FARS-MOLLA REJİMİNİN İKİÜZLÜ SİYASƏTİ
Siyasət

FARS-MOLLA REJİMİNİN İKİÜZLÜ SİYASƏTİ

Ötən 30 il ərzində, yəni Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, Tehran rejimi ölkəmizə qarşı istər açıq, istərsə də müəyyən dərəcədə qapalı şəkildə çoxlu təxribatlar həyata keçirib, bu səmtdə  müxtəlif addımlar atıb.

Ermənistanın Azərbaycan torpaqlarını, o cümlədən İranla həmsərhəd Zəngilan, Cəbrayıl və Füzuli rayonlarını ardıcıl olaraq necə işğal etdiyinə və bu dövlət sərhədinin 120 kilometrlik hissəsinin dəyişdirilməsinə, əhalinin öz torpaqlarından didərgin salınmasına cənub qonşumuzun biganəliyini unutmamışıq. Molla rejimi bunu özünün "qırmızı xətti" elan etməmişdi. Bundan əvvəl, XX yüzillikdə tarixi Qərbi Azərbaycan torpaqlarından soydaşlarımız deportasiya ediləndə, xüsusilə sonuncu dəfə - 1988-ci ildə xalqımıza qarşı etnik təmizləmə, soyqırımı siyasəti həyata keçiriləndə də İran dövləti indi uzatdığı dilini nədənsə udmuşdu. Sual olunur - Qərbi azərbaycanlıların başına açılan bu bəlalara susmaqla tamaşa edən toplum dini dövlət adlandırıla bilərmi? Qərbi Azərbaycanda, istərsə də Qarabağ bölgəsində yaşayan soydaşlarımıza qarşı Ermənistanın açıq-aşkar soyqırımı siyasətinə İranın etiraz səsini ucaltmaması bu rejimin ikiüzlülüyündən xəbər verir. Bununla yanaşı, fars-molla rejiminin Cənubi Azərbaycanda ədalətli idarəetmə sisteminin tətbiqindən çəkinməsi bu yalançı dövlətin qorxaqlığını da aydın göstərir. İranda düşünürlər ki, türklərə, azərbaycanlılara qarşı həyata keçirilən siyasət onların maraqlarına uyğundur. Lakin bu siyasət, şübhəsiz, İran rejiminin özünün sonunu gətirəcək.

Azərbaycana dəstək vermək, haqqın yanında olmaq əvəzinə, İran Ermənistana qoşularaq işğal edilmiş ərazilərin infrastrukturunu dağıdıb, bu ərazilərlə bağlı təhrif olunmuş fikirlər yaradıb, ölkəmizə qarşı hərəkət etmək üçün istifadə edib. İstər Birinci Qarabağ müharibəsi zamanı, istərsə də ondan sonra Ermənistanın güclənməsinə hər cür köməklik göstərib. İran açıq şəkildə istəyirdi ki, Azərbaycan zəif, Ermənistan güclü olsun.

Burada 1993-1994-cü illərdə İran İmişli və Biləsuvar rayonlarının düşərgələrində məskunlaşmış məcburi köçkünlərə yardım etdiklərini xatırladaraq etiraz edə bilərlər. Bəli, bu olmuşdur, lakin həmin yardımı Qırmızı Aypara təşkilatı həyata keçirdi və bu bəhanə ilə İran çətin vəziyyətə düşmüş insanlar arasında öz təbliğatını apararaq, onların sırasında fars-molla rejiminin ideologiyasının davamçılarından ibarət bir məzhəb yaratmaq məqsədi güdürdü. Amma müəyyən müddətdən sonra insanlar təbliğatın mahiyyətini anlayıb öz etirazlarını bildirdilər ki, bu da İranın siyasətini iflasa uğratdı.

1994-cü ildən 2000-ci ilin sentyabrına qədər İran Qarabağ münaqişəsinin hərbi yolla həllinin mümkünsüzlüyünə inanan bəzi qərb dövlətləri ilə bir cərgədə idi. Bu ölkənin rəsmiləri həmişə münaqişənin sülh yolu ilə həllini, qarşılıqlı güzəştlərin vacibliyini bəyan ediblər. Və bu, 1979-cu ildən başlayaraq İran və qərb siyasətçilərinin fikirlərinin üst-üstə düşmədiyinin deyil, əksinə bu məsələdə eyni ideya dayışıcılarının olmasının yeganə nümunəsi oldu. Şübhəsiz, bu siyasi xətt Ermənistanın xeyrinə idi.

Odur ki, 2020-ci ilin sentyabrında Qarabağda hərbi əməliyyatlar başlayanda Tehran rejimi "ağzına su alan"lar sırasında yer alıb, Azərbaycana dəstək olmayıb. Bir epizodda hətta İran hərbçilərinin Azərbaycan ordusunun irəliləməsinin qarşısını almaq cəhdi də müşahidə olundu.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə ordumuzun tarixi Zəfəri artıq göz qabağında olanda İran regionda bərpa edilmiş statusla barışmamaq xəttini seçdi. Bu ölkədə Azərbaycanla informasiya müharibəsi aparan, öz mediasında saxta xəbərlər (guya Türkiyənin yardımı ilə Qarabağa terror qruplaşmalarının yeridilməsi, İsrailin bölgədə "gizli bazalar" yaratması və s.) yayan KİV-lər yağışdan sonra göbələk kimi artmağa başladı. İranın siyasi və dini liderlərinin yadına birdən-birə "qırmızı xətt" düşdü. Buna bir faktı da əlavə edə bilərik ki, İran hərbçiləri Zəngilanla sərhəddə tarixdə ilk dəfə təlimlər keçirib, sanki İranda hərbi təlimlər üçün başqa bir poliqon yox imiş. Təbii ki, bu, Azərbaycana təzyiq etmək üçün edilib. Bəlkə də Azərbaycan dövlətinin prinsipial siyasəti olmasaydı, İran hakimiyyəti Zəngilan ətrafında təxribat əməllərini davam etdirərdi.

Tehran rejiminin Qafqaz siyasəti ilə bağlı bir çox suallar cavabsız qaldı. Sual: Ermənistan ərazisində heç bir təhlükə olmadığı halda, İran niyə sərhəd məsələsindən bu qədər möhkəm yapışıb və canfəşanlıq nümayiş etdirir? Azərbaycan Zəngəzur dəhlizinin yaradılmasını istəyir ki, bu da beynəlxalq qanunlara və 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın bəndlərinə uyğundur. Belə fikirlər var ki, İran bu hərəkətləri ilə Ermənistanın qayğısına qalmaqdan daha çox öz maraqlarını güdür. İran Zəngəzur və Naxçıvandan Türkiyəyə kommunikasiya xətlərinin çəkilməsinin qəti əleyhinədir. Əgər bu dəhlizə obrazlı şəkildə "Turan" yolu deyiriksə, İranın məqsədi bu yola müdaxilə etməkdir. Belə siyasət, şübhəsiz, fars millətçiliyindən, Türk dünyasına nifrətdən və qorxudan irəli gəlir.

Göründüyü kimi, İran vəziyyəti idarə etmək niyyətindədir. Öz mövcudluğunu nəzərə çarpdırmaq məqsədilə Ermənistanın dağlıq vilayətində - Qafanda tələm-tələsik konsulluq açması da təsadüfi deyil. İndiyə qədər bu konsulluğa ehtiyac yox idi, bu zərurət birdən-birə yarandı, çünki Zəngəzur diqqət mərkəzinə çevrilib.

Ötən il Londondakı səfirliyimizə hücumdan dərhal sonra iranlı təbliğatçılar Tehranın bu aksiyada iştirakının olmadığını sübut etməyə çalışdılar. Hücumun təşkilatçılarının İran rəhbərliyinə müxalif olduqları bildirilib. Lakin hücum edənlər İran ideoloqlarının "dilində" danışırdılar: onların ritorikası və tələbləri Tehrandan gələn bəyanatlarla üst-üstə düşürdü. Yenə həmin "dini xəritə", eyni şüarlar, sionist rejimlə əlaqə ittihamları, şiələrə zülm və bu kimi digər cəfəng ideyalar və xəstə təxəyyülün məhsulları...

İran dövləti şiə cərəyanını tamamlayaraq İslamdan qopmağa doğru gedir. Bu ideologiyası fars şovinizmindən qaynaqlanan bir dindir və "Əli-Allah" (Ələvi) hərəkatının dirçəlməsi deməkdir. Ancaq bu ideologiya Azərbaycana yaddır. Bizim uzun illər ərzində formalaşmış öz milli-dini dəyərlərimiz var. Bu ölkədə heç vaxt şiə və sünni kimi bölünmə olmayıb, Azərbaycanda dini konfessiyalar bir-birinə dözümlüdür. Əgər kənardan müdaxilə olmasa, bu müstəvidə heç bir problem, yaxud gərginlik ola bilməz.

İranın bizimlə qarşıdurması dini müstəvidən uzaqdır və İranın merkantil, şovinist maraqlarına cavab verir. Digər tərəfdən, hazırkı İran dövləti Azərbaycanın müstəqilliyi ilə barışa bilmir, keçmiş mövqeləri və süni nüfuzunu qaytarmağa çalışır. Bu məqsədə çatmaq üçün Tehran rejimi düşmənlərimizdən - ermənilərdən istifadə etmək niyyətindədir. Odur ki, biz hamımız ayıq olmalı, kənar təsirlərə uymamalı, hər hansı təxribatlara imkan verməməliyik. Bu gün dövlətimizin başçısı təkcə Azərbaycanda deyil, bütün dünyada, o cümlədən də İranda yaşayan azərbaycanlıların Müzəffər Lideridir. Könül candan ayrılmaz olduğu qədər, şimali və cənubi azərbaycanlılar da hər zaman bir olacaq!

Emin QASIMOV,

"Respublika".