“Fevral məruzələri - 2022: Aerokosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı
Sosial həyat

“Fevral məruzələri - 2022: Aerokosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı" 7-ci beynəlxalq konfransı işinə başlayıb

Fevralın 2-də "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Milli Aviasiya Akademiyasının (MAA) bazasında Azərbaycan Gəncləri Gününə və Azərbaycanın ilk telekommunikasiya peyki olan "Azerspace-1"in orbitə buraxılması tarixinə həsr olunmuş "Fevral məruzələri - 2022: Aerokosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı" 7-ci beynəlxalq elmi-praktik gənclər konfransı onlayn formatda öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, təşkilatçıları Azərbaycan Respublikasının Təhsil Nazirliyi, "Azərbaycan Hava Yolları" QSC, Milli Aviasiya Akademiyası, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Mühəndislik Akademiyası olan konfransa ABŞ, Rusiya, Türkiyə, İsrail, Almaniya, Fransa, Niderland, Qazaxıstan və Azərbaycandan 30-dan çox elm və təhsil müəssisəsini, o cümlədən 10 universitet, 8 tədqiqat mərkəzi, institut, dövlət qurumları və aparıcı firmaları təmsil edən 230-dan çox iştirakçı qoşulub.

Konfransı giriş sözü ilə MAA-nın birinci prorektoru professor Ədalət Səmədov açıb. O, MAA-nın rektoru akademik Arif Paşayevin konfrans iştirakçılarına təbrikini oxuyub.

Qeyd olunub ki, konfransda səkkiz bölmə üzrə aerokosmik sahə, mülki aviasiya, nəqliyyat, informasiya texnologiyaları, radioelektronika, fizika, kimya, iqtisadiyyat və hüquq sahələrinin aktual problemlərinə dair 115-ə yaxın məruzə təqdim ediləcək. Maraqlı elmi diskussiyalar və müzakirələrlə yanaşı, AZAL-ın Aviasiya Təhlükəsizliyi Baş İdarəsi ilə birgə "Hava nəqliyyatının təhlükəsizliyi: problemlər və perspektivlər", İnnovasiya Menecmenti və TRIZ İnstitutu ilə birgə "İnnovasiya menecmenti bu gün" mövzusunda dəyirmi masalar, "Zəngəzur dəhlizinin logistikaya inteqrasiyasında perspektivlər" mövzusunda ustad dərsi, həmçinin "Rossotrudniçestvo" təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyi ilə birlikdə Nikolay Yeqoroviç Jukovskinin anadan olmasının 175 illiyinə həsr olunmuş seminar təşkil olunacaq.

Professor Ədalət Səmədov qeyd edib ki, 2021-ci ilin fevral məruzələrindən sonra keçən müddətdə respublikamızın və MAA-nın həyatında çox mühüm və əlamətdar hadisələr baş verib.

44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədən sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda Qarabağın sürətlə bərpası prosesinə start verilib. Bu işlərin içərisində aviatorlar üçün prioritet və əhəmiyyətli olanlardan biri də hava limanlarının tikintisidir. İlk olaraq Füzuli Beynəlxalq Hava Limanının tikintisinə başlanıldı: 2021-ci il yanvarın 14-də Füzuli Hava Limanının təməli qoyuldu, avqustun 22-də ilk sınaq uçuşu həyata keçirildi, oktyabrın 26-da Azərbaycan və Türkiyənin dövlət başçıları - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Qarabağda Füzuli Beynəlxalq Hava Limanını istifadəyə verdilər.

İkinci hava limanı Zəngilanda tikilir. Hava limanı bütün növ təyyarələri, o cümlədən ağır yüklü təyyarələri qəbul edə biləcək. Hava limanının 2022-ci ildə istifadəyə verilməsi planlaşdırılır.

Üçüncü hava limanı Laçında tikilir. Bu hava limanının yeri unikaldır. Laçından 30 km, Kəlbəcərdən 60 km, Şuşa şəhərindən 70 km məsafədə yerləşir. Laçın Beynəlxalq Hava Limanı da bütün növ təyyarələri qəbul edə biləcək.

Plenar iclasda çıxış edənlər - Beynəlxalq Elmi Şuranın (Fransa) baş elmi katibi fizika-riyaziyyat elmləri doktoru, professor Alik İsmayılzadənin "Siyasətin formalaşdırılması üçün təbii təhlükələr və risklər haqqında elm", "Ali İqtisadiyyat Məktəbi" Milli Tədqiqat Universitetinin Beynəlxalq təhlil və qərar qəbuletmə mərkəzinin rəhbəri (Rusiya) texnika elmləri doktoru, professor Fuad Ələsgərovun "Pandemiya: virusun yayılmasının modelləşdirilməsi və iqtisadi itkilər", Moskva Fizika Texnika İnstitutunun Nəzəri fizika kafedrasının müdiri fizika-riyaziyyat elmləri doktoru, professor Emil Əhmədovun "Elementar hissəciklər fizikasından kosmologiyaya qədər", "Azərbaycan Hava Yolları" QSC-nin "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsinin direktoru Fərxan Quliyevin "Aviasiya texnologiyalarında yeni dövr" mövzularında məruzələri konfrans iştirakçıları tərəfindən böyük maraqla dinlənilib.

AZƏRTAC