FIDE prezidenti: Naxçıvanda nəhəng şahmat infrastrukturu yaradılıb
MÜSAHİBƏLƏR

FIDE prezidenti: Naxçıvanda nəhəng şahmat infrastrukturu yaradılıb

Naxçıvanda nəhəng şahmat infrastrukturu yaradılıb, məktəblərdə şahmat tədris olunur, gözəl şahmat məktəbləri tikilib istifadəyə verilib. Naxçıvan şəhərində xüsusi bina - Şahmat Mərkəzi fəaliyyət göstərir. Burada həm daxili yarışlar keçirilir, həm də nüfuzlu beynəlxalq şahmat yarışları təşkil edilir. 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasında da təşkilatçılıq çox yüksək səviyyədədir.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu sözləri Naxçıvan şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasının açılış mərasimində iştirak edən Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç media nümayəndələrinə açıqlamasında deyib.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin ölkəmizdə şahmatın inkişafına verdiyi dəstəyi xatırladan Arkadi Dvorkoviç qeyd edib ki, bu qayğı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycanda çox sayda güclü şahmatçılar, hakimlər və təşkilatçılar var.

"İlk dəfə Naxçıvan kimi gözəl bir diyarda olduğum üçün çox şadam. Vaxtilə mənim atam da burada olub", - deyən Arkadi Dvorkoviç bildirib ki, atası 19 il əvvəl, 2003-cü ildə yeniyetmələrin dünya çempionatı zamanı burada çalışıb.

FIDE prezidenti muxtar respublika rəhbərliyinin şahmatın inkişafına böyük əhəmiyyət verdiyini vurğulayaraq diqqətə çatdırıb ki, bu gün keçirilən Ümumdünya Şahmat Olimpiadasına ciddi hazırlıq işləri görülüb, bunun üçün böyük vəsait sərf olunub: "Əlbəttə, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Şahmat Federasiyası tərəfindən mərkəzləşdirilmiş şəkildə birgə dəstək də var. Bir sözlə, burdakı hər şeydən razıyıq".

Arkadi Dvorkoviç Naxçıvan Muxtar Respublikasının rəhbəri ilə görüşü barədə də danışaraq deyib: "Biz indiyədək görülən işləri müzakirə etdik. Bəzilərini bilirdim, bilmədiklərimi eşitmək maraqlı oldu. Gələcəkdə burada keçirə biləcəyimiz yarışları da müzakirə etdik. Gələn il Azərbaycanda Heydər Əliyevin 100 illiyi qeyd olunacaq. Əlbəttə, 100 illiyə həsr olunmuş şahmat yarışları da keçirmək lazımdır".

FIDE prezidenti ölkəmizin təşkilatçılıq qabiliyyətindən danışaraq, bir müddət əvvəl keçirilən "Şuşa Chess", hazırda təşkil olunan Ümumdünya Şahmat Olimpiadası, ilin sonunda keçiriləcək "Vüqar Həşimov memorialı"nı xüsusi vurğulayıb. Bildirib ki, bu, çox yaxşı haldır: "Bu gün heç də hər ölkədə beynəlxalq şahmat yarışları təşkil olunmur. Azərbaycanda isə il ərzində həm kişilər, həm də qadınlar arasında 2-3 turnir keçirilir. Bu da şahmatın Azərbaycandakı inkişafını stimullaşdırır, ölkəyə qonaqları, digər şahmatçıları cəlb edir. Bu təsdiq edir ki, Azərbaycan dünyanın şahmat ölkələri sırasında ilk "altılıq"da layiqli yerini tutub. Dünyada rəqabətin böyük olmasına baxmayaraq, bu, belə də qalmalıdır".

AZƏRTAC