“Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı haqqında ƏSASNAMƏ
Hüquqi aktlar

“Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı haqqında ƏSASNAMƏ

Azərbaycan Respublikasının

2022-ci il 27 may tarixli

Qanunu ilə təsdiq edilmişdir

Maddə 1. Təltif edilən şəxslər

1.1. “Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı xidmətlərinə görə təltif edilirlər:

1.1.1. ətraf mühitin mühafizəsi ilə bağlı mühüm layihələrin hazırlanmasında və onların həyata keçirilməsində fəal iştiraka görə;

1.1.2. ətraf mühitin mühafizəsi ilə bağlı obyektiv informasiyanın yayılmasına və görülən işlərin təbliğinə verilən töhfəyə görə;

1.1.3. ətraf mühitin mühafizəsi ilə bağlı Azərbaycan Respublikasının beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində və möhkəmləndirilməsində göstərilən xidmətlərə görə.

Maddə 2. Təltif edən orqan

“Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təltif edilirlər.

Maddə 3. Taxılma qaydası

“Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır.