Əzəli torpaqlarımızda qanunsuz məskunlaşanlar həmin ərazilərdən çıxarılmalıdır
Siyasət

Əzəli torpaqlarımızda qanunsuz məskunlaşanlar həmin ərazilərdən çıxarılmalıdır

əm gözəl təbiəti, həm də coğrafi mövqeyinə görə mühüm əhəmiyyətə malik olan  Laçın rayonu Azərbaycanın dilbər guşələrindən  biridir.  Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa, Xocavənd, cənubdan Qubadlı, qərbdən isə Gorus, Qarakilsə rayonları ilə həmsərhəd olan bu dağ rayonu 1992-ci ilin may ayında yağı düşmən tərəfindən işğal olunmuşdu. Hələ 1988-ci ildən başlayaraq xarici ölkələrdəki havadarlarının dəstəyi sayəsində Ermənistandan, Livandan, Suriyadan Gorus rayonuna gətirilmiş qüvvələr Qarabağ, bütünlükdə isə Azərbaycan üçün mühüm hərbi-strateji əhəmiyyətə malik olan Laçın rayonunun kəndlərini aramsız atəşə tutur, insanlarını qətlə yetirirdilər. Özünümüdafiə birləşmələrinin, rayon əhalisinin Laçının müdafiəsinə qalxmasına baxmayaraq, o zaman ölkədəki qeyri-sabit vəziyyət, hakimiyyət uğrunda mübarizə düşmənə alçaq siyasətini həyata keçirməyə imkan yaratmışdı. 1992-ci il may ayının 8-də Şuşa ermənilər tərəfindən işğal olunduqdan sonra Laçın ətrafında yerləşən rayon və yaşayış məntəqələri mayın 16-dan 17-nə keçən gecə Şuşa şəhərinin Turşsu ərazisindən və Gorus rayonu istiqamətindən Laçın rayon mərkəzi intensiv artileriya silahlarından atəşə tutulmuş, 10 gün sonra isə işğal olunmuşdu.

Azərbaycanın qala qapısı sayılan Laçının süqutu nəticəsində iki min kvadratkilometrə yaxın ərazisi işğal olunmuş, yüzlərlə əhalisi həlak olmuş, itkin düşmüş, onlarla sənaye, kənd təsərrüfatı, mədəniyyət müəssisələri, təhsil və səhiyyə ocaqları dağıdılmış, minlərlə yaşayış evi qarət edilib yandırılmışdı. 60 min laçınlı doğma yurdundan didərgin düşmüşdü. Tamamilə dağıdılıb yer üzündən silinən, sərvəti talan edilib Ermənistana daşınan, tarixi-memarlıq abidələri məhv edilən Laçın, eyni zamanda Qarabağı Ermənistandan ayıran Laçın dəhlizi düşmənin nəzarətinə keçmişdi. Bu dəhliz vasitəsilə Qarabağa silah, döyüş sursatı və hərbi qüvvələr daşınır, erməni təcavüzünün miqyası gündən-günə daha da genişlənir, ətraf rayonların taleyi təhlükə altında qalırdı.

1992-ci ildə Laçının işğalından sonra Yaxın Şərqdən - Livandan, Suriyadan və digər ərazilərdən gətirilmiş ermənilər qanunsuz olaraq Azərbaycanın bu qədim, tarixi ərazilərində məskunlaşdırılmışlar.

2020-ci il sentyabrın 27-də Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Ali Baş Komandan tərəfindən bütün cəbhəboyu Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. 44 gün davam edən İkinci Qarabağ müharibəsində şanlı ordumuzun rəşadəti, şücaəti sayəsində oktyabr ayının 4-də Cəbrayıl, 17-də Füzuli, 20-də Zəngilan, 25-də Qubadlı rayonu, noyabr ayının 8-də Şuşa şəhəri işğaldan azad edildi. Şuşa azad edildikdən sonra müzəffər ordumuz bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi azad etməklə, Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi. 2020-ci il noyabr ayının 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən imzalanmış üçtərəfli Bəyanatla Ermənistan təslimolma aktı imzaladı. Bu sənədə əsasən Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını Azərbaycana geri qaytardı. Laçının azad edilməsi ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması prosesi başa çatdı. Lakin 30 il ərzində Azərbaycanın əzəli torpaqlarında yaşayan, maddi-mənəvi sərvətlərini talan edən erməni alçaqları İkinci Qarabağ müharibəsindən sonra da uydurduqları boş, mənasız xəyallarına uyaraq, vəziyyətin dəyişəcəyinə ümid edərək tarixi torpaqlarımızdan öz xoşları ilə çıxmaq niyyətində deyillər. Hələ də 30 il əvvəlki havada olan mənfur düşmən Vətən müharibəsində düşdüyü vəziyyətdən dərs almayıb. Ermənistan başa düşməyib ki, Azərbaycan dövləti, xalqı bir qarış torpağını belə heç bir kəsə pay verməz. Vaxtilə bağışlanan, itirilən bütün tarixi torpaqlarımız Azərbaycan torpaqlarıdır və belə də olacaq. Ölkə başçımızın dediyi kimi, nə bu gün, nə sabah - heç bir zaman heç nə ermənilərin xeyrinə dəyişməyəcək. Əgər nəsə dəyişəcəksə, bu, Azərbaycanın xeyrinə olacaq. Çünki bütün dünya bilir ki, o torpaqlarda yaşayan ermənilər aborigen deyil, sonradan köçürülmədirlər.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyev özünün tviter hesabındakı paylaşımında belə qeyd edib: "Robert Silinin 1992-ci ilin mayında Laçının Zabux kəndinin Ermənistan tərəfindən qanunsuz işğalı, yandırılması və talan edilməsi haqqında "Times" qəzetində reportajı. İşğaldan sonra ermənilərin Yaxın Şərqdən köçürülməsi yolu ilə qanunsuz məskunlaşdırılması aparılıb. Əlyazmalar yanmır".

Bu gün Azərbaycan bölgədə söz sahibidir. Prezident İlham Əliyevin atdığı hər bir addım, verdiyi hər bir qərar hörmətlə qarşılanır. Müstəqil, uzaqgörən, düşünülmüş siyasət yürüdən, "Mən həmişə deyirdim ki, Laçın, Kəlbəcər və Şuşa Azərbaycana qayıtmasa, heç bir razılaşma ola bilməz" deyərək 44 gün ərzində 30 il işğal altında olan torpaqlarımızı azad edən ölkə başçımızın bu gün "Biz Laçına qayıtmalıyıq, Zabuxa, Susa qayıtmalıyıq" deməsi onun qətiyyətinin, verdiyi hər bir sözünün arxasında olmasının isbatıdır.

Əslində, 10 noyabr bəyanatında ölkə başçımız İlham Əliyevin təkidilə salınan bənddə göstərilir ki, növbəti üç ildə tərəflərin razılığı əsasında Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutu inşa ediləcək və bununla da həmin marşrutu mühafizə etmək üçün Rusiya sülhməramlı kontingentinin yerləşdiyi ərazi dəyişdiriləcək. Azərbaycanın cəmi bir il ərzində tikdiyi 32 kilometr uzunluğunda olan bu yol hazır olduqdan sonra Prezident İlham Əliyev Rusiya hökumətinə rəsmi bildiriş göndərərək avqustun 5-də sülhməramlı kontingentin postlarını köhnə yoldan yeni yola keçirməsini bildirmişdir. Bundan duyuq düşən Ermənistan isə yolun iqtisadi əsaslandırmasını başlamaq istədiyini və 2023-cü ilin sonuna qədər yolu inşa edəcəyini bəyan etmişdir. Dövlət başçımız isə hər zaman olduğu kimi, bu dəfə də qeyri- konstruktivlik nümayiş etdirən Ermənistana üçtərəfli Bəyanatın bu müddəasını da yerinə yetirmədiyi təqdirdə, Azərbaycanın avqustun 5-də Laçın dəhlizinə girəcəyini, orada öz postlarını quracağını bəyan etməsindən sonra Qarabağda yaşayan ermənilər məskunlaşdıqları Azərbaycan torpaqlarından çıxmaq üçün vaxt istəmişlər. Bu dəfə də dövlət başçımız humanistlik göstərərək onlara avqustun sonuna qədər vaxt vermişdir.

Avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində bu barədə fikirlərini belə ifadə etmişdir: "... avqustun 5-i olmasın, 25-i olsun, sentyabrın 1-i olsun böyük fərq etmir. Amma əlbəttə ki, Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış insanlar çıxarılmalıdır. Bu, təbiidir. Onların orada qalması, əslində, hərbi cinayətdir. Çünki o, Cenevrə konversiyalarının qaydalarına ziddir. İşğalçı ölkə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma apara bilməz. Bu, hərbi cinayətdir. Bəlkə də orada yaşayanlar Suriyadan, Livandan gəlmiş ermənilər bunu bilmirlər, amma Ermənistan rəhbərliyi bunu yaxşı bilir".

Bəli, mənfur qonşularımız kimin torpaqlarında yerləşdiklərini, bu ərazilərə necə və hansı yollarla gəldiklərini bildikləri kimi, buradan getməli olduqlarını da yaxşı bilirlər.

Mehparə ƏLİYEVA,

"Respublika".