Fermerlərin ən yaxın məsləhətçisi
Region

Fermerlərin ən yaxın məsləhətçisi

1 Noyabr Kənd Təsərrüfatı İşçiləri Günüdür

Gördüyünüz bu məhsuldar super intensiv bağ sahəsini Mədət müəllimin tövsiyəsi və yaxından köməyi ilə salmışam. Bu il hektardan azı 50 tona qədər məhsul gözləyirəm. Bağın tinglərini də onun iştirakı və məsləhəti ilə almışam. İndi bütün aqrotexniki becərmə tədbirlərini də onun məsləhətləri ilə həyata keçirirəm. Bunu Qubanın Alekseyevka kəndində yaşayan fermer Yusif Nöhbalayev deyir.  Şabranlı fermer Eynulla Mərdanov isə tərəvəz sahələrində bol məhsul yetişdirilməsində Mədət müəllimin ona yaxından kömək göstərməsindən söhbət açır. Deyir ki, həm tərəvəzçilik, həm  bağçılıqla məşğulam. Hər iki sahənin becərilməsində onun məsləhətlərinə əsaslanıram. Xaçmazın Çarxı kəndindən bağban Eldar Kazımovla 3 hektar gilas bağının salınmasında bu mütəxəssisin xüsusi əməyi olduğunu bildirir. Onun məsləhəti əsasında saldığı bağdan hər il yüksək məhsul götürdüyünü vurğulayır. Qusarlı taxıl toxumçusu Qurban Qurbanov isə alim-mütəxəssisin tövsiyəsi ilə ən məhsuldar toxum sortlarını əkib-becərdiyini söyləyir. Bu siyahını artırmaq da olar. Hamının fikri eynidir. Mədət müəllimin tövsiyə və məsləhətləri uğurla nəticələnir.  Təsərrüfatımızdan hər il yüksək məhsul  əldə edirik.

Söhbətimiz Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Quba Regional Təlim Mərkəzinin aparıcı mütəxəssisi, biologiya elmləri üzrə fəlsəfə doktoru Mədət Qurbanov haqqındadır. M.Qurbanov uzun illərdir ki, alim kimi elmi işdə, mütəxəssis kimi istehsalatda çalışır. O, 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirib. Əmək fəaliyyətinə  Qubada yerləşən Meyvəçilik və Çayçılıq Elmi- Tədqiqat İnstitutunda kiçik elmi işçi kimi başlayıb. 1981-ci ildə keçmiş SSRİ-nin Leninqrad (indiki Sankt-Peterburq) şəhərində yerləşən Ümumittifaq Elmi-Tədqiqat Bitki Mühafizəsi İnstitutunun məqsədli aspiranturasına daxil olmuş, 1987-ci ildə “Azərbaycan SSR-də tumlu meyvə bitkilərinin qurumadan mühafizəsinin bioloji əsaslandırılması” mövzusunda dissertasiya işini uğurla müdafiə edərək “Bitkilərin zərərverici və xəstəliklərdən mühafizəsi” ixtisası üzrə biologiya elmləri namizədi, alimlik dərəcəsi almışdır. SSRİ Nazirlər Sovetinin nəzdində olan Ali Attestasiya Komissiyası tərəfindən ona “Baş elmi işçi” elmi dərəcəsi verilmişdir. O, Meyvəçilik və Çayçılıq Elmi- Tədqiqat İnstitutunda baş elmi işçi, şöbə müdiri, elmi işlər üzrə direktor müavini, daha sonra Quba Regional Aqrar Elm Mərkəzində elmi işlər üzrə direktor müavini vəzifələrində çalışmışdır. Bu gün aparıcı mütəxəssisi olduğu Quba  Regional Təlim Mərkəzi Quba-Xaçmaz bölgəsinin fermer, kəndli sahibkar və ailə (şəxsi) təsərrüfatlara əldə olunan elmi nailiyyətlər əsasında tövsiyə və məsləhətlər verir, bol və keyfiyyətli məhsul yetişdirməkdə onlara yaxın yardımçı olur. Mərkəz həmçinin bölgənin torpaq, iqlim şəraitinə uyğun yeni, məhsuldar dənli bitki sortlarının seçilməsi və sınağının təşkili, meyvə bitkiləri üçün keyfiyyətli əkin materialının yetişdirilməsi, calaqaltı və calaqüstü materialının müəyyən edilməsi, elmin və qabaqcıl təcrübənin son nailiyyətlərinə əsaslanan becərmə texnologiyasının hazırlanmasını həyata keçirir. Bölgədə yeni introduksiya edilmiş tumlu, çəyirdəkli meyvə bitki sortlarının təsərrüfat-bioloji xüsusiyyətləri mövzusunun öyrənilməsi və təsərrüfatlara tövsiyə edilməsi mərkəzin məşğul olduğu aktual sahələrdəndir.

Alim və aparıcı mütəxəssis kimi, belə vacib əhəmiyyətli tədbirlərin həyata keçirilməsində M.Qurbanovun xüsusi zəhmət payı vardır. Olduqca işgüzarlıqla  çalışan alimin regionda bağçılığın intensiv inkişaf etdirilməsi, meyvə istehsalçılarının əkin materialları ilə təmin olunması, bağbanlara məsləhət və tövsiyələr vermək sahəsində xidmətləri daha çoxdur. O, meyvəçiliyin bünövrəsi hesab olunan tingçiliyin elmi-təcrübə bazasının yaradılması, virussuz, sağlam meyvə tinglərinin yetişdirilməsi, yüksək məhsuldar meyvə sortlarının, əkin materialının əldə olunması istiqamətində gərgin işləyir. Bilavasitə onun tövsiyələri ilə son illərdə 100 hektarlarla yeni, müasir texnologiyaya əsaslanan intensiv və super intensiv tipli bağlar salınmışdır. Zəhmətsevər alimin şəxsi təşəbbüsü və əməyi  ilə mərkəzin ərazisində itib-batmaqda, sıradan çıxmaqda olan qədim meyvə sortlarından ibarət kolleksiya nümayiş bağı salınmışdır. Burada 40-a yaxın alma, armud və digər meyvə sortlarına yenidən həyat verilmiş, qorunub saxlanılması üçün əməli tədbirlər görülmüşdür.

M.Qurbanov fermer və özəl təsərrüfat başçılarının maarifləndirilməsi, onların yeni becərmə texnologiyaları üzrə biliklərə yiyələnməsi məqsədilə Quba, Qusar, Xaçmaz, Şabran rayonlarının kəndlərində təsərrüfatçılarla çoxsaylı görüşlər keçirir, söhbətlər aparır, məsləhətlər verir. Mütəmadi olaraq rayon qəzetlərində, respublika televiziyalarında aqrotexniki tədbirlərin həyata keçirilməsi ilə bağlı kənd təsərrüfatı istehsalçıları üçün mövsümi xarakterli məsləhətlərlə çıxış edir. O, uzun illər Xaçmaz RTV-də “Bolluq” verilişinin daimi aparıcısı olmuşdur. M.Qurbanov tez-tez bölgədə yerləşən Dövlət Aqrar İnkişaf mərkəzlərində,  təsərrüfatlarda olur, meyvə, tərəvəz, taxıl bitkilərinin xəstəlik və zərərvericiləri, aqrotexnikası, torpağın gübrələnməsi, meyvə ağaclarının budama qaydalarına aid seminar, təlimlər keçirir, istehsalçılara lazımi elmi-praktiki məlumatları vaxtında  çatdırır. M.Qurbanov deyir ki, vaxtilə kolxoz və sovxozlarda təsərrüfatın ayrı-ayrı sahələri üzrə mütəxəssislər çalışırdı. İndi məhsul istehsalçılarına kömək etmək, onları vaxtında və düzgün məlumatlandırmaq vəzifəsi bizim üzərimizə düşür. Çalışırıq ki, fermerləri vaxtında və daha çox maarifləndirək.

O, elmi fəaliyyətini də uğurla davam etdirir. M.Qurbanov “Meyvə bitkilərinin qurumasına səbəb olan xəstəliklər”, “Alma və armudda dəmgil xəstəliyi”, “Bağbanın məlumat kitabı”, “Bağlarda kompleks becərmə texnologiyası”  kitablarının və onlarla elmi məqalənin müəllifidir.

O, daim axtarışda, arayıb-axtarmaqdadır. Alim-mütəxəssis yorulmadan bölgədə kənd təsərrüfatının inkişafına öz layiqli töhfəsini verir.

Ziyafəddin BAYRAMOV,

“Respublika”.