Fərhad Ağayev
Sosial həyat

Fərhad Ağayev

Doğma Azərbaycanımız müstəqillik əldə etdikdən sonra xarici və daxili düşmənlər birləşərək, ölkədə bir neçə dəfə dövlət çevrilişinə cəhd etmişdilər. 1995-ci il mart hadisəsi bunların içində ən təhlükəlisi olmaqla, dövlətçiliyimizə qarşı yönəldilmiş bir qəsd idi. Erməni qəsbkarlarının törətdiyi fəlakətlərdən, faciələrdən başı ayılmayan Azərbaycan təhlükəli anlar yaşayırdı. Xalq həyəcan içində olsa da, Milli Ordumuz dövlət çevrilişinin qarşısını qəhrəmanlıqla alırdı.

Müstəqilliyimizin bərpası və onun qorunub saxlanılması, torpaqlarımızın bütövlüyü, toxunulmazlığı uğrunda xalqımızın bir çox igid övladları onun yenidən itirilməməsi uğrunda öz canlarından keçmişlər. O illər müstəqilliyimizin əldən verilməsi üçün tək xaricdən yox, daxildən də canfəşanlıq edənlər mövcud idi. Bir tərəfdən erməni-faşist daşnaklarının işğalçılıq üzərində qurulmuş təcavüzkar siyasəti, digər tərəfdən də dövlətçiliyimizi parçalamağa cəhdlər göstərən xarici qüvvələrin məkrli planları, bir yandan da şəxsi mənafeləri və hərislikləri ilə onlara qoşulan, dedikləri ilə oturub-duran yerli cinayətkar ünsürlərin özbaşınalığı müstəqilliyimizi ciddi təhlükə qarşısında qoyurdu. Bu olaylarla əlaqədar ulu öndər Heydər Əliyev 1995-ci il martın 15-də Azərbaycan dövlət televiziyası və radiosu ilə xalqa etdiyi tarixi müraciətində demişdir: "Müstəqilliyimizə qarşı olan təzyiqlər təkcə ayrı-ayrı dairələrin təzyiqləri deyil. Təəssüf ki, Azərbaycanın öz içərisindən çıxan adamların, vəzifə hərislərinin də dövlət müstəqilliyimizə zərbə vurmaq cəhdlərinin şahidlərisiniz".

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü, torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda döyüşlərdə adını şanlı qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazan Azərbaycanın Milli Qəhrəmanı Ağayev Fərhad İslam oğlunun da xalqımız qarşısında göstərdiyi igidliklər heç vaxt unudulmayacaq. Onun qısa, lakin şərəfli ömür yolu gələcək nəsillərə örnək kimi nümunə göstəriləcək. Şücaətləri, igidlikləri gənclərin vətənpərvər ruhda böyüməsində bilavasitə böyük rolu var. Çünki bugünkü gənclər hansısa film qəhrəmanlarının deyil, şücaəti dildən-dilə düşən əsl qəhrəmanların yolunu örnək götürürlər. Bu vətənin örnək götürüləcək qəhrəmanları isə olduqca çoxdur.

Fərhad Ağayev 4 avqust 1975-ci ildə Sabirabad rayonunun Ələmbəyli kəndində anadan olmuşdur. 1992-ci ildə Ələmbəyli kənd orta məktəbini bitirmişdir. 1993-cü il oktyabrın 8-də Sabirabad Rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırılan Fərhad Prezident Qvardiyasında xidmətə başlayır. Hərbçi olmaq arzusu elə ilk günlərdən onu hərb elminin sirlərini dərindən öyrənməyə sövq edirdi. Fərhad 24 yanvar 1994-cü ildə cəbhəyə yola düşür. Onun ilk döyüşü Füzuli rayonunun Seyidəhmədli kəndində olur. O, döyüşdə əsl hərbçi kimi vuruşur, düşmənə sarsıdıcı zərbələr endirməyə çalışırdı. Füzuli rayonu ərazisində bir neçə döyüş əməliyyatında iştirak etdikdən sonra o, Murovdağ, Ömərdağ, Güzgü deyilən müdafiə əhəmiyyətli ərazi döyüşlərində də şücaət göstərir.

1995-ci il... Fevralın əvvəlləri... Fərhad Goranboy rayonuna - döyüş bölgələrinə göndərildi. Ağır sınaq günləriydi. Qardaş qanı axıdılırdı. Fərhadın daxil olduğu batalyon dövlət çevrilişi cəhdinin qarşısını almaq üçün Ağstafa rayonuna göndərildi. Həmin gün Fərhad da öz vətəndaşlıq borcunu yerinə yetirirdi. 1995-ci il... Mart ayının 13-ü... Fərhad ağır yaralanır və martın 15-də həlak olur.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli fərmanı ilə Ağayev Fərhad İslam oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Sabirabad rayonundakı Şəhidlər xiyabanında dəfn edilmişdir. Oxuduğu orta məktəb onun adını daşıyır və burada büstü qoyulmuşdur.

M.MİRZƏ,

"Respublika".