FHN-in Türkiyəyə yollanan üçüncü yanğın-xilasetmə qrupu yol boyu əhali tərəfindən böyük coşqu ilə qarşılanır
Digər xəbərlər

FHN-in Türkiyəyə yollanan üçüncü yanğın-xilasetmə qrupu yol boyu əhali tərəfindən böyük coşqu ilə qarşılanır

Yanğın-xilasetmə qrupu Ankaraya çatıb

Türkiyədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, qardaş ölkəyə yola salınan Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələrinin üçüncü qrupu yol boyu yerli əhali tərəfindən böyük sevgi və coşqu ilə qarşılanır.

AZƏRTAC xəbər verir ki, yerli sakinlər, eləcə də yolda hərəkətdə olan avtomobillərin sərnişinləri qrupun üzvlərinə minnətdarlıq duyğularını ifadə edib, “Bir millət, iki dövlət”, “Qardaşlarımız köməyimizə gəlirlər” və digər şüarlar səsləndiriblər.

Avqustun 7-də saat 16 radələrində paytaxt Ankara şəhərinə daxil olan qrupun üzvləri burada əllərində Azərbaycan və Türkiyə bayraqlarını dalğalandıran yerli əhalinin coşqusu və alqışları ilə qarşılanıb. Sakinlər mobil telefonlarla FHN-in yanğın-xilasetmə qrupunun foto və videogörüntülərini çəkiblər. Vətəndaşlar Azərbaycan yanğınsöndürənlərinin Türkiyədə meşə yanğınlarının söndürülməsində göstərdiyi fədakarlığı iki qardaş xalqın ən çətin günlərdə bir-birinin yanında olmasının bariz göstəricisi kimi dəyərləndirib, qrupun üzvlərinə uğurlar arzulayıblar.

FHN-in yanğın-xilasetmə qüvvələrinin üçüncü qrupunun tərkibinə 40 yanğınsöndürmə texnikası və 160 yanğınsöndürən daxildir. Qrupla birlikdə media nümayəndələri də Türkiyəyə səfərdə iştirak edirlər.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, FHN-in yanğınsöndürmə qüvvələrinin 100 əməkdaşından ibarət birinci qrup iyulun 30-da Türkiyəyə yola düşüb. Yanğınsöndürənlərimiz təyinat nöqtələrində yanğınların söndürülməsində fədakarlıqla çalışırlar.

İyulun 31-də FHN-in 1 helikopter, 53 yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikası, 1 tibbi yardım avtomobili, 220 yanğınsöndürən və xilasedicidən ibarət ikinci qrupu qardaş ölkəyə yola salınıb. Qrup Gürcüstandan keçməklə iki sutka ərzində Marmarisə çataraq birinci qrupun üzvlərinə qoşulub.

Avqustun 5-də səhər saatlarında FHN-in “BE-200ÇS” tipli amfibiya təyyarəsi qardaş ölkəyə yola düşüb. Həmin gün FHN-in 40 yanğınsöndürmə texnikası və 160 yanğınsöndürəndən ibarət üçüncü yanğın-xilasetmə qrupu da Türkiyəyə yola salınıb. Media nümayəndələrinin də yer aldığı həmin qrup artıq Türkiyə ərazisindədir və təyinat məntəqəsi istiqamətində hərəkət edir.

Avqustun 6-da axşam saatlarında FHN-in yanğın-xilasetmə qüvvələrinin 200 nəfərdən ibarət dördüncü qrupu təyyarə ilə Türkiyəyə yola salınıb.

Beləliklə, qardaş ölkədə tüğyan edən meşə yanğınlarının söndürülməsi üçün Azərbaycandan ümumilikdə 700-dən çox şəxsi heyət, 93 yanğınsöndürmə texnikası, 1 helikopter və 1 amfibiya tipli təyyarə göndərilib. FHN-in Türkiyədəki qüvvələrinin koordinasiyalı idarə edilməsi məqsədilə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin başçılığı ilə qurumun məsul vəzifəli əməkdaşlarından ibarət nümayəndə heyəti qardaş ölkədədir.

AZƏRTAC