Etibarlı enerji təchizatçısı
İQTİSADİYYAT

Etibarlı enerji təchizatçısı

Azərbaycanın Avropanın enerji təhlükəsizliyi üçün önəmi getdikcə artır. Şaxələndirilmiş infrastruktur qurmaqla istehlakçı ölkə kimi müstəqil enerji siyasəti həyata keçirməyə və milli maraqları maksimum dərəcədə qurmağa nail olur. Avropa üçün yeni təchizat mənbəyi olan Azərbaycan Xəzər hövzəsindən "mavi yanacaq" axını prosesinə ilk dəfə 2012-ci ilin əvvəlində start verib. Yeni və kifayət qədər zəngin mənbə kimi isə ölkəmizin Xəzərdəki "Şahdəniz" yatağı çıxış edir.

Xatırladaq ki, dünyada azsaylı nəhəng qaz yataqlarından biri hesab olunan "Şahdəniz" keçən əsrin ortalarında azərbaycanlı geoloqlar tərəfindən kəşf edilib, lakin müvafiq texnologiyaların olmamasına görə yatağın istismarı dayandırılıb, onun potensial imkanları müəyyən edilməyib. 1996-cı ildə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin beynəlxalq neft şirkətləri ilə yaratdığı konsorsium yatağın qazla zəngin olduğunu təsdiqlədi. Yeni kəşfiyyat-dəyərləndirmə işlərinin nəticəsi gözlənildiyindən daha yaxşı oldu. Mütəxəssislər yataqda 1,2 trilyon kubmetr qazın olduğunu ehtimal edirlər. Azərbaycanın təşəbbüsü və liderliyi ilə yaradılan Cənub Qaz Dəhlizi isə Avropanın qazla təchizatında keyfiyyətcə yeni bir mərhələnin başlanması kimi dəyərləndirilir. Mütəxəssislər onu da qeyd edirlər ki, Cənub Qaz Dəhlizi Avropa üçün əsl enerji təhlükəsizliyi layihəsidir və Azərbaycan bu məsələdə gələcəkdə çox mühüm rol oynaya biləcəkdir.

Cənub Qaz Dəhlizinin Avropada əhatə dairəsinin coğrafiyası genişlənir.

Bu il sentyabrın 10-da Bolqarıstan Respublikasına rəsmi səfəri çərçivəsində mətbuata verdiyi bəyanatda Azərbaycan Prezidenti deyib: "Enerji təhlükəsizliyi məsələləri bütün dövrlərdə mühüm əhəmiyyət kəsb edir, ancaq indiki şəraitdə əhəmiyyəti daha da artmışdır. Biz bunu yaxşı dərk edirik. Ona görə əlimizdən gələni edirik ki, qaz hasilatını artıraq və tərəfdaşlarımızı təbii qazla təmin edək. Azərbaycan uzun illərdir etibarlı tərəfdaş kimi xam neftini dünya və Avropa bazarlarına ixrac edir. İndi təbii qazı idxal edən Azərbaycan bu sahədə də etibarlı tərəfdaş kimi özünü göstərəcəkdir".

1991-ci ildə dövlət müstəqilliyi bərpa olunduqdan sonra Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri indiyədək iqtisadi və siyasi islahatlara dəstək, Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizinin yaradılması, infrastrukturun inkişafı və digər bu kimi müxtəlif çərçivələrdə inkişaf etdirilib. Ölkəmizin regiondakı tranzit mövqeyi, Avropa və Asiyanın quru və hava nəqliyyatı yollarının kəsişməsində yerləşməsi, eləcə də Avrasiyanın nəqliyyat qovşağı rolunu oynaması onu Avropa İttifaqı üçün cəlbedici edən faktorlardır.

Azərbaycan öz enerji daşıyıcılarını Avropaya ixrac etmək üçün nəhəng layihələri uğurla başa çatdırıb. Təsadüfi deyil ki, bu gün Avropa Azərbaycan və onun üzərindən ötürülə biləcək qaz həcmlərinə böyük ümid bəsləyir. Azərbaycan təbii qazını Avropaya çatdıran Cənub Qaz Dəhlizini faktiki olaraq öz maliyyə imkanları hesabına həyata keçirib. Avropa İttifaqı bu layihəyə tam siyasi dəstək versə də, onun maliyyələşməsi prosesində iştirak etməyib. Lakin indi layihənin əsas komponentləri olan TANAP və TAP boru kəmərlərinin genişləndirilməsi prosesini var gücü ilə irəlilətməyə çalışır.

Cənub Qaz Dəhlizi istehsalçı, tranzit və istehlakçı ölkələrin maraqlarını uzlaşdırmaq, bölgəyə xarici sərmayənin cəlbi, yeni iş yerləri yaratmaq və enerji təhlükəsizliyini təmin etmək baxımından çox əhəmiyyətlidir. Asiya və Avropanın 7 ölkəsinin ərazisindən keçməklə dünyanın aparıcı enerji şirkətlərini öz ətrafında birləşdirən Cənub Qaz Dəhlizinin tam fəaliyyətə başlaması Azərbaycanın qlobal layihə idarə etməsində bacarıqlarını da təsdiqləmiş oldu. Bu gün bölgə dövlətləri üçün Azərbaycan enerji daşıyıcılarının əhəmiyyəti çoxalmaqdadır. Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizinin böyük bir hissəsi Türkiyədən keçir. TANAP ölkələr üçün tarixi əhəmiyyətə malik layihədir. Bu layihə ilə artıq Azərbaycan qazının Türkiyə üzərindən İtaliyaya, oradan da Avropa ölkələrinə nəqli mümkün olub. Qeyd edək ki, Avropa İttifaqı və Azərbaycan Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən Birgə Bəyanatı 2011-ci ildə imzalayıb. Birgə Bəyanat TANAP və TAP-la bağlı hökumətlərarası sazişlərlə birlikdə uzunmüddətli qaz satışı müqaviləsi üçün zəmin yaratdı. 2012-ci ildə Azərbaycanla Türkiyə arasında TANAP-la bağlı müqavilə imzalanıb. 2014-cü il sentyabrın 20-də Cənub Qaz Dəhlizinin təməli qoyulub. 2020-ci ildə onun sonuncu seqmenti olan TAP işə başlayıb.

Cənub Qaz Dəhlizinin işə başlaması İonik-Adriatik boru kəmərinin inşası ilə bağlı Qərbi Balkan ölkələrində gedən müzakirələrə real məzmun verib. Çünki Azərbaycanın perspektiv yataqları Avropaya əlavə həcmdə qaz göndərilməsini mümkün edir. Belə ki, 400 milyard kubmetr qaz ehtiyatına malik olan "Babək" yatağı, 350 milyard kubmetr ehtiyatı olan "Abşeron" qaz-kondensat yatağı və 200 milyard kubmetr ehtiyatı olan "Ümid" yatağı Avropada qaz təchizatı marşrutlarının şaxələndirilməsində mühüm rol oynayacaq. Digər tərəfdən isə TAP kəməri Qərbi Balkanların təbii qaz bazarına çıxışına imkan yaradır. Bu baxımdan İonik-Adriatik boru kəmərinin təchiz edilməsi üçün Azərbaycanın kifayət qədər ehtiyatları və müvafiq infrastrukturu var. Bu isə ölkəmizin Avropanın enerji təhlükəsizliyi baxımından önəmini artıran məqamlardan biridir. Bu il fevralın 4-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında Azərbaycan Prezidenti İlham Əliyev demişdir ki, Cənub Qaz Dəhlizi layihəsi başa çatıb, tərəfdaş ölkələrin işi isə davam edir və layihə tərəfdaş Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına, mövqelərinin möhkəmlənməsinə əhəmiyyətli töhfələr verməklə ölkəmizin milli mənafelərinə tamamilə uyğundur.

Dövlət başçısının qeyd etdiyi kimi, bu gün Azərbaycanın elektrik enerjisi potensialı əsasən daxili istehlaka hesablanıb. Ölkəmiz dünyada xam neft, təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisi ixrac edən az sayda ölkələrdən biridir. Təsadüfi deyil ki, Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsinə əsasən, enerjiyə əlçatanlıq reytinqində Azərbaycan dünyada ikinci yerdədir və bu, əlbəttə ki, çox böyük nailiyyətdir. Hazırda qoyulan vəsaitlərin səmərəli xərclənməsi hesabına ölkəmizin elektrik enerji xətləri tamamilə müasirləşdirilib, habelə yeni elektrik stansiyaları tikilib.

Azərbaycanda bərpa olunan enerji növlərinin potensialı da həddindən artıq böyükdür. Məhz bu səbəbdəndir ki, dünyanın aparıcı enerji şirkətləri Azərbaycanla bu sahədə əməkdaşlıq etməyə maraqlıdır. Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyi kimi qəbul edilən Azərbaycan özünün zəngin enerji ehtiyatlarından səmərəli istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca aktorlardan birinə çevrilib.

Zümrüd QURBANQIZI,

"Respublika".