FAMİL XATİRƏ KOMPLEKSİ
Sosial həyat

FAMİL XATİRƏ KOMPLEKSİ

Famil Əlizadə igidlər, ərənlər yurdu kimi tanınan Masallı rayonunun Ərkivan qəsəbəsində dünyaya göz açıb. Halallığı, zəhməti daim uca tutan bir ailədə böyüyüb. Ərkivan qəsəbə 3 nömrəli tam orta məktəbini bitirib. Bakı şəhərindəki 2 nömrəli peşə liseyində elektrik avadanlıqlarına xidmət və onların təmiri üzrə elektrik montyoru peşəsinə yiyələnib. 2017-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılıb. Hərbi hissədə intizamlı, nümunəvi əsgər kimi hörmət qazanıb. 2019-cu ilin yanvar ayında ordudan tərxis olunub.

Famil torpaqlarımızın düşmən tapdağı altında qalması ilə heç cür barışa bilmirdi. Keçən ilin sentyabr ayının 27-də düşmənin növbəti təxribatının qarşısını almaq üçün başlanan Vətən müharibəsinə könüllü yollandı. Cəbhəboyu gedən ağır döyüşlərdə igidliklə vuruşur, düşmənin canlı qüvvəsinin, texnikasının məhv edilməsində əsl şücaət, qəhrəmanlıq göstərirdi.

Ordumuzun könüllü əsgəri Famil Əlizadə Füzuli rayonu uğrunda gedən döyüşlərdə cəsurluğu, əzmkarlığı ilə fərqlənirdi. Yuxarı Əbdürrəhmanlı kəndinin işğaldan azad edilməsində qəhrəmancasına şəhidlik zirvəsinə yüksəldi. 2020-ci il oktyabr ayının 22-də Ərkivan qəsəbəsinin Bağlakücə qəbiristanlığında torpağa tapşırıldı.

Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında fəal iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə, şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Famil Əlizadə ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Böyüyüb boya-başa çatdığı doğma qəsəbədə Vətən müharibəsi şəhidi Famil Əlizadənin adına bulaq kompleksi tikilib. Kompleksin açılışına həsr edilmiş mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, qəsəbə sakinləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəl torpaqlarımızın işğaldan azad edilməsində canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov çıxış edərək bildirib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, rəşadətli ordumuzun qüdrəti, peşəkarlığı,  mərd, igid oğulların  qəhrəmanlığı sayəsində illərlə düşmən tapdağı altında olan torpaqlarımız azad edilib. Hər bir şəhid bizim üçün əzizdir. Famil təkcə bir ailənin deyil, hər birimizin fəxridir. Bu ailənin kədəri hamımızın kədəridir. Təsəlli tapırıq ki, Famil kimi igidlər Vətən, torpaq uğrunda canlarını fəda etdilər, doğma yurda layiqli övlad, əsl vətəndaş olmağı bacardılar, - deyə icra başçısı bildirib.

Ərkivan qəsəbə 3 saylı tam orta məktəbinin direktoru Rahib Babayev və Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə nümayəndəsi Rəşid Talıbov Famil kimi mərd, qəhrəman oğulların heç zaman unudulmayacağını, əziz, parlaq xatirələrinin ürəklərdə əbədi yaşayacağını vurğulayıb.

Şəhidin atası Habil Rəhimov göstərdikləri yüksək diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib.

Xatirə kompleksinin önünə gül dəstələri düzülüb, şəhidin əziz xatirəsi ehtiramla yad edilib.

Əlisəfa HƏSƏNOV,

"Respublika".