Etibar Əsədli: Şuşadakı bugünkü ifam heç vaxt yaddaşımdan silinməyəcək...
MÜSAHİBƏLƏR

Etibar Əsədli: Şuşadakı bugünkü ifam heç vaxt yaddaşımdan silinməyəcək...

Vətən, onun doğmalığı, əvəzolunmazlığı və gözəlliyi haqqında çox deyilib, çox yazılıb və çox eşitmişik. Kim nə deyirsə-desin, insanın özünün yaşadığı hisslər tamam başqa duyğulardır. Dağların qoynunda qərar tutan möhtəşəm Şuşa şəhərinə dolaylarla qalxmaq köksümdə çox qəribə, qürurlu və bir qədər də izaholunmaz hisslər oyatdı. Deməli, Vətənin müqəddəsliyi, onun möhtəşəmliyi bu imiş! Şəhərə qalxandan sonra hər şey - keçib gəldiyin yollar, aşağılarda uzanan vadilər, çöllər, erməni vandallarının murdar əlləri ilə dağılıb talan olmuş, yerlə-yeksan edilmiş hər şey sanki təyyarə illüminatorundan görünür.

Şuşanı görmək, təmiz havasını ciyərlərimə çəkmək arzusu ilə çox yaşamışam. Şükür ki, qismət oldu! İnsan sanki vəcdə gəlir, intəhasız duyğuları, hissləri sərhəd tanımır. Bu gün festivalda musiqi nömrəsi ifa edərkən bu hisslərin içində idim…

Fransada yaşayan həmyerlimiz, beynəlxalq müsabiqələr laureatı Etibar Əsədli AZƏRTAC-ın müxbiri ilə festivalda yaşadığı hissləri belə bölüşüb.

Bəstəkar daha sonra deyib: "Təqdim etdiyim musiqi nömrəsi maraqla qarşılandı. Tamaşaçılardan çox yaxşı enerji alırdım. Hər şey tamaşaçının istəyinə, zövqünə köklənməlidir. Musiqiçi ilhamı öz dinləyicisindən, tamaşaçıdan alır. Dinləyicilərin böyük dəstəyi sanki barmaqlarıma, ürəyimə və beynimə güc verirdi. Açığını deyim bu mahnıları dünyanın çox yerlərində ifa etmişəm. Ancaq heç vaxt bu duyğularla və belə möhtəşəm dəstək altında ifa etməmişəm. Deyirlər ki, yaxşı alınıb. Görünür ki, onun yaxşı alınmağına məhz həmin amillər səbəb olub. Məhz Şuşada Azərbaycan musiqisini ifa etmək mənim üçün ikiqat şərəfdir və həyəcanlıdır. Fəxr edirəm ki, ilk dəfə "Xarıbülbül" festivalında məhz avropalı musiqiçilərlə çıxış etdim. Yəqin ki, Şuşadakı bugünkü ifam heç vaxt yaddaşımdan silinməyəcək..."

AZƏRTAC