Fərhad Abdullayev: Türk Dövlətləri Konstitusiya Məhkəmələrinin Konfransı Təşkilatının yaradılması ölkələrimiz üçün vacib xarakter daşıyır
MÜSAHİBƏLƏR

Fərhad Abdullayev: Türk Dövlətləri Konstitusiya Məhkəmələrinin Konfransı Təşkilatının yaradılması ölkələrimiz üçün vacib xarakter daşıyır

Türkiyə Konstitusiya Məhkəməsi tərəfindən hər il ənənəvi şəkildə beynəlxalq konfranslar keçirilir. Bundan əvvəl videoformatda görüşlərimiz də olub. Builki tədbir Türkiyə Konstitusiya Məhkəməsinin 60 illik yubileyinə təsadüf edib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyədə səfərdə olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib.

Tədbirin uğurla davam etdiyini vurğulayan sədr deyib: "Hesab edirəm ki, tədbir çox uğurlu və faydalı keçdi. Konkret olaraq konfrans Konstitusiya Məhkəməsinin rəsmi şərhlərinə həsr olundu. Konstitusiyanın və qanun müddəalarına daha dolğun açıqlama və izah verilməsi bütün hüquq orqanları üçün çox böyük əhəmiyyət daşıyır. Biz də Azərbaycan tərəfi olaraq, öz fikirlərimizi səsləndirdik və mövqeyimizə görə, Konstitusiya Məhkəməsinin səlahiyyətlərindən biri olan qanunların və konstitusiyanın şərhi çox vacibdir. Nəzərə alınmalıdır ki, bu, məcburi qüvvəyə malikdir və hüquq tətbiqedici orqanlar tərəfindən şərh olduğu kimi qəbul edilməlidir".

Fərhad Abdullayev Türk Dövlətləri Konstitusiya Məhkəmələrinin Konfransı Təşkilatının yaradılması məsələsinə toxunaraq bunun ölkələrimiz üçün vacib xarakter daşıdığını bildirib.

AZƏRTAC