Fəqan Zalov
Sosial həyat

Fəqan Zalov

Fəqan Amil oğlu Zalov 1997-ci il aprelin 1-də Sabirabad rayonunun Qalaqayın kəndində anadan olmuşdur. Əslən Füzuli rayonunun Aşağı Güzlək kəndindən idi. Fəqan 2003-cü ildə Füzuli rayonu Babı kəndində birinci sinfə getmiş, 2010-2014-cü illərdə isə Sumqayıt şəhərində yerləşən Qubadlı Rayon Alı Mustafayev adına Zilanlı kənd tam orta məktəbində təhsilini davam etdirmişdir. Fəqan 2015-ci ilin iyulunda həqiqi hərbi xidmətə çağırılmış, 2017-ci ilin yanvarında tərxis olunmuşdur.

2016-cı il Aprel döyşləri zamanı Fəqan Azərbaycan Artilleriya Qoşunlarının əsgəri olaraq vuruşmuşdur. 2017-ci ilin dekabr ayından 2019-cu ilin mart ayına qədər HDQ-nin "N" saylı hərbi hissəsinin Gözətçi Gəmilər Diviziyasının "N" nömrəli gəmisində komendor vəzifəsində xidmət etmişdir. Gəmidə xidmət etdiyi dövrdə Xəzəryanı dövlətlərin birgə təşəbbüsü ilə keçirilən "Beynəlxalq dəniz kuboku" yarışlarının iştirakçısı olmuşdur. Onun xidmət etdiyi gəmi dəniz kuboku yarışlarında dəfələrlə qalib gəlmişdir. Yarışlarda gəminin komendoru Fəqan Zalov bir çox fəxri fərmanlara layiq görülmüşdur. 2018-ci ilin mart ayından dekabr ayınadək "N" saylı hərbi hissənin nəzdində olan Xüsusi Təyinatlı Kəşfiyyat kursunu birincilik dərəcəsi ilə bitirdiyinə görə "kiçik miçman" rütbəsi almışdır. 2019-cu ilin mart ayından "N" saylı hərbi hissədə Su Altı Hücum (SAH) Xüsusi Təyinatlı Qüvvələrində xidmət etmişdir. Xidmət etdiyi dövrdə kəşfiyyatçı olaraq "Dağçılıq", "Paraşüt", "Antiterror", "Amfibiya" kurslarını bitirmişdir.

2020-ci ilin sentyabrın 27-də ordumuzun əks-hücum əməliyyatı başlayanda Fəqan Füzuli, Cəbrayıl, Zəngilan rayonları uğrunda gedən döyüşlərdə də iştirak edir. Cəbrayılın Soltanlı kəndi uğrunda gedən döyüşlərdə yaralanır, sağ ayağından qəlpə yarası alır. Həkimlərin israrına rəğmən yenidən döyüşlərə qatılacağını bildirərək, tam sağalmamış cəbhəyə yollanır. Bir müddət xəstəxanada qalır, əməliyyat üçün Hacıqabul xəstəxanasına göndərilir. Amma bundan imtina edir. Xəstəxanadan çıxanda ona verilən 15 günlük məzuniyyətin beş günündən istifadə edib yenidən döyüşə qayıdır.

Fəqan Zalov 9 noyabr 2020-ci ildə Xocavənd rayonunun yüksəkliklərinin cənub istiqamətində "Qızılqaya" adlı ərazidə yarımqrup tərkibində hücum əməliyyatını yerinə yetirən zaman qarşı tərəfin atdığı mərmilərin partlayışı nəticəsində qəlpə yarası alır. Ağciyərini və ürəyini parçalayan qəlpə yarası ölümcül olduğu üçün kiçik miçmanı xilas etmək mümkün olmur, Şəhidlik zirvəsinə qovuşur. Füzuli rayonunun Babı kəndində yerləşən qəbiristanlıqda Ana torpağa tapşırılır. Qardaşı Nicat da İkinci Qarabağ müharibəsində iştirak etmiş və yaralanmışdır.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Fəqan Zalova ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmişdir. Fəqan daha sonra ölkə başçısının digər sərəncamları ilə "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə də təltif edilmişdir.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən müharibəsi qəhrəmanlarının və Azərbaycanın Milli qəhrəmanlarının adlarının əbədiləşdirilməsini təmin etmək məqsədilə Horadiz şəhər 3 nömrəli tam orta məktəbə şəhid, Vətən Müharibəsi Qəhrəmanı Fəqan Zalovun adı verilmişdir.

                                                                                          M.CƏFƏROV,

                                                                                          "Respublika"