FHN-in üçüncü yanğın-xilasetmə qrupu qardaş ölkədə böyük coşqu ilə qarşılanıb
Digər xəbərlər

FHN-in üçüncü yanğın-xilasetmə qrupu qardaş ölkədə böyük coşqu ilə qarşılanıb

Türkiyədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, qardaş ölkəyə yola salınan Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələrinin növbəti - üçüncü qrupu yerli əhali tərəfindən böyük coşqu ilə qarşılanıb.

AZƏRTAC xəbər verir ki, avqustun 6-da saat 19 radələrində Türkiyənin Artvin şəhərinin Hopa qəsəbəsinə daxil olan qrupun üzvlərini qarşılayan yerli sakinlər “Bir millət, iki dövlət” şüarlarını səsləndiriblər. Yerli əhali Azərbaycan yanğınsöndürənlərinin Türkiyədə meşə yanğınlarının söndürülməsində göstərdiyi fədakarlığı iki qardaş xalqın ən çətin günlərdə bir-birinin yanında olmasının bariz göstəricisi kimi dəyərləndirib, qrupun üzvlərinə uğurlar arzulayıblar.

Qeyd edək ki, FHN-in yanğın-xilasetmə qüvvələrinin üçüncü qrupunun tərkibinə 40 yanğınsöndürmə texnikası və 160 yanğınsöndürən daxildir. Qrupla birlikdə media nümayəndələri də Türkiyəyə səfərdə iştirak edirlər.

AZƏRTAC