FHN: Keşlə qəsəbəsində döyüş tətbiqinə yararlı əl qumbarası aşkarlanıb
Digər xəbərlər

FHN: Keşlə qəsəbəsində döyüş tətbiqinə yararlı əl qumbarası aşkarlanıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Nizami rayonunun Keşlə qəsəbəsində dəmir yolu keçidində partlayış təhlükəli əşyanın aşkar edilməsi barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar hadisə yerinə dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexniklər qrupu cəlb edilib.

Yaxınlıqdakı insanlar təhlükəsiz məsafəyə uzaqlaşdırıldıqdan və kənar şəxslərin əraziyə girişi müvəqqəti məhdudlaşdırıldıqdan sonra pirotexniklər tərəfindən hadisə yerinə baxış keçirilib. Ərazidə aşkarlanmış partlayış təhlükəli əşyanın döyüş tətbiqinə yararlı F-1 əl qumbarası olduğu müəyyən edilib.

Qumbara pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa təhlükəli və ya şübhəli əşya aşkar olunmayıb.

AZƏRTAC