Əsrin müqaviləsi: Beynəlxalq əməkdaşlığa, qlobal və regional təhlükəsizliyə töhfə
Siyasət

Əsrin müqaviləsi: Beynəlxalq əməkdaşlığa, qlobal və regional təhlükəsizliyə töhfə

Ümummilli lider, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin iradəsi və möhkəm dövlətçilik əzminin, qətiyyətli və ardıcıl siyasətinin nəticəsi olaraq 1994-cü il  sentyabrın 20-də qlobal dünya iqtisadiyyatında möhtəşəm layihə - “Əsrin müqaviləsi” reallaşdı. Müstəqil Azərbaycan Respublikası ilə dünyanın tanınmış neft şirkətləri arasında imzalanmış müqavilə məhz öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını alıb.

Həmin gün Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” (AÇG) yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında dəyəri 7,4 milyard dollar olan “məhsulun pay bölgüsü” tipli müqavilə imzalandı. Təxminən 400 səhifə həcmində və 4 dildə öz əksini tapmış “Əsrin müqaviləsi”ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoco, BP, McDermott, UNOCAL, ARDNŞ, Lukoil, Statoil, Exxon, Türkiyə petrolları, Pennzoil, İTOCHU, Ramco, Delta) iştirak etmişdir. Bu müqavilədə Böyük Britaniyanın “British Petroleum” (qoyulacaq investisiyanın 17,12 faizi) və “Ramco” (2,08 faizi), ABŞ-ın “Amoco” (17,01 faiz), “UNOCAL” (11,2 faiz), “Pennzoil” (9,81 faiz), “McDermott” (2,45 faiz), Rusiyanın “Lukoil” (10,0 faiz), Norveçin “Statoil” (8,56 faiz), Türkiyənin “Türk petrolları şirkəti”nin (1,75 faiz) və Azərbaycan Neft Şirkətinin isə 20 faiz payı var idi. Bununla da “Yeni neft strategiyası” və doktrinası uğurla həyata keçirilməyə başlandı.

“Əsrin müqaviləsi”nin ilk günlərindən başlayaraq Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti yaradıldı və təsdiq olunmuş vahid proqram üzrə ARDNŞ ilə birgə işlərə başlandı. Bu saziş sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dək sazişin imzalanması üçün yol açdı.

İmzalanmış neft sazişləri üzrə Azərbaycanın neft sənayesinin inkişafı üçün nəzərdə tutulmuş 64 milyard ABŞ dolları qoyuluşunun 57,6 milyardı dəniz yataqlarının mənimsənilməsinə və perspektivli strukturlarda axtarış-kəşfiyyat işlərinin aparılmasına yönəldilmişdir. Xəzərin Azərbaycan sektorundakı dərinsulu yataqların işlənilməsi üçün ölkəyə zəruri texnologiyalar, müasir istehsal üsulları gətirilib, bütün sahələr üzrə innovativ metodlar tətbiq edilib.

Ölkəyə təqribən 265 milyard ABŞ dolları, o cümlədən neft-qaz sənayesinə 101 milyard dollar investisiya qoyulub. AÇG-nin işlənilməsinə yatırılmış sərmayənin miqdarı isə 36 milyard dollar olub.

Xəzərin dərinliklərində yerləşən sahələrdə kəşfiyyat quyularının qazılması məqsədilə “Dədə Qorqud” (keçmiş “Kaspmorneft”), “İstiqlal” (keçmiş “Şelf-5”) yarımdalma üzən qazma qurğuları təmir və modernizə edilərək “Azəri-Çıraq-Günəşli” yataqlarında birgə aparılan işlər nəticəsində 6 kəşfiyyat quyusu qazıldı, bunların səhəsində sonradan neft ehtiyatları 30%-dən çox artırıldı. Bu qurğular 1996-cı ildə yaradılmış “Kaspian Drillinq Kompani” müştərək müəssisənin tərkibində “Şahdəniz” və “Azəri-Çıraq-Günəşli” yataqlarında öz işlərini uğurla davam etdirirlər.

1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə vətəndaş qarşıdurmasına son qoyulması, ictimai-siyasi sabitliyin bərqərar olması, qonşu ölkələrlə kəskin münasibətlərin qismən yumşaldılması, xarici sərmayələrə ciddi dövlət təminatının verilməsi və s. Qərbin ən böyük neft şirkətlərinin diqqətini yenidən Xəzər dənizinə yönəltdi və haqqında bəhs olunan transmilli müqavilənin hazırlanaraq imzalanmasına əlverişli şərait yaratdı. Ulu öndər Heydər Əliyev uzaqgörən və qətiyyətli siyasət yürüdərək bəzi qonşu və beynəlxalq dairələrin Xəzər dənizinin statusu ilə bağlı mövcud olan problemi qabartmaq yolu ilə “Əsrin müqaviləsi”ni pozmaq planlarını puça çıxardı. O, müdrikcəsinə bütün narazı tərəfləri inandıraraq sübut etdi ki, Azərbaycan bu addımla heç bir ölkənin iqtisadi-siyasi maraqlarına toxunmur, əksinə, bölgədə hamı üçün bərabər əməkdaşlıq və tərəfdaşlıq şəraiti yaradır.

Ulu Öndər həm də xarici neft şirkətləri ilə Azərbaycanın imzalayacağı bütün neft-qaz müqavilələrinin şərtlərini bizim milli maraqlara maksimum dərəcədə uyğunlaşdıra bildi. Həmin dövrdə cənab İlham Əliyevin ARDNŞ-in vitse-prezidenti təyin edilməsi onun müdrik və uzaqgörən addımlarından biri oldu. Xarici neft şirkətləri ilə aparılan danışıqlarda birbaşa iştirak edən cənab İlham Əliyev imzalanacaq bütün neft-qaz müqavilələrinin xalqımızın milli maraqlarına cavab verən şərtlər çərçivəsində hazırlanmasını yüksək səriştə və bacarıqla təmin etdi.

2005-ci il mayın 25-də Prezident İlham Əliyevin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılış mərasimi keçirildi, 2006-cı ildə Türkiyənin Ceyhan limanından Azərbaycan neftinin nəqlinə başlanıldı. 2007-ci ildə isə “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən təbii qaz Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə Cənubi Qafqaz qaz boru kəməri ilə Türkiyə sərhədlərini aşaraq qardaş ölkənin qaz kəmərləri sisteminə daxil oldu.

Bu müqavilə Azərbaycan dövlətinə, ölkənin ictimai-siyasi və iqtisadi institutlarına xarici ölkələrin maliyyə və texnoloji resurslarından geniş istifadə etmək imkanı qazandırdı. Müqavilə çərçivəsində həyata keçirilən transmilli layihələr Cənubi Qafqaz və Xəzər hövzəsinin digər dövlətləri ilə müqayisədə Azərbaycanın beynəlxalq aləmdə geosiyasi və geoiqtisadi dəyərini artırdı, xarici ölkələrlə tərəfdaşlıq münasibətlərinin inkişafına və dərinləşməsinə mühüm təsir göstərdi.

Ölkəmizin xarici ticarət əlaqələrinin inkişafına və tranzit imkanlarının genişləndirilməsinə mühüm töhfə olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı-Tbilisi-Qars dəmir yolu xətti inşa edilərək istifadəyə verilmişdir. Azərbaycan “Şərq-Qərb” və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizlərinin fəal iştirakçısına çevrilmiş, həmçinin tranzit daşımaları sahəsində ölkəmizin potensialının yüksəlməsində önəmli rol oynaya biləcək Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə qoşulmuşdur.

Müasir Azərbaycanın nümunəsi əyani şəkildə bir daha təsdiq etdi ki, ümummilli lider Heydər Əliyevin müəllifi olduğu “Əsrin müqaviləsi” ilə Azərbaycanda yeni neft strategiyası başlanmış və ötən müddətdə uğurla həyata keçirilmişdir. Bu strategiya ölkəmizin müstəqil gələcəyini, dünya dövlətləri ilə strateji tərəfdaşlığını, iqtisadi inkişafının uğurlu nəticələrini, beynəlxalq və regional aləmdəki aparıcı rolunu təmin etmiş və Azərbaycanın dünyanın qabaqcıl ölkələri sırasına çıxmasına təkan vermişdir.

“Əsrin müqaviləsi” Azərbaycanın siyasi və iqtisadi qüdrətini artıraraq, sonrakı illərdə onun təşəbbüsü və liderliyi ilə regionun və Avropanın enerji təhlükəsizliyini təmin edəcək neçə-neçə yeni transmilli enerji və nəqliyyat layihələrinin həyata keçirilməsinə şərait yaratmışdır. Qeyd edilməlidir ki, 2010-cu ildə “Ümid” və “Babək”, 2011-ci ildə isə “Abşeron” yatağında böyük qaz ehtiyatları aşkar edildikdən sonra nəhəng “Şahdəniz” qaz yatağı da nəzərə alınmaqla Azərbaycanın təsdiq olunmuş təbii qaz ehtiyatı 2,6 trilyon kubmetrə kimi artmışdır. Bu isə o demək idi ki, Azərbaycan təkcə neft deyil, həm də yaxın gələcəkdə dünyanın böyük həcmdə qaz ixrac edən əsas ölkələrindən birinə çevrilmək potensialına malikdir.

2017-ci il dekabrın 23-də SOCAR-la BP-nin əməliyyatçısı olduğu Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) arasında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən AÇG yatağındakı işlərin davam etdirilməsi üçün Niyyət Protokolu imzalandı və bununla da “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilə qədər uzadıldı. Yeni müqaviləyə əsasən SOCAR-ın AÇG-dəki iştirak payı 11,65 faizdən 25 faizə qaldırıldı. Həmçinin beynəlxalq tərəfdaş şirkətlər Azərbaycan Dövlət Neft Fonduna 3.6 milyard dollar bonus ödəmək barədə öhdəlik götürdülər.

“Əsrin müqaviləsi” müstəqilliyini yenicə qazanan gənc Azərbaycan dövlətinin ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə dövlətçiliyimizin əbədiliyinə, sabitliyinə, respublikamızın davamlı inkişafına, beynəlxalq əməkdaşlığa, qlobal və regional təhlükəsizliyə verdiyi böyük töhfə və zəmanətdir.

2019-cu il sentyabrın 20-də Heydər Əliyev Mərkəzində “Əsrin müqaviləsi”nin 25 illiyi münasibətilə keçirilən mərasimdə çıxış edən Prezident İlham Əliyev demişdir ki, “Əsrin müqaviləsi”nin faydasından çox danışmaq olar. Bundan sonra da neftin satışından əldə ediləcək gəlirlər, ilk növbədə sosial məsələlərə, infrastruktur layihələrinə, iqtisadiyyatın şaxələndirilməsinə yönəldiləcək ki, Azərbaycanın uzunmüddətli və dayanıqlı inkişafı təmin edilsin.

Bu qlobal layihə Azərbaycanın suveren dövlət kimi öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmini bir daha bütün dünyaya göstərdi, dövlət müstəqilliyimizin mühüm təminatına çevrildi.

Bəybala BƏYBALAYEV,

“Respublika”.