Əzəli yurd nisgili
Digər xəbərlər

Əzəli yurd nisgili

TÜRKİYƏ

Tarixin müəyyən dövrlərində imperialist qüvvələrin erməni əli ilə Azərbaycana qarşı apardığı məkrli işğal siyasəti nəticəsində Azərbaycan xalqı öz tarixi, əzəli torpaqlarından qovulub, didərgin salınıb, deportasiyalara məruz qalıb. Azərbaycanın tarixi Qərb torpaqlarında indiki Ermənistan adlı dövlət quran erməni vandallarının bu çirkin niyyətləri müasir dövrümüzə qədər davam edib. Sonuncu türk-azərbaycanlı öz ata-baba, tarixi torpaqlarını 1989-cu ildə tərk etmək məcburiyyətində qalıb. Ermənilər bütün mədəni, mənəvi dəyərlərimizi məhv edib, tariximizi saxtalaşdırmaqla guya həmin ərazilərin sakinləri olduqlarını göstərməyə çalışıblar...

Lakin tarixi faktlar, sənədlər, xəritələr o torpaqların Azərbaycan türklərinə, azərbaycanlılara məxsus olduğunu hər addımda, hər daş, kağız səhifəsində təsdiqləyir. Əsrlərdir Azərbaycan türkləri  öz doğma yurdlarına qayıdacaqlarını xəyallarında yaşadır və hər doğulan nəsil öz tarixini bilir, gələcək nəsillərə ötürür. Bu fikirləri əslən Göyçə mahalının Dərələyəz bölgəsindən olan, Kars-Azərbaycan Mədəniyyət və Həmrəylik  Dərnəyinin rəhbəri Göksel Kaygısız söyləyib. O, həmçinin tarixə nəzər salaraq  deyib:  "1918-1920-ci illərdə yüz minlərlə Azərbaycan türkü qətlə yetirilib, öz yurdlarını tərk etmək məcburiyyətində qalaraq qaçqına çevrilib, yüzlərlə Azərbaycan kəndi yer üzündən silinib. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını Sovet hakimiyyətinin köməyi ilə Ermənistan SSR-in ərazisinə daxil etdiriblər. Sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atıblar. Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" xüsusi qərarına və 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail olublar. SSRİ Nazirlər Sovetinin bu qərarları Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktıdır. Bu qərarlar əsasında 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki doğma torpaqlarından kütləvi surətdə və zorakılıqla sürgün olunub. Əsrin əvvəllərində əksər əhalisi azərbaycanlı olan İrəvan şəhərindən və Ermənistan SSR-in digər bölgələrindən soydaşlarımız təqiblərə məruz qalaraq qovulub. Azərbaycanlıların hüquqları kobudcasına pozulub, onlara qarşı sərt repressiyalar həyata keçirilib.

1988-1989-cu illərdə azərbaycanlıların tarixi-etnik torpaqlarından - Ermənistandan növbəti deportasiyası baş verib, nəticədə 250 min azərbaycanlı qaçqın düşüb. Bu hadisəyə, o cümlədən Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinə Azərbaycan xalqının etirazı isə 1990-cı ilin yanvarında Sovet qoşunlarının Bakıya yeridilməsinə və Azərbaycanın digər şəhər və rayonlarında kütləvi qırğınlarla nəticələnib.

Statistik və arxiv sənədlərinə görə, bu əməliyyatlar nəticəsində ümumilikdə indiki Ermənistan ərazisində yaşayan bir milyon beş yüz mindən çox azərbaycanlı tarixi torpaqlarından qovulub. Burada azərbaycanlılar yaşayan 940 yaşayış məntəqəsindən 698-nin adı Ermənistan Ali Sovetinin qərarı ilə dəyişdirilərək erməni adları ilə əvəz olunub. Ancaq ermənilər bununla da kifayətlənməyib. Addəyişmə əməliyyatı azərbaycanlılar bu respublikanın ərazisindən tam deportasiya edildikdən sonra da davam etdirilib. Ermənistanın keçmiş rəhbərliyinin 1991-ci il 9 aprel tarixli fərmanı ilə son 91 azərbaycanlı yaşayış məntəqəsinin adı dəyişdirilərək erməni adları ilə əvəz edilib''.

Göksel Kaygısız vurğulayıb ki, Azərbaycan xalqının inamını özünə qaytaran, Azərbaycan dövlətinin və xalqının qüdrətini, sarsılmaz iradəsini, Azərbaycan Ordusunun gücünü beynəlxalq səviyyədə nümayiş etdirən möhtəşəm Qarabağ Zəfəri  Azərbaycanda  yeni reallıqlar yaradıb, bütün dünyaya Azərbaycan xalqını yenilməz bir xalq kimi təqdim edib. Azərbaycan Prezidentinin siyasi iradəsi, diplomatik gücü və hərbi sərkərdəlik bacarığı nəticəsində 30 il işğal altında qalan torpaqlar 44 gün ərzində düşməndən azad olunub və vətəndaşlar artıq öz dədə-baba torpaqlarına qayıdırlar.

Mən  inanıram ki, tez bir zamanda Qərbi Azərbaycandan qaçqın düşmüş Azərbaycan türkləri də  öz yurdlarına qayıdacaqlar. Çünki Prezident cənab İlham Əliyevin Qərbi Azərbaycan İcmasının bir qrup üzvü ilə keçirdiyi görüşdə səsləndirdiyi fikirlər də strateji məqsədlərimizə çatmaq üçün konseptual və proqram xarakterli olmaqla, əslində, Qərbi Azərbaycana qayıdışımızın yol xəritəsi idi. Bu kontekstdə Prezident İlham Əliyev, ilk növbədə qədim torpaqlarımıza qayıtmağımızı tarixi yaddaşımızla əlaqələndirdi: "Gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar". Prezident İlham Əliyevin bu fikri biz  Qərbi azərbaycanlılarda çox böyük ruh yüksəkliyi yaradıb.

Göksel Kaygısız babasının onlara anlatdığı xatirələri də bizimlə bölüşüb. Babamın  Göyçədən deportasiya edilərkən yaşadıqları dəhşəti bizlərə ağlayaraq anlatmasını ömür boyu unutmayacam: "Qarlı, boranlı, şaxtalı bir qış günündə qovulublar babamgil. Gecənin birində kəndi tərk etmək qərarı verilib yağı düşmən tərəfindən. İnsanlar çarəsiz halda qalmışlar. Yolda onlarla uşaq qarın altında qalaraq donub, çoxlu sayda insan itkin düşüb. İtkin düşənlər arasında   əmim və bibim  də olub. Çox ağır şərtlərdə Karsa gəliblər. İllər sonra əmim və bibimin sağ olduğu xəbərini aldıq. Yoldan keçən xeyirxah insanlar onları donmuş halda tapıb evlərinə aparıblar. Uzun illər sonra axtarıb babamı tapıblar. Babam və nənəmin göz yaşları bir az səngisə də, vətən həsrətilə köç etdilər bu dünyadan. Nənəm tez-tez  ağlayarq bayatı söyləyərdi bizə, o bayatıları heç unuda bilmirəm.

Göyçədir durnam yolağım,

O suya həsrət dodağım.

Aşıq Ələsgər oymagım,

Yolu bağlım nə haldadı?

Azərbaycan Prezidenti  İlham Əliyevin qüdrəti və apardığı uğurlu xarici və daxili siyasəti sayəsində Qərbi azərbaycanlıların da tarixi torpaqlarına qayıdacağı gün uzaqda deyil.  Biz heç zaman ümidimizi itirməmişik, hər zaman o torpaqlara qayıdacağımız günü səbirsizliklə gözləmişik. 44 günlük savaşdan sonra dünya   Prezident İlham Əliyevin əzmini, iradəsini gördü. Bu mənada, Qərbi azərbaycanlılar nə qədər tez öz doğma yurd-yuvalarına qayıtsalar, ermənilər üçün də bir o qədər də faydalı olar.

Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.