iqtisadi potensialı böyükdür. Belə ki, iqtisadi rayonun yeni bölgü əsasında müəyyənləşdirilən ərazisində müxtəlif sahələrin, o cümlədən sənaye, turizm, kənd təsərrüfatının inkişaf etdirilməsi üçün böyük təbii və iqtisadi resurslar vardır. Onu da qeyd edək ki, yeni iqtisadi rayonlaşma prinsipi bütövlükdə ölkənin bütün ərazisi boyunca iqtisadi fəallığın artırılmasına və dövlət investisiyalarının səmərəliliyinin yüksəldilməsinə, ölkə regionlarında sahibkarlığın və biznesin, sosial-iqtisadi inkişafın sürətləndirilməsinə, əhalinin gəlirlərinin diversifikasiyalaşdırılmasına və yaşayış şəraitinin daha da yaxşılaşdırılmasına əlavə imkanlar formalaşdıracaqdır.

İşğaldan azad olunmuş ərazilərin bərpasını öz maliyyə imkanları hesabına həyata keçirən Azərbaycan bu sahədə də öz standartlarını yaradıb. Mina problemi, bəzi təbii çətinliklərə baxmayaraq, bərpa və yenidənqurma işləri bütün istiqamətlər üzrə sürətlə və planlı şəkildə aparılır.

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının hər birinə ölkə başçısının bir neçə dəfə səfəri bu möhtəşəm işlərə yeni nəfəs, stimul verir. Elə bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Cəbrayıl və Qubadlı rayonlarına növbəti səfərləri bölgənin gələcək inkişafı baxımından mühüm əhəmiyyətli tədbirlərlə zəngin olmuşdur.

Cəbrayıl rayonu ərazisində yaradılacaq "Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi", "Ağıllı Tingçilik" və "Dostluq Meşəsi" kompleksinin oktyabrın 20-də təməlqoyma mərasimi keçirilib, əraziyə 15 baş ceyran buraxılıb. Bu məqsədlə yerli və türkiyəli mütəxəssislərlə birlikdə Cəbrayıl rayonunun Şükürbəyli-Cəbrayıl-Hadrut yolunun ətrafında 40 hektar ərazi seçilib. Ərazi dəniz səviyyəsindən 603 metr yüksəklikdə, Bakı şəhərindən 340, Zəngilan Beynəlxalq Hava Limanından 72, Füzuli Beynəlxalq Hava Limanından isə 35 kilometr məsafədə yerləşir. Layihə çərçivəsində torpaqqazma və doldurma işlərinə bu il iyunun 20-də başlanılıb və kompleksin 2024-cü il iyulun 1-də tam yekunlaşdırılaraq istismara verilməsi nəzərdə tutulur.

Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonundan keçən hissəsində yerləşən Qumlaq stansiyasının təməli qoyulub. Dəmir yolu xətti tək xətlidir və ox üzrə uzunluğu 110,4 kilometrdir. Dəmir yolu xətti boyunca 9 stansiya (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd) fəaliyyət göstərəcək. Layihə çərçivəsində, həmçinin 456 süni mühəndis qurğusu, 70 yoldəyişən, 110,4 kilometr uzunluğunda rabitə və işarəvermə xətti istismara veriləcək. Hazırda dəmir yolu xəttinin 62-ci və 71-ci kilometrləri arasındakı ərazidə torpaq yatağı və süni mühəndis qurğularının tikintisi işləri aparılır. Layihələndirilmə və tikinti işləri minatəmizləmə prosesinə paralel davam etdirilir. Ümumilikdə, Şərqi Zəngəzur iqtisadi rayonu ərazisində icra olunan yol-nəqliyyat infrastrukturu işğaldan azad edilən rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq.

Zəngilan rayonunda "Dost Aqropark" ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışı olub. Qeyd edək ki, "Dost Aqropark" türk və azərbaycanlı sərmayədarlar tərəfindən Qarabağ və Şərqi Zəngəzur bölgəsində yaradılan ilk özəl kənd təsərrüfatı kompleksidir. Üç mərhələdə həyata keçirilən layihə çərçivəsində kompleksin təməli 2021-ci il oktyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub. Ötən bir il ərzində "Dost Aqropark"da birinci mərhələ üzrə görüləcək bütün işlər başa çatdırılıb.

Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak ediblər. Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas obyektlərdəndir. Həmçinin bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Görülən işlərin sürəti buranın beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevriləcəyi günü yaxınlaşdırmaqdadır. Onu da deyək ki, Zəngilan Beynəlxalq Hava Limanı işğaldan azad olunan ərazilərdə Füzulidəki hava limanından sonra istifadəyə verilən beynəlxalq statuslu ikinci aeroportdur. Üçüncü hava limanı isə Laçın rayonunun ərazisində inşa olunacaq.

Qubadlının Baş Planının əsasında insanların yenidən təbiətlə qovuşması, komfortlu ərazilərin təşkili, canlı rayon mərkəzi və sakit hərəkət strategiyaları dayanır. Qubadlının təbii imkanları nəzərə alınaraq şəhər parkları, meşə-parklar, çaykənarı bulvar, həmçinin ictimai bağlar şəhərin əsas simasını təşkil edəcək. Burada yerləşəcək yaşayış məkanlarının ərazi planlaşdırılmasında yaşıl sahələr, çoxfunksiyalı zonalar, ortamərtəbəli və azmərtəbəli binalar, həmçinin həyətyanı sahəsi olan fərdi evlər üçün yer müəyyənləşdirilib. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə İşğal və Zəfər muzeyləri kompleksinin, Zəngilan şəhərində məktəb binasının və ilk yaşayış binasının təməli qoyulub.

Zəngilanda Arximed turbini tipli Su Elektrik Stansiyası işə salınıb. Rayonun Ağalı kəndində "Ağıllı kənd" layihəsi çərçivəsində keyfiyyətli ekoloji mühitin yaradılması və enerjidən səmərəli istifadə edilməsi üçün dayanıqlı enerji mənbələrinə üstünlük verilib. Bu baxımdan, kəndin dayanıqlı enerji ilə təmin edilməsi üçün Həkəri çayı üzərində Almaniyanın "Rehart GmbH" şirkəti tərəfindən istehsal olunan və hər biri 212 kilovat olmaqla 3 hidravlik turbindən və müvafiq hissələrdən ibarət Arximed turbini tipli Su Elektrik Stansiyası inşa edilib. Üç ədəd generatorun quraşdırıldığı stansiya Ağalı kəndinin elektrik enerjisinə tələbatını tam təmin etmək gücünə malikdir.

Qubadlı şəhərində inşa ediləcək Rəqəmsal İdarəetmə Mərkəzi 110/35/10 kilovoltluq "Qubadlı" yarımstansiyasından qidalanacaq. Mərkəz Qubadlı şəhərinin elektrik enerjisinə tələbatının bir hissəsini təmin etməklə yanaşı, tikintisi nəzərdə tutulan digər güc mərkəzlərinin rəqəmsal platforma üzərindən idarə edilməsini həyata keçirməyə imkan verəcək. Rəqəmsal İdarəetmə Mərkəzində müasir dispetçer idarəetmə sistemi və rəqəmsal şəbəkə modeli tətbiq ediləcək. "Qubadlı şəhər" 35/0,4 kilovoltluq yarımstansiya və Rəqəmsal İdarəetmə Mərkəzi ilə "Cəbrayıl şəhər" 35/0,4 kilovoltluq yarımstansiya əlaqələndirmə xətləri qurulmaqla, "Hadrut" qovşaq yarımstansiyaları arasında dairəvi təchizat sxemi təmin ediləcək. Eyni zamanda, "Qubadlı şəhər" və "Cəbrayıl şəhər" 35/0,4 kilovoltluq yarımstansiyaları arasında nəzərdə tutulmuş ikidövrəli kabel xəttinin çəkilməsi ilə Qubadlı və Cəbrayıl şəhərlərinin qarşılıqlı enerji mübadiləsi təmin olunacaq. Qubadlı Rəqəmsal İdarəetmə Mərkəzində "Yaşıl Enerji" mənbələrinin qurulması nəzərdə tutulub. Bununla yanaşı, Qubadlı rayonu ərazisində "Zabuxçay" və "Bərgüşadçay" su anbarları yaradılacaq.

Bu gün hava limanları, avtomobil və dəmir yolları, tunellər, körpülər, məktəb və xəstəxanalar tikilir. Azad olunmuş bütün ərazilərdə artıq elektrik təchizatı tamamilə bərpa edilib. Ümumiyyətlə, Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması ölkəmizin əzminin, birliyinin əməli ifadəsidir. Hamılıqla o firavanlığı inamla gözləyirik.

Mustafa KAMAL,

"Respublika".