Fəxrəddin Hacıbəyli:  Şuşanın sanki bir möcüzəsi var
MÜSAHİBƏLƏR

Fəxrəddin Hacıbəyli:  Şuşanın sanki bir möcüzəsi var

Mədəniyyət paytaxtımız Şuşa şəhərinə gələn istər yerli, istərsə də xarici qonaqların ən çox ziyarət etdikləri məkanlardan biri Xalq artisti Bülbülün ev-muzeyidir. 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq fəaliyyətini dayandıran ev-muzeyində ötən il Prezident İlham Əliyevin tapşırığına əsasən təmir-bərpa və yenidənqurma işləri aparılıb. Muzeyin ziyarətçiləri burada nəinki görkəmli ifaçı Bülbülün həyat və yaradıcılığı ilə tanış olur, eləcə də Qarabağın musiqisi, mədəniyyəti, tarixi ilə bağlı məlumatlar alırlar.

Muzeyin direktoru, əslən Şuşadan olan Fəxrəddin Hacıbəyli AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində illərdir həsrətində olduğu baba yurduna gəlişi, muzeyin fəaliyyəti, mədəniyyət paytaxtımızın inkişafı ilə bağlı fikirlərini bölüşüb: "Şuşa təkcə şuşalılar, qarabağlılar, azərbaycanlılar üçün deyil, bütün türk dünyası üçün dəyərli, sevimli bir şəhərdir. Bu torpağın, bu şəhərin sanki bir möcüzəsi var. Bu mühitin sanki bir ecazkarlığı var. Mən Şuşada doğulmasam da, babam, nənəm buralıdırlar. Mərdinli məhəlləsində çörəkçi Muxtarın nəvəsiyəm. Şuşa mənim çox doğma yurd yerimdir. İllərdir Qarabağımızın, Şuşamızın həsrəti ilə yaşamışıq. Odur ki, ilk dəfə Şuşaya gələrkən hansı hisslər keçirdim, onu ifadə edə bilmirəm. Bu şəhərdə ata-baba yurdum var. Bu torpaq mənim üçün əzizdir. Bunlar adi hisslər deyil. Elə duyğular var ki, onu sözlə ifadə etmək olmur. Əgər mən ata-baba yurduma gələ bilmişəmsə, burada yaşayıramsa, burada xalqıma, dövlətimə, mədəniyyətimizə, incəsənətimizə xidmət edirəmsə, mən çox xoşbəxt insanam".

Fəxrəddin Hacıbəyli muzeyin fəaliyyəti ilə bağlı danışarkən bildirib ki, mədəniyyət ocağının ziyarətçiləri çox olur: "Həm Azərbaycandan, həm də xarici ölkələrdən qonaqlarımız olur. Bizi çox maraqla dinləyirlər. Bizim də borcumuz bura üz tutan insanları yüksək səviyyədə qarşılamaq, Şuşanın tarixi, milli-mənəvi dəyərləri, mədəniyyəti, memarlıq nümunələrini onlara çatdırmaqdır".

Burada qonaqlara Xalq artisti Bülbülün həyatı, fəaliyyəti, eləcə də muzeylə bağlı ətraflı məlumat verilir. Muzeyin qonaqları, həmçinin monitor vasitəsilə Bülbül haqqında bütün məlumatları əldə edə, mahnılarını dinləyə bilirlər. Monitor hələlik Azərbaycan və rus dillərində fəaliyyət göstərir. Yaxın günlərdə Çin, ingilis və ərəb dilləri də əlavə ediləcək.

Ev-muzeyinin qarşısındakı inzibati binada təmir işləri də tezliklə yekunlaşacaq. Burada muzeyin əməkdaşları fəaliyyət göstərəcək. Bundan başqa, muzeyin həyətində yay konsert salonu inşa edilir. Orada müxtəlif mədəniyyət tədbirləri, konsertlər, görkəmli insanların anım günləri, yubileyləri keçiriləcək.

F.Hacıbəyli 2022-ci ilin "Şuşa İli" elan edilməsinin mədəniyyətimizin beşiyi, Qarabağımızın incisi sayılan Şuşanın inkişafına böyük təkan verəcəyini bildirib. "2022-ci ilin "Şuşa İli" elan olunması Şuşanı qəlblərinin bir parçası hesab edən insanların arzularının gerçəkləşməsi deməkdir. Şuşanın mənəvi dəyərlərini, tarixini, mədəniyyətini, incəsənətini, musiqisini, muğam sənətini bütün dünyaya bəyan etməkdir. Mən bizə bu torpağı qaytaran, bizə burada yaşamağı nəsib edən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə, Ordumuza minnətdarlığımı bildirirəm. Şəhidlərimizə rəhmət diləyirəm. Şuşanın xoş günləri bundan sonra başlayacaq. İnşallah, biz Şuşanı gözəl bir mədəniyyət paytaxtına çevirəcəyik", - deyə Fəxrəddin Hacıbəyli əlavə edib.

AZƏRTAC