Fermerlərin uğuru dövlət qayğısından qaynaqlanır
İQTİSADİYYAT

Fermerlərin uğuru dövlət qayğısından qaynaqlanır

Yeniyetmə dövründən əməksevərliyi, işgüzarlığı, bacarığı və qabiliyyəti ilə seçilən Brilyant Hümbətova  Şamaxı rayonunun Meysəri kəndində yaşayır. Arıçılıq təsərrüfatına böyük marağı və həvəsi olduğundan 13 ildir ki, bu sahədə çalışır. Uşaqlıqdan arıçılığa olan həvəsini reallaşdırmaq üçün xeyli öyrənib və təcrübə mübadiləsi aparıb. Bildirir ki, bir neçə arı ailəsi ilə işə başlayıb, fəaliyyətimi xeyli genişləndirib və sayını 150-yə çatdırmışam.

Qeyd etdi ki, əvvəlcə "Aqrar Fəaliyyətli Azərbaycan Qadınları" (AFAQ) layihəsi çərçivəsində təlimlərə qatıldım. Bilirdim ki, layihənin məqsədi kənd təsərrüfatında qadın sahibkarların sayının artırılması və onların inkişafıdır. Belə də oldu. Layihə qadınların kənd təsərrüfatına əsaslanan biznes fəaliyyətlərini inkişaf etdirmək üçün informasiya, bilik və digər imkanlara çıxışını asanlaşdırır, həm özlərinin, həm də ailələrinin və kənd icmalarının sosial rifahının yaxşılaşmasına imkan yaradır.

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı (FAPP) çərçivəsində 2019-cu il tarixindən etibarən "Aqrar Məşğulluğun Artırılması Layihəsi" (AMAL) proqramının həyata keçirildiyinə toxunan Brilyant Hümbətova  qeyd etdi ki,  layihənin əsas məqsədi kənd yerlərində yaşayan gənclərin, o cümlədən həssas qruplardan olanların zəruri bacarıqlarının inkişafı, bazara çıxış və maliyyə imkanları, eləcə də Layiqli Kənd Məşğulluğu üçün özünüməşğulluq və sahibkarlıq imkanlarını artırmaqdır. Mən də bu layihədən xeyli bəhrələndim və fəaliyyətimi genişləndirməyə başladım. Onlayn təlim və dəyərli məsləhət xidmətindən istifadə etdim. Bu təşkilat mənim kompüter biliklərimi artırıb, təlimlərə qoşulmaq üçün məni kompüterlə təmin edib. Təsərrüfatımı artırmaq üçün isə mənə texniki avadanlıqlar verdi. Böyük planlarım var, müxtəlif çeşidli və müalicəvi arı məhsullarını istehsal edərək yerli və xarici bazara çıxartmaq istəyirəm. Həm də xarici bazardan asılılığı azaltmaq üçün Şamaxı rayonunda ana arı yetişdirmək fikrindəyəm. Fermer qadınlara səslənirəm ki, gəlin fermer təsərrüfatımızı genişləndirək və iqtisadiyyatımızın inkişafına dəyərli töhfələrimizi verək. Çünki çəkilən zəhmət heç vaxt hədər getmir.

Arıçılıqla bağlı çoxlu seminar və təlimlərdə iştirak etdiyinə və müxtəlif sertifikatlara layiq görüldüyünə toxunan Brilyant Hümbətova  bu təsərrüfatın çətinlikləri barədə danışaraq qeyd etdi ki, Şamaxı rayonunda arıçılıq  üçün qeyri-münasib hava şəraiti var və çiçək tozu az olur. Buna görə də arıları başqa rayonlara aparmağa məcbur oluruq. Xarici ölkələrdən idxal olunan keyfiyyətsiz şamlar da işimizə mane olur. Amma bütün bu çətinliklərə baxmayaraq, təsərrüfatımız durmadan inkişaf edir.

Brilyant xanım mürəbbə bişirməklə də məşğuldur və bu sahədə də uğurlu nəticələr əldə edib. Bildirdi ki, kənddə olan bir neçə evdar qadını işə cəlb etməklə müxtəlif meyvələrin, xüsusilə qoz mürəbbəsini bişirərək satırlar. Həm qazanc əldə edirlər, həm də yeni iş yerləri açılır. Rayonda, o cümlədən bölgədə keçirilən qida festivallarında  həmişə öz məhsulları ilə iştirak edir.

Fermer kimi nəinki Şamaxı rayonunda, eləcə də regionda yetərincə tanınan Brilyant Hümbətova  ictimai-siyasi fəallığı ilə də seçilir. Kənd Təsərrüfatı Nazirliyinin Kənd Assosiasiyası Qadınlar Birliyinin Milli Məsləhət Şurasının və rayon icra hakimiyyətində ictimai şuranın da üzvüdür, rayonda fermerlər şurasına ikinci dəfə sədr seçilib.

Brilyant Hümbətova  rayonda fəaliyyət göstərən "Ərgünəş" qadın qrupunun sədridir. Qrupun fəaliyyəti barədə söz açaraq qeyd etdi ki, əvvəlki üzvlərimizin çoxu başqa rayonlardan idi və onların hər biri öz fəaliyyətini özəl surətdə genişləndirməyə başlayıb. İndi isə kəndimizin evdar qadınları ilə birlikdə yeni qrup yaratdıq. Maldarlıqla, meyvəçiliklə məşğul olmaq, o cümlədən baldan müxtəlif şirniyyatları hazırlamaq fikrindəyik. Bildirdi ki, qrupumuza ad seçərkən Füzuli rayon ərazisində olan Ərgünəş yüksəkliyinin alınması uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün bu ada üstünlük verdik.

Zəhmətinin dövlət tərəfindən də yüksək qimətləndirildiyini və Azərbaycan Prezidentinin Sərəncamına əsasən kənd təsərrüfatının inkişafında xidmətlərinə görə 3-cü dərəcəli "Əmək" ordeninə layiq görülməsini qürur hissi ilə vurğulayır.

Brilyant Hümbətova  dövlətin fermerlərə əvəzsiz qayğısına uğurlu fəaliyyəti ilə cavab verməyə çalışır.

M.NƏRİMANOĞLU,

"Respublika".