Ətraf mühitin qorunması üçün kompleks tədbirlər həyata keçirilir
Ekologiya

Ətraf mühitin qorunması üçün kompleks tədbirlər həyata keçirilir

İqtisadiyyatın davamlı inkişafı ekoloji layihələrin uğurla reallaşdırılmasını təmin edir

Ekoloji tarazlığın qorunub saxlanması, təbii ehtiyatlardan rasional istifadə, su, torpaq və atmosfer havasının çirklənmədən mühafizə edilməsi ümumbəşəri problemə çevrilib. Son illər dünyada ekoloji tarazlığın pozulması bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da bu sahəyə diqqətin artırılmasını zəruri edib. Dövlət siyasətinin vacib istiqamətlərindən biri olan ekoloji mühitin qorunması və vəziyyətinin yaxşılaşdırılması, yaşıllıq sahələrinin artırılması, ölkədə sanitariya mədəniyyətinin yüksəldilməsi və s. məsələlər diqqət mərkəzində saxlanılır və bu istiqamətdə olduqca böyük işlər görülür.

Hələ 1969-cu ildə respublika rəhbərliyinə yeni gəldiyi vaxtlarda Bakı şəhərinin Baş Planının müzakirəsinə həsr olunmuş konfransda çıxış edən ulu öndər Heydər Əliyev paytaxtın yenidən qurulmasını, havanı çirkləndirən, səs-küy yaradan obyekt və müəssisələrin şəhərin kənarına köçürülməsini, bəzilərinin ləğv olunmasını, yenidən tikilməsini və ya əhalinin su təchizatının yaxşılaşdırılmasını, şəhərin baş kanalizasiya sisteminin qaydaya salınmasını, yaşıllıqların sayının artırılmasını, çimərliklərin abadlaşdırılmasını və s. məsələlərin həllini mühüm vəzifə kimi qarşıya qoyurdu. Beləliklə, Azərbaycanda ekoloji problemlərin həlli işinə 1970-1980-ci illərdə başlanılmış, bu gün Bakının ətrafındakı ağaclar, meşəliklər, yaşıllıq zolaqları ulu öndər Heydər Əliyevin təşəbbüsü, onun şəxsi iştirakı ilə salınmışdır.

Yüz ildən çox bir zamanı əhatə edən dövrdə neft emalı və digər sənaye müəssisələrinin fəaliyyəti nəticəsində yaranan tullantıların ərazilərdə toplanması ekoloji vəziyyətə mənfi təsir göstərmişdir. Bu amilin aradan qardırılması üçün möhtərəm Prezidentin göstərişinə əsasən neftlə çirklənmiş torpaqların təmizlənməsi, sənaye müəssisələrinin şəhərətrafı ərazilərə köçürülməsi və dünya standartlarına uyğun yeni sənaye müəssisələrinin yaradılması prosesi davam etdirilir və bu, öz müsbət nəticəsini verməkdədir. Dövlət başçısının diqqəti sayəsində regionlarda da ekoloji vəziyyətin yaxşılaşdırılması  məqsədyönlü  şəkildə  aparılır, bu sahədə  dövlət tərəfindən  ardıcıl tədbirlər həyata keçirilir.

İri yaşayış məntəqələrində, xüsusən sənaye mərkəzlərində məişət tullantıları ətraf mühiti çirkləndirməklə bərabər, öz növbəsində, gərgin ekoloji vəziyyətin yaranmasına səbəb olur, həm də insanların sağlamlığı üçün təhlükə mənbəyinə çevrilir.

Bu gün Azərbaycanda  ekoloji vəziyyətin yaxşılaşdırılması, insanların sağlamlığının mühafizəsi  dövlət orqanlarının qarşısında  həlli vacib olan vəzifə kimi qarşıya qoyulur. Belə mühüm məsələlərin  arasında lay sularının utilizasiyası, neftlə çirklənmiş torpaqların təmizlənməsi, atmosferə atılan  zərərli maddələrin  azaldılması, istehsalat tullantılarının idarə olunması, enerjiyə qənaət texnologiyalarının tətbiqi, Bakı buxtasının təmizlənməsi, yaşıllaşdırma işləri, ekoloji təbliğat və maarifləndirmə məsələləri əsas yer tutur.

Ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması üçün səmərəli istifadə edilməsi ölkədə aparılan sosial-iqtisadi islahatların tərkib hissəsidir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu istiqamətdə zəruri  tədbirlər həyata keçirir. Görülən işlər təbii sərvətlərdən səmərəli istifadə, çirklənmiş ərazilərin bərpası, su ehtiyatlarının mühafizəsi, xüsusi mühafizə olunan təbiət ərazilərinin, meşə və yaşıllıq sahələrinin artırılması və s. istiqamətlərdə ətraf mühitin komponentlərinin bərpasında böyük rol oynayır və respublikamızın ərazisində ətraf mühitin vəziyyətinin yaxşılaşdırılmasında böyük  irəliləyişlərə səbəb olur.

Son illərdə nazirlik tərəfindən Heydər Əliyev Beynəlxalq Hava Limanı və ona yaxın yerlərdə  çirklənməyə məruz qalmış ərazilərin təmizlənməsi və Abşeron yarımadasında ekoloji standartlara cavab verməyən torpaqların inventarlaşdırılması və qiymətləndirilməsi kimi  layihələr həyata keçirilmişdir. Layihənin həyata keçirilməsi üçün İtaliyanın “Wood Amec Foster Wheeler” şirkəti cəlb olunmuş, Abşeron yarımadasında gələcək istifadə təyinatından asılı olaraq təmizləmə metodologiyası nəzərə alınmaqla çirklənmiş ərazilərin beynəlxalq standartlara uyğun inventarlaşdırılması və qiymətləndirilməsi aparılmışdır. Bununla yanaşı, neft və neft məhsulları ilə çirklənmiş ərazilərin ekoloji bərpası məqsədilə “Suraxanı rayonunda keçmiş Yod-brom zavodunun lay suları ilə çirklənmiş ərazisinin ekoloji vəziyyətinin sağlamlaşdırılması və landşaftın bərpası”, Heydər Əliyev Beynəlxalq Hava Limanının ərazisində “Çuxurdərə gölməçələrinin ekoloji vəziyyətinin sağlamlaşdırılması və landşaftın bərpası” üzrə layihələr reallaşdırılmışdır.

Suraxanı rayonunda keçmiş Yod-brom zavodunun lay suları ilə çirklənmiş ərazisinin ekoloji vəziyyətinin sağlamlaşdırılması və landşaftın bərpası” layihəsi çərçivəsində ümumi sahəsi 66  ha olan ərazi tam bərpa edilmiş, lay suları, duz, yod və digər tullantılardan təmizlənib, drenaj şəbəkəsi çəkilmiş, yerli iqlim şəraitinə uyğun ağaclar əkilərək yaşıllıq zolağı salınmışdır.  Hazırda Hövsan Aerasiya Stansiyasında təmizlənmiş su əlavə təmizlənərək ağacların suvarılmasında istifadə olunur.

Heydər Əliyev Beynəlxalq Hava Limanı ərazisində “Çuxurdərə gölməçələrinin ekoloji vəziyyətinin sağlamlaşdırılması və landşaftın bərpası” layihəsi çərçivəsində ümumi  ərazisi 272 ha olan sahə bərpa edilmişdir. Bu sahələr neft və neft məhsulları ilə çirklənmiş şlamlardan  təmizlənmiş, çirkab suları altında qalmış gölməçələr isə qurudularaq  yaşıllaşdırılmışdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünə qoşulan Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin  əməkdaşları  Heydər Əliyev Beynəlxalq  Aeroportu ərazisinin təmizlənmiş 10 hektar sahəsində 4 mindən  artıq ağac əkmişlər.

Ətraf mühitə mənfi təsir göstərən səbəblərdən biri də bərk məişət tullantılarının, xüsusilə də ətraf mühiti çirkləndirən əsas faktorlardan  olan plastik tullantıların düzgün idarə olunmamasıdır. Plastik və polietilen qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılması istiqamətində  Ekologiya və Təbii Sərvətlər Nazirliyində genişmiqyaslı təbliğat kampaniyası aparılmış, plastik tullantıların  ətraf mühitə və insanların  sağlamlığına  mənfi təsirləri, dünya ölkələrinin plastikdən imtina və onun istifadəsinin məhdudlaşdırılması ilə əlaqədar təcrübələri, eyni zamanda polietilen torbaların alternativləri barədə paylaşımlar edilmiş, bu tullantıların ətraf mühitə mənfi təsiri barəsində maarifləndirmə işləri aparılmışdır.

Bu günlərdə nazirlikdə BMT-nin Ətraf Mühit Proqramı çərçivəsində “Dəniz və okeanların tullantılar və plastik məmulatlarla çirklənməsi” mövzusunda videokonfrans formatında keçirilən görüşdə BMT-yə üzv dövlətlərin ekologiya və ətraf mühit üzrə nazirləri plastik çirklənmə probleminin transsərhəd və qlobal əhəmiyyət kəsb edən bir məsələ olduğunu, yalnız beynəlxalq və regional əməkdaşlıq sayəsində  bu problemin həllində müsbət nəticələr əldə edilə biləcəyini qeyd etmişlər.

Ekoloji tarazlığın pozulmasında antropogen təsirlərin, iqlim dəyişmələrinin  - anomal iqlim şəraiti, təbii  fəlakətlərin artmasının da böyük rolu var. İqtisadiyyatın inkişafı, demoqrafik artım, əhalinin gəlir səviyyəsinin yüksəlməsi hesabına istehlakın artması, su ehtiyatlarının çirkləndirilməsi, sənaye müəssisələri və avtonəqliyyatın atmosferi zəhərləməsi, kənd təsərrüfatı üçün yararlı torpaqların sıradan çıxması, tullantıların tələb olunan səviyyədə idarə olunmaması, biomüxtəlifliyin, meşələrin, flora və faunanın qorunmaması da ətraf mühitə öz  mənfi təsirini göstərir.

Ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi, indiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə, alternativ enerji mənbələrindən yararlanmaq və enerji effektivliyinə nail olmaq, qlobal ekoloji problemlər üzrə milli səviyyənin qiymətləndirilməsi, həlli yollarının müəyyənləşdirilməsi, beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi ölkəmizdə ekoloji siyasətin əsas istiqamətləridir və bu yöndə zəruri tədbirlər həyata keçirilir.

Mehparə ƏLİYEVA,

“Respublika”.